1-ci qrup əlil ömürlük şikəst qaldığını söyləyir
“Azadlıq”a müraciət edən 1-ci qrup əlillik dərəcəsi olan Vüsal Qafarov prezident Ilham Əliyevdən tutmuş ölkənin güc strukturları, xarici ölkə səfirliklərinə müraciət edir. Zərərçəkmiş ömürlük şikəst və mənzilsiz qaldığını bildirir. Müraciətdə deyilir:
“Mən Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsi vasitəsiylə Iman Nağıyevin qəbuluna yazılmışdım. Lakin Apelyasiya məhkəməsindən bildirildi ki, guya Ali Məhkəmənin qərarındakı bəzi hallar araşdırılandan sonra məni qəbul edəcəklər. Apelyasiya məhkəməsinə təqdim etdiyim müraciətə Ali Məhkəmənin qərarını əlavə etmişəm. Bunu da ona görə etmişəm ki, hakim Ilham Əsədov iddia tələbindən kənara çıxaraq mənim iddia tələbimi ”əlavə xərclərə" çevirib. Ali Məhkəmə qərarında bu halı göstərib. Ilham Əsədovun qətnaməni qərəzli olaraq yazmasını 2014-cü ildə Iman Nağıyevə dəfələrlə demişəm. Lakin Iman Nağıyev mənim ərizəmi 2011-ci ildəki kimi bir kənara atdı.
Mən onların yaratdığı küçə qanununa əsasən istədiyi hərəkətə münasibət bildirmək istəyirəm. Əslində, Ali Məhkəmə qərarında mənim tələbimi müalicə-müayinə tələbinə çevirməyib. Qərarda göstərdiyi, məhkəmə qərarıyla ödənən 35000 manatın müalicə-müayinə tələbi kimi ödənildiyini də göstərməyib. Hakim G.Quliyev tələbimin əvvəlinə “sağlamlığın pozulması ilə bağlı zərərin əvəzi kimi” sözünü əlavə edib. Lakin hansı zərərin əvəzini göstərməyib. Hakimin 35000 manatı göstərməsi əsas vermir ki, Apelyasiya məhkəməsi bunu nəzərə alsın. Məhkəmədəkilər gözəl bilir ki, 35000 manat müalicə-müayinə xərci kimi ödənib. Lakin hakim Ilham Əsədov 2014-cü ildə mənzil tələbindən şifahi olaraq müalicə-müayinə kimi ödənən 35000 manatı 86000 manatdan çıxaraq 50000 manat həcmində təmin edib. Beləliklə, Apelyasiya məhkəməsi 17 mart 2014-cü il tarixli Səbail rayon məhkəməsinin qətnaməsini, daha sonra qətnamədən verdiyim şikayəti, ona əlavələri araşdırmaq əvəzinə, Ali Məhkəmənin qərarını araşdırır. Fakt budur ki, mən cavabdehin təqsirindən ömürlük şikəst qalmışam. Yaşadığım babama məxsus mənzili səhhətimlə bağlı tərk edərək kirayələrdə yaşayıram. Bunu təsdiq edən sübutları, sənədlərin əslini məhkəmələrə təqdim etmişəm. Mən bilmirəm ki, hakimlər nəyi araşdırır. Çox güman ki, onlar mənzil tələbini müalicə-müayinə tələbinə çevirməyi araşdırırlar ki, mənim müalicə-müayinə tələbi etdiyimi zorla boynuma qoysunlar. Mənə vurulan zərər yüksək təhlükə mənbəyinə sahiblik edən şəxsin üzərinə qoyulur. Mən cavabdehin təqsirindən ömürlük şikəst qalmışam və bu da ömürlük kirayələrdə qalmaq deməkdir. Buna görə cavabdeh mənə vurulan zərəri tam şəkildə ödəməli və məni birotaqlı mənzillə təmin etməlidir. Məhkəmə də bu istiqamətdə qərar qəbul etməlidir. Dövlət başçısı və əlaqədar qurumlardan bu xahişimin nəzərə alınmasını istəyirəm".
Sosial şöbə