Roma Papası Vatikana xərclənən milyonlara görə «təşəkkür» etdi
Dəfələrlə yazmışıq ki, Azərbaycanın milyardları mənasız layihələrə, dövlət üçün əhəmiyyəti olmayan tədbirlərin reallaşdırılmasına sərf olunur. Bütün bunlarda məqsəd isə Azərbaycan hakimiyyətinin maraqlarını təmin etməkdir. Hansı ölkəyə yatırım edilibsə, hansı ölkədə xeyriyyə tədbirləri keçirilibsə, həmin ölkələr Azərbaycana qarşı adekvat addımlar atmayıb. Məsələn, Azərbaycan hakimiyyəti bütün dövrlərdə Rusiyanın maraqlarından çıxış edib. Rusiyanın maraqlarına görə Qərb dünyası ilə münasibətləri korlayıb.
Hətta Qarabağın işğalını, Xocalı soyqırımını, 20 Yanvar faciəsini də Rusiyaya güzəştə gediblər. Bu qədər Rusiyaya xidmətə baxmayaraq, bir dəfə də olsa Rusiya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı fikir səsləndirməyib. Nəinki Qarabağın geri qaytarılmasında, hətta Kəlbəcərdə əsir götürülmüş 2 vətəndaşımızın azad edilməsində də zəruri addım atmayıb. Yeri gəlmişkən, yapçı deputat Siyavuş Novruzov da etiraf edir ki, Rusiya istəsə, əsir götürülmüş vətəndaşlarımız dərhal azad edilər. Göründüyü kimi, Rusiyaya bütün istiqamətlərdə xidmət göstərilməsinin qarşılığında, qarşı tərəf heç bir mübət addım atmaq istəmir.
Son günlərin ən çox dartışılan məsələsi Roma Papasının qondarma erməni soyqırımını tanıması oldu. O, nitqində ermənilərə qarşı soyqırım törədildiyini bildirib və bu hadisəni pisləyib. Tədbirdə iştirak edən Ermənistan prezidenti Serj Sərkisyan da bu nitqinə görə Papaya təşəkkürünü bildirib. Bəli, Azərbaycan vətəndaşlarını ən qəddar üsullarla qətlə yetirən, türk vətəndaşlarını vəhşicəsinə öldürən ermənilərə haqq qazandırılıb, türklərə qarşı soyqırım unudulub və ermənilərin haqsızlığa uğradığı qabardılıb.
Qeyd edək ki, Azərbaycan hakimiyyəti Vatikana da xeyli yardımlar göstərib. Heydər Əliyev fondu Vatikan Apostol Kitabxanasında bir çox əlyazmaların bərpası və rəqəmsallaşdırılması, Zevsin heykəlinin bərpası, Vatikan muzeyində “sistina” zalında yenidənqurma işlərinin aparılması, müqəddəs katakombaların bərpası, Romada Kapitoli muzeyində “Filosoflar zalı”nın təmiri üçün maddi yardım göstərib.
Ancaq, göründüyü kimi, bu milyonlar da əbəs yerə xərclənib. Yəni bu qədər maliyyə yardımının qarşılığı olaraq, Roma Papası ermənilərə haqq qazandırdı. Əslində, münasibətlərdən istifadə edərək Azərbaycanın təbliğatı aparılmalı, erməni vandalizmi faktlarla göstərilməliydi. Yəni Azərbaycan hakimiyyəti bu münasibətləri xarici siyasətin uğuruna çevirməli, Vatikanda erməni təbliğatını darmadağın etməli idi. Nəticə isə budur ki, ermənilər heç bir vəsait xərcləmədən də öz maraqlarını təmin etdirə bilirlər. Əgər bu qədər pulların xərclənməsi Azərbaycanın maraqlarına xidmət etməyəckdirsə, bu layihələr nəyə lazım idi?
Indi də hökumət təmsilçiləri Roma Papasına ağıl öyrətməyə başlayıblar, təəssüflərini ifadə ediblər. Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, Heydər Əliyev fondu bu xeyriyyə işlərini qarşılıq gözləmədən edib.
Deməli, Azərbyacanın milyardları sadəcə “sağ ol”a görə məhv edilir. Azərbaycan vətəndaşı isə ağır sosial problemlərin girdabında çabalayır. Bu layihələrin Azərbaycana xeyiri dəyməyəcəksə, milyonları ölkə vətəndaşına xərcləmək daha vicdanlı addım olmazdımı?
Azərbaycanın milyonları hesabına Vatikanda abadlıq işləri aparılır və bu abad məkandan ermənilərə tərif yağdırılır. Belə çıxır ki, bu milyonlar ermənilərin uğuru üçün xərclənib. Çünki, abadlaşdırılan məkanlarda ermənilərin müsbət təbliğatı aparılır.
Bu da Vatikan-Azərbaycan dostluğunun səmərəsi. Bu da bəh-bəhlə televiziyalarda işıqlandırılan milyonluq layihələrin siyasi uğuru.
Uzun illər ərzində Azərbaycanın xarici siyasəti məhz bu formada qurulub. Milyardlar dünyaya səpələnib və dövlətin maraqları daha böyük zərbə alıb.
S.Novruz