«Mc Donald’s»ın Bakı nümayəndəliyinin rəhbəri onun iştirakı olmadan məhkəmənin keçirilməməsini istəyib
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu Ilham Əsgərlinin işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iclası çox qısa çəkib. Buna səbəb isə iş üzrə zərərçəkmiş qismində tanınan “Mc Donald’s”ın Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin məhkəmədə iştirak etməməsi olub.
Xatırladaq ki, icra başçısının 1998-ci il təvəllüdlü oğlu Ilham Əsgərli Maqsud Mirzəyevin övladının ölümünə səbəb olan yol qəzası törətməkdə təqsirləndirilir. Bu iş üzrə onunla yanaşı, Əhliman Süleymanov da mühakimə olunur. Onların hər ikisinin barəsində məhkəmə yekun qərar verənə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hadisə ötən il sentyabrın 29-da baş verib. Ilham Əsgərlinin idarə etdiyi “Mercedes S500" markalı avtomobil Zığ-aeroport yolunda Əhliman Süleymanovun idarə etdiyi yük maşını ilə toqquşub. Həmin vaxt Ilham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində Ilham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə xəstəxanada dünyasını dəyişib.
Dünənki məhkəmə iclasında Maqsud Mirzəyevin vəkili Afət Qazıyeva dünən vəsatət qaldıraraq, zərərçəkmişin iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməməsini istəyib. Məlum olub ki, Maqsud Mirzəyev hazırda ölkədən kənardadır.
Vəkilin vəsatətilə yanaşı, Maqsud Mirzəyev özü də məhkəməyə məktub göndərib. O, prosesin onun iştirakı ilə davam etdirilməsini xahiş edib.
Məhkəmə vəsatəti təmin edib və proses aprelin 20-dək təxirə salınıb.
Aytən