«Pakş» atom elektrik stansiyasını genişləndirmək üçün Rusiyanın Macarıstana 10 milyard avro ayırması Avropada ciddi narazılığa səbəb olub. Avropa liderləri hesab edir ki, yardım siyasi məqsəd daşıyır və bu yolla Kreml Macarıstanı – Avropa Birliyi üzvlərindən birini «satın almış» olur. Macarıstanın ətraf mühit üzrə keçmiş dövlət katibi Zoltan İlles ölkəsi ilə Rusiya arasındakı məlum anlaşmanı kamuflyaj adlandırıb: «Rusiya bununla öz təsirini artırmağa çalışır».
Macarıstan hökuməti isə iradları rədd edərək Rusiya ilə məlum anlaşmanı yüksək qiymətləndirir. Baş nazir Viktor Orban hesab edir ki, tərəflər arasında əldə edilmiş bu razılaşma əsrin ən vacib addımlarındandır.
Maraqlıdır ki, məhz bu anlaşmadan sonra Macarıstanın Rusiya ilə bağlı mövqeyi müsbətə doğru dəyişib. Ölkə rəhbərliyi bəyanat verib ki, Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə öz ayağına güllə atmış olur. Bu ilin fevralında baş nazir Orban Budapeştdə Putinlə görüşdü. Bununla da o, Ukraynadakı məlum olaylar başlayandan Rusiya prezidentini ölkəsinə dəvət edən ilk Avropa lideri oldu.
Gültəkin