Beynəlxalq kredit reytinqi agentliyi Moody’s-un Analitik Direktoru Ryan Sweet, Federal Açıq Bazar Komitəsinin (FOMC) dünən dərc olunan iclas protokollarını və ABŞ iqtisadiyyatına dair son məlumatları qiymətləndirib.
Sweet, ABŞ Mərkəzi Bankının (Fed) əmək bazarındakı proseslərinə iqtisadiyyatın artım göstəricisindən daha çox əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, məşğulluq artımındakı sabit tendensiya davam edərsə, Fed, faiz artımına iqtisadi artım rəqəmlərində “dalğalar” olsa belə, sentyabrda başlayacaq.
ABŞ Ticarət Nazirliyinin aprelin sonunda açıqladığı ilkin göstəricilərdə ölkə iqtisadiyyatının ilin ilk rübündə 0,2 faizlə gözləntilərdən çox aşağı artdığı bəlli olub. Artım göstəricisi 29 may cümə günü yenilənərək yenidən açıqlanacaq.
Qeyd edək ki, Fedin Faiz artımına başlaması ilə dolların digər valyutalar qarşısında daha da bahalaşacağı gözlənilir.
Iqtisadiyyat sahəsi üzrə mütəxəssis Oqtay Haqverdiyev dolların yenidən bahalanacağından təşvişə düşməməyi tövsiyə edir. Ekspert Azərbaycanın bu prosesə hazır olduğunu söyləyərək 2008-ci ildə də belə bir vəziyyətin yarandığını yada salır:
“Manatın 21 fevral tarixli devalvasiyasından sonra ölkədə vəziyyət dəyişib. Hər halda potensial var ki iqtisadiyyat, maliyyə, bank sistemi çökməsin. Problemlər hər halda yaranıb, lakin onu həll etməyə potensal var. Bu mənada dolların bahalaşmasında qorxulu bir şey görünmür. Mən şəxsən dolların bahalaşacağını gözləmirəm”.
Nigar