Vəfa Quluzadə: «Vatikanın bu addımı böyük faciə kimi dəyərləndirilməməlidir»
Roma Papası Fransiskin 1915-si il olaylarını anmaq üçün aprelin 12-də Vatikandakı Müqəddəs Pyotr kilsəsində təşkil edilən mərasimdə “erməni soyqırımı”nı 20-ci əsrin ilk soyqırımı adlandırması Ankara ilə münasibətlərə ciddi zərbə vurub.
Ilk addım kimi, Türkiyə hökuməti Vatikanın Ankaradakı səfiri Antonio Lusibeollonu çağıraraq Papanın bu mövqeyinə mütləq şəkildə cavab veriləcəyini bəyan etdi. Türkiyənin Vatikandakı səfiri Mehmet Paçası isə məsləhətləşmə üçün geri çağırıldı. Məsələyə Türkiyə Xarici Işlər Nazirliyindən də operativ bəyanat gəldi. Sənəddə qeyd olunur ki, Papanın ötən ilin noyabr ayında Türkiyə ziyarəti zamanı səsləndirdiyi fikirlər son soyqırım bəyanatı ilə ziddiyyət təşkil edir. Ankara səfərində Papa Fransisk hər iki ölkənin niyyətini xoş adlandıraraq xalqlar arasında uzlaşmanın əldə edilməsi üçün tərəflərə yardım edilməli olduğunu bildirmişdi. Rəsmi Ankara hesab edir ki, Papa son açıqlaması ilə bu sözündən yayınmış oldu.
Baş verən insidentə Azərbaycan XIN səviyyəsində artıq reaksiya verib. Bəs, növbəti addımlar nədən ibarət ola bilər? Çünki, Azərbaycan beynəlxalq arenadakı mübarizəsində həmişə Türkiyənin dəstəyini hiss edib. Ümumiyyətlə, Vatikanla Ankara arasında yaşananların perspektivi necə görünür?
Politoloq Vəfa Quluzadə bildirdi ki, Türkiyə ilə Vatikan arasında yaşananlar Ankara üçün siyasi baxımdan önəmli olsa da, Türkiyənin beynəlxalq imicinə böyük zərbə endirməyib. Roma Papası səviyyəsində belə bir addımın atıla biləcəyinin gözlənilən olduğunu deyən V.Quluzadə qeyd etdi ki, belə bir pay “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı edilə bilərdi: “Daha da pis olardı ki, Amerika administrasiyası bu qondarma soyqırımı tanısın. Bu soyqırımı nə ABŞ, nə də böyük Avropa ölkələri tanımadılar və bu tanınma olmayacaq da. Amma Roma Papası ermənilərə bir jest etmiş oldu. Bu jest də indiki şəraitdə ermənilərin Qərbə meyillənməsi üçün atılan bir addımdır. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan hazırda çıxılmaz durumdadır. Ermənistan Rusiyanın caynağından azad olmaq isətəsə də, buna nail ola bilmir. Ona görə düşünmürəm ki, Vatikanın adımı böyük faciə kimi dəyərləndirilməlidir. Türkiyə öz mövqeyindədir və bu mövqe olduqca güclüdür”.
V.Quluzadə onu da bildirdi ki, Roma Papasının bu addımı ABŞ və nüfuzlu Qərb ölkələrinə imkan verir ki, Ermənistanın soyqırımının tanıtım istəklərinə “yox” desin. Azərbaycanın yaranmış durumda atacağı addımlara gəlincə, V.Quluzadə söylədi ki, rəsmi Bakı artıq bu istiqamətdə bəyanat verib. Bundan sonra Azərbaycanın edə biləcəyi elə bir şey yoxdur. “Azərbaycanın imkanı varsa, gedib işğaldakı torpaqları azad edər. Amma buna Rusiya faktoru imkan vermir”, deyə V.Quluzadə bildirdi.
Xəyal