Məlahət Babayeva şikayətini Azər Tağıyevə şəxsən təqdim edib
Tanınmış vəkil, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, qondarma ittihamlarla həbsə atılan Intiqam Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsində martın 10-da keçirilən prosesində insident olmuşdu.
“Zərərçəkən” Gülşən Orucova heç bir səbəb olmadan zaldakı jurnalistləri təhqir edib onları “üzdəniraq”, “pula satılmış”, “ermənilərə işləyənlər” adlandırmışdı. Bundan sonra onun nümayəndəsi, Vəkillər Kollegiyasının üzvü Nemət Heydərov zaldakılara müraciətlə “burda kişi yoxdur”, “anasını, bacısını tanımayanlar” və burda yazılması mümkün olmayan başqa söyüşlər söymüşdü.
Prosesdə iştirak edən ictimaiyyət nümayəndəsi, ziyalı xanım Məlahət Babayeva bütün baş verənlərlə bağlı Vəkillər Kollegiyasının sədri Azər Tağıyevə və Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə müraciət ünvanlayıb. Baş verənlərlə bağlı tədbir görülməsini həmin şəxslərdən xahiş edən Məlahət xanım yazır: “Tərbiyəli insana yaraşmayan jarqon və terminlərlə ayrı-ayrı şəxslərə və zala qışqıraraq təhqirlər yağdıran, diplomatik korpusun nümayəndələri, ziyalılar, qadınlar əyləşən mühitdə insan haqlarını qorumalı olan hüquqşünas vəkilin belə leksikonu nəinki onun özünə, üzvü olduğu Vəkillər Kollegiyasına ləkədir. Bir xanım, ziyalı, vətəndaş olaraq, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, vəkillik sənətinin peşə etikası və elementar tərbiyə, mədəniyyət prinsiplərini pozan Nemət Heydərov haqda ciddi tədbir görməyinizi rica edirəm”.
M.Babayeva martın 16-da bu müraciəti Vəkillər Kollegiyasının sədri Azxər Tağıyevə şəxsən təqdim edib.