Martın 23-də Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçisi, 24 yaşlı Andranik Grigorian-ın könüllü surətdə Azərbaycan tərəfə keçməsi haqda məlumat yayıb.
Məlumatda deyilir ki, Grigorian «mənasız yerə ölməkdən qorxduğu üçün» bu addımı atıb. Onun adından verilən məlumatda daha bir əsgərin Azərbaycan tərəfə keçmək istədiyi, ancaq bunun mümkün olmadığı deyilir.
«Nə qədər erməni hakimiyyəti öz xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də, artıq hamı bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölü, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər. Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə Ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb» – Andranik Grigorian-ın adından yayılan məlumatda bildirilir.
Ermənistan tərəfi əsgərinin qarşı tərəfə keçməsi məlumatını təsdiqləyir.
Son günlər Azərbaycan qarşı tərəfin atəşkəsi intensiv şəkildə pozması haqda gündəlik məlumat yayır. Bayram günlərində ən çox atəşkəsin martın 20-də pozulduğu deyilir – 82 dəfə. (azadliq.org)