elnurastanbeyli@gmail.com
Təzəlikcə Aralıq dənizində dəhşətli miqrant faciəsi baş verdi, 20 metrlik qayıq sulara qərq oldu, deyilənə görə, qayıqda gizli yollarla öz ölkələrindən Avropaya pənah gətirən 700-dən artıq insan varmış, onlardan cəmi 28 nəfəri xilas edilib.
Bu, Aralıq dənizində baş verən birinci oxşar faciə deyil, yəqin heç sonuncu da olmayacaq. Hər il minlərlə afrikalı və ərəb ölkələrindəki yoxsulluqdan, aclıqdan, terrordan qurtulmaq üçün qayıqlarla Avropaya doğru yola çıxır, amma onların çoxu “yağışdan çıxıb yağmura düşürlər” – zülmün pəncəsindən xilas olmağın xəyalını qurarkən dəniz sularında balıqlar üçün yemə çevrilirlər.
Siz bu miskin qurbanların timsalında çağdaş, modern, mədəni dünya ölkəsi olmamağın, ədalətlə, hüquqla idarə edilməməyin xalqlara hansı dəhşətli aqibət, hansı acı sonluq yaşatdığını görə bilərsiniz. Onillərdir adamyeyən despotların, hakimiyyət və sərvət şəhvəti ilə alışıb yanan diktatura rejimlərinin caynağında inləyən, insanca yaşamağın bütün şərtlərindən məhrum olan afrikalılar, yaxud dinin, şəriətin arxasında gizlənmiş yobazların, inanc tüccarlarının – şeyxlərin, imamların, kralların, müftilərin əlində oyuncağa çevrilən, son çarəni “kafir ölkələr”in mərhəmətinə sığınmaqda görən ərəblərin yaşadıqları faciələr bu gün demokratik, bəşəri idealların, dəyərlərin əvəzedilməzliyini bütün çılpaqlığı ilə gözlər önünə sərir. Ailə hakimiyyətlərinin, tayfa-klan rejimlərinin xalqları necə dərin bataqlığa, necə qatı qaranlığa sürüklədiyini, hansı vəhşətlərə və dəhşətlərə yol aça bildiyini gözlərimiz önünə sərir.
Bəlkə kimsə indi öz ənənəvi, “milli-mənəvi”, mental təfəkkür(süzlüy)ü ilə oturub düşünəcək ki, “onlara baxanda yenə bizə şükür, bir qarnı ac, bir qarnı tox dolanırıq, heç olmasa, dəniz balıqlarına yem olmuruq”. Amma əsla belə deyil. Yüzlərlə insanın bir qayığa doluşub iş, çörək ümidi ilə üzü Avropaya doğru dənizlərə yelkən açması zülmdən qaçışın ancaq bir yoludur. Sizin ölkənizdə başqa “qaçış yolları” ola bilər, necə ki, var da. Məsələn, intiharlar kimi. Formaca, görünüşcə fərqli ola bilər, amma tutaq ki, özünü Koroğlu körpüsündən atmaqla Aralıq dənizində balıqların yeminə çevrilmək arasında məntiq və mahiyyət etibarilə heç bir fərq yoxdur. Hər iki halda canadoymuşluq var, son çarə axtarışı, illər uzunu çəkilən məşəqqətlərdən, məhrumiyyətlərdən qurtulmaq cəhdi var. Üstəlik, hər iki qaçışı – əzablardan, iztirablardan xilas cəhdini yaradan səbəblər eynidir: zülm. Işsizlik. Yoxsulluq. Aclıq. Səfalət. Və bütün bunları yaradan sərvət, hakimiyyət hərislikləri. Yalan. Talan. Istibdad. Hüquqların ayaq altına atılması, azadlıqların boğulması. Öz xalqını rəiyyət, təbəə, qul, kölə kimi görən Sistemlərin uzunömürlü və amansız hegemoniyası.
Ən əsası isə bütün bunların fonunda bir həqiqət növbəti dəfə təsdiqlənir: hansı formada – özünü Koroğlu körpüsündən ataraq, yoxsa Aralıq dənizi sularına qərq olaraq baş verməsindən asılı olmayaraq, istənilən halda zülm əlindən qaçış xilas vəd etmir. Yeganə xilas öz ölkəni yaşanacaq hala gətirməkdir. Zülmün qarşısında dik durmaq, nə qədər ağrılı, əzablı olsa da, ona qarşı dirəşmək, bir xalq olaraq hürr, azad yaşaya biləcəyin ölkə qurmaqdır.
Bəli, sözdə demək asandır. Bəzən dözümün, səbrin də həddi olur. Ümidlər tükənir bəzən, işıqlı, ləyaqətli gələcəyə dair heç bir inam qalmır, əlin hər yerdən üzülür, öz çarəsizliyini, əlacsızlığını hiss edir və bütün yaşadığın əzablardan, əziyyətlərdən son qurtuluş yoluna, zülmdən-zillətdən qaçışa baş vurursan, fərqi nədir, bu harda, necə baş verir. Hər bir halda faciəvi nəticə alınır. Daha doğrusu, nəticəsizlik.
Bax ona görə qaçışda qurtuluş axtarmaq mənasızdır.
Yeganə xilas – şərtlər nə qədər ağır olursa olsun, ölkəni aydınlığa, hürriyyətə, çağdaşlığa, demokratiyaya, hüququn üstünlüyünə qovuşdurmaq üçün əzm etmək, çalışmaq-çapalamaqdır.
Ən azı, səndən sonra övladların insanca yaşaya bilsinlər, heç olmasa, onlar eyni məhrumiyyəti, məşəqqəti onlar yaşamasınlar.
Nə olsun əkməyiblər yeməmişik, barı biz əkək yesinlər…