“Ərim Ərdoğanı söyür…”
Türkiyədə “Gülən camaatı”ndan olan ər və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfdarı olan arvad bir-birini məhkəməyə verib.
14 ildir evli olan ər-arvad əslində uzun müddət imiş yola getmirmiş. Lakin son zamanlar Gülən-Ərdoğan münasibətlərinin kəskinləşməsi onların evliliyinə son qoyub.
Adları açıqlanmayan ərlə arvadın iki övladı var. Məlumata görə, xanım hazırda dövlət işində işləyir. Tərəflər arasında sonuncu insident – məhkəmə ilə nəticələnən qalmaqal ötən il iyunun 14-də baş verib. Belə ki, Ərdoğanın efirdəki çıxışı evin kişisini qəzəbləndirib. Və o, Ərdoğanı təhqir edib. Dövlət məmuru olan qadın isə buna etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə başlayıb.
Qadın məhkəməyə müraciətində deyib ki, bu etirazından sonra həyat yoldaşı onun ayağına təpiklə vurub. Qadın əri tərəfindən döyüldüyünü iddia edərək boşanmaq istəyir. O, həmçinin şikayətində bildirib ki, əri “Gülən camaatı”na yaxındır, ölkə başçısını təhqir edir, övladlarını da “Gülən camaatı”na tərəf yönləndirir.
Hazırda qadının şikayəti əsasında ərinə qarşı cinayət işi açılıb. Onun həyat yoldaşını döydüyü üçün 4 il 6 ay həbs cəzası alacağı gözlənilir.
Kişi də məhkəməyə müraciət edərək hakim partiyanın tərəfdarı olan xanımından şikayətçi olub. Ər arvadının dövlət işində işlədiyi üçün ona siyasi baxışına görə təzyiq etdiyini deyib. Kişi həmçinin arvadını döymədiyini deyib.
Hazırda tərəflərin şikayətləri əsasında məhkəmə prosesi davam etdirilir. Lakin qadın ərinin həbs olunmasını istəmədiyini, sadəcə olaraq boşanmaq istədiyini də məhkəməyə bildirib. (Virtualaz.org)