Zemfira Nərimanova Ramil Usubova müraciət etdi
Azərbaycanın tanınmış aktrisası Zemfira Nərimanova yol polisinin qeyri-etik davranışından daxili işlər naziri Ramil Usubova müraciət ebib. Bu barədə “Bizim yol” qəzetinə məlumat verən xalq artisti müraciətində ötən ilin sentyabr ayında marşurut sürücüsünün məsuliyyətsizliyi ucbatından avtoqəza keçirdiyini və polisin bu işi araşdırmaq əvəzinə ona səviyyəsiz təklif etdiyini bildirib.
Həmin gün Z.Nərimanova Nəsimi rayon yol polis şöbəsinə gedərək ondan izahat alınmasını tələb etsə də, polis əməkdaşı Azər Qarayev bundan imtina edib. Əvəzinə sentyabrın 27-də inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Protokolda Z.Nərimanovanın yol nişanının tələbini pozduğu, onun avtomobilinin marşrut avtobusu ilə toqquşduğu, hətta zərbənin təsiri nəticəsində avtobusun idarəetməni itirərək qarşıda duran maşınları da vurduğu göstərilir. Nəsimi Rayon Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsi polis şöbəsi tərəfindən protokolun düzgün tərtib olunmadığını sübuta yetirib. Şahidlərin sözündən aydın olur ki, hadisənin günahkarı 288 saylı marşrut sürücüsü Vaqif Həsənovdur. Lakin polis bu məsələnin üzərindən keçib.
Bundan əlavə, polis şöbəsində Z.Nərimanova ondan izahat alınmasını tələb etsə də, yol polisi əməkdaşı Azər Qarayevin əxlaqdan kənar hərəkəti ilə üzləşib. Ramil Usubova ünvanladığı şikayət məktubunda Z.Nərimanova həmin polis əməkdaşının cəzalandırılmasını xahiş edib: “Hadisə yerinə gələn polis əməkdaşları bütün qanuni hərəkətləri edəcəklərinə söz versələr də, sonradan mənim izahatım alınmadı, işə etinasız yanaşıldı. Bu ərəfədə polis əməkdaşı Azər Qarayev mənə ikibaşlı təkliflərlə müraciət edərək, onun barəsində bir kişi kimi nə düşündüyümü soruşdu, əxlaq normalarına uyğun gəlməyən atmacalar atdı. Mən ona polis mundirini ləkələməməyini tövsiyyə etdim. O isə bundan nəticə çıxarmaq əvəzinə yol qəzası barədə sənədləri saxtalaşdırıb, məhkəməyə təqdim etdi. Hörmətli, Ramil müəllim. Bir polis əməkdaşının qərəzli hərəkəti ucbatından artıq 8 aydır ki, mən avtomobilsiz qalmışam, vaxtımı məhkəmələrdə tükətməli olmuşam, mənəvi iztirablara məruz qalmışam. Güman edirəm ki, Siz bir hüquq-mühafizə orqanının rəhbəri kimi təqsirkarlırının cəzalandırılmasına, ədalətin bərpa olunmasına, o cümlədən mənə dəyən zərərin ödənilməsinə öz töhfənizi verəsiniz”.