elnurastanbeyli@gmail.com
Bu gün hər vicdanlı atanın gözündə bir damla yaş var.
Bu gün hər vicdanlı atanın köksündə parçalanmış bir ürək, hər vicdanlı atanın o parçalanmış ürəyində dərin bir sızıltı, şiddətli bir ağrı var.
Sözlər yaşadığımız ağrını ifadə etməkdə o qədər aciz, o qədər çarəsizdir ki.
Illərdir qondarma, yalançı, saxta ittihamlarla şərlənib dəmir barmaqlıqlar ardına atılan dostlarımız onların yolunu gözləyən, bu dünyadan övlad qübarı ilə köçən atalarına, analarına son borclarını qaytarmaq üçün çıxırdılar həbsxanadan.
Bu dəfə əksinə oldu: Şərin girovluğundakı Tofiq bəy övladını son mənzilə uğurlamaq üçün həbsxanadan evə buraxıldı.
Qoy öz siyasi intiqam duyğularına yenik düşüb, öz sərvət, hakimiyyət ehtiraslarına uyub bir atanı balasının son günlərində onun yanında olmaq, onu son dəfə də olsa öpüb-qoxlamaq, onun əlindən tutmaq, ona ölümə qarşı dirəşmək üçün güc vermək fürsətindən məhrum edənlər utansınlar.
Və qoy indi həm də ölüm utansın – o indi Nərgizin həyat eşqi ilə, mübarizə eşqi ilə alovlanan gözlərinin, döyünən qəlbinin qarşısında necə miskin, necə aciz görünür.
Nərgizin ruhu, onun illərdir başına gəlməyən fəlakət, əzab, məhrumiyyət, məşəqqət qalmayan ailəsinin isə rəşadəti qarşısında baş əyirəm.
Bir də Tofiq bəyin ailəcə mücadiləsini apardığı dəyərlərin qələbəsini arzulayıram.
Yəqin Nərgiz yalnız o zaman daha rahat uyuyacaq məzarında.
Başqa heç nə yazmaq istəmirəm, daha doğrusu, yaza bilmirəm.
Sözün bitdiyi yerdəyik.
Gülə-gülə, Nərgiz…
Səni unutmayacağıq!
(Sonda aylar öncə qələmə aldığım bir şeiri indi buradan Nərgizin ölməz ruhuna ithaf edərək paylaşıram).
Günəşi söndürən biri…
günəşi söndürən biri var, əlbət,
ona darılmalı,
ona küsməli.
gecənin bağrına xəncər saplayıb
günəşə uzanan əli kəsməli…
bir şam yandırmalı qaranlıqlara… –
bir ürək yaxmaqdan çətin deyil ki!
günəşi söndürən biri var əlbət
bu yaxşı iş deyil ona deyin ki…
günəşi söndürən biri var, əlbət,
kimdi? –
tanımayım,
niyə?-
bilməyim…
bu nədi gözlərim yumulur, fəqət
bilməm yuxum gəlir, yoxsa ölməyim…