elnurastanbeyli@gmail.com
Manat qiymətdən düşdükdən sonra nəhayət ki, bizim camaat da terminlə danışmağa başladı. Biz daha çox loru dillə danışmağı sevən toplumuq. Terminləri sevmirik. Bu da folklora aşırı bağlılığımızdan, folklorumuzun həyat və düşüncə tərzinə çevrilməsindən irəli gəlir.
Dəyərli dostumuz Yalçın Islamzadənin dediyi kimi, biz hələ ki, şifahi xalqıq, yazı mərhələsinə keçməmişik. Müqavilə bağlamırıq, söz veririk, and içirik, avans yox, beh veririk. Söyüşün, qarğışın gücünə inanırıq. Yazıdan, kitabdan düşüncəmizi dəyişər deyə qorxuruq, “kitab” deyəndə bir kitabı nəzərdə tuturuq. Atasözlərini xatırladır deyə, aforizmləri çox sevirik, tərbiyəvi məsəllərin gücünə həddən artıq inanırıq, insanları dəyişdirəcəklərinə böyük inam bəsləyirik. Kim çox aforizm, tərbiyəvi məsəllər bilirsə o qədər müdrik sayılır.
Amma “devalvasiya” buzu sındırdı, indi o bir iqtisadi termin olaraq, uşaqdan böyüyə hamının dilində əzbərdir. Üç ay əvvəl kimdən bu sözün anlamını soruşsan, gözlərini döyərdi, çiyinlərini çəkərdi. Ancaq bu gün get burnu fırtıqlı bağça uşağından soruş, sənə devalvasiyanın nə olduğunu anlatsın. Doğrudan da, başına gələn başmaqçı olur. Ümid edək ki, bizim hələ qarşıda çox terminlər öyrənmək imkanımız olacaq. Bir növ, təhsilin öyrətmədiklərini həyat bizə öyrədəcək, başa salacaq.
Devalvasiya milli valyutanın xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. Əslində isə biz Azərbaycan valyutasının dəyərsizləşməsindən çox, Azərbaycan insanının uzun illərdən bəridir dəyərsizləşməsindən – dəyərsizləşdirilməsindən danışmalıyıq. Bizdə manatın devalvasiyasından əvvəl, insanın devalvasiyası baş verib. Amma manat dəyərdən düşəndə bunu özünə dərd eləyənlərin, əndişələnənlərin, narahat olanların çoxu on illərdir eyni prosesin bu ölkədə insanla bağlı baş verməsini heç veclərinə də almırlar.
Azərbaycanda insanın hüquq və azadlıqları yoxdur. Nə seçə, nə seçilə bilir. Düşünmək, sorğulamaq, hesab istəmək ona yasaqdır. Ona təşəbbüskarlıq fürsəti tanınmır. Mütləq kiminsə bığının altından keçməli olduğunu, kiməsə “ləbbeyk” demək gərəkdiyini ona hər addımda xatırladırlar. Onunla kölə kimi, təbəə, rəiyyət kimi davranırlar.
Nə olsun, bizim insanın gözü var, di gəl görmək haqqı yoxdur. Dili var, amma danışa bilməz. Başı var, amma fikirləşmək qadağandır, orada olsa-olsa, ölkənin bütün sərvətlərinə yiyələnmiş bir ovuc qoz sındıra, turp əkə bilər.
Bizim insan öz ölkəsində kirayənişin kimi yaşayır. Istənilən vaxt rejim onun arxasından təpik vurub qova bilər. Bəs necə, əgər o istəyirsə ki, isti yerini soyuq eləməsinlər, qolundan tutub kirayə evdən atılırmış kimi ölkəsindən atılmasın, dərbədər düşməsin, o zaman susacaq. Söyənə dilsiz, döyənə dilsiz olacaq. Sorğulamayacaq. Hesab istəməyəcək. Aykırı düşünməyəcək. “Ağa ağ, qaraya qara” deməyi ağlının ucundan belə keçirməyəcək. Ağa “sür dərəyə” desə, dərəyə sürəcək. Özünün, övladının bir məqama yüksəlməsini, həyatda yer tutmasını, acından ölməməsini istəyirsə, çəpik çalmaq öyrənəcək, əl öpməkdən utanmayacaq.
Bax illərdir ölkədə məhz belə bir siyasət yeridilib, nəticədə isə Azərbaycan insanı hüquqsuz, haqlarından, sərvətlərindən məhrum, üzü yola, başıaşağı varlığa çevrilib. Indi o, gəlişmiş, demokratik, tərəqqipərvər ölkələrin insanlarının yaşamına həsədlə, qibtə ilə baxır. Amma özünə belə bir yaşamaq istəmək, tələb etmək üçün o, çox zəifdir, acizdir. Bunun ona baha başa gələcəyindən qorxur, çəkinir.
Fikirləşir ki, nə olursa olsun, bir qarın çörək tapmaq lazımdır, yerdə qalan hər şey cəhənnəmə!
Baxın ətrafınıza, artıq adamları nə demokratiya, nə torpaqların işğalı maraqlandırır, düşündürür. Onun dərdləri məlumdur: iş, çörək, kredit, nisyə dəftərləri…
Azərbaycan insanını çox ağır devalvasiyaya uğratdılar: o 25 il öncəki meydan xalqından, könüllü silaha sarılıb savaşa atılan, rus tanklarının qarşısına əliyalın çıxan mücadilə xalqından bir qarın çörəkdən başqa heç nəyi düşünməyən, düşünməyə heç imkan və cəsarət də tapmayan camaatacan düşdü.
Siz də oturub manat dərdi çəkirsiniz. Ayıbdı e vallah!