elnurastanbeyli@gmail.com
“Gülər parlamenti”nin yaptokrat deputatı Hadı Rəcəblinin müəllimlərə öyüd-nəsihəti haqqında bilirsiniz. Bilməyənlər elə bilməsə yaxşıdır. Heç əziyyət çəkib bu yazını da oxumasınlar. Öz dərd-qəmsiz, şən həyatlarına, ölkənin taleyi, bu günü və gələcəyi ilə bağlı laqeydcəsinə yaşamağa davam etsinlər.
Bəli, indi xeyli adam Hadı müəllimi asıb-kəsir ki, bəs o niyə “müəllim 150-200 manata dolana bilmirsə, dərsdən sonra fəhləlik eləsin” deyib. Halbuki, bu təklifinə görə yaptokrat deputata yekə bir təşəkkür düşür. O əslində, böyük lütfkarlıq edib, gərək “müəllim fəhləlik eləsin, boş vaxtlarında da dərs keçsin” deyəydi.
Ölkədə təhsil faktiki olaraq yox edilib, rejim Azərbaycanı sürətlə kütləvi savadsızlığa, total cəhalətə sürükləyir, məktəb artıq bilik məbədi-zad deyil, o “şəxsiyyətə pərəstiş”i təbliğ etməklə, uşaqlara rüşvəti dadızdırmaqla məşğuldur, müəllim sözü isə seçki saxtakarlığı, topa-topa bülleten, “karusel”-marusellə assosiasiya olunur. Bunlar çoxluğun heç tükünü də tərpətmir, qılını dı qıpırdatmır, amma “müəllim dolana bilmirsə, dərsdən sonra fəhləlik eləsin” demək təhqir kimi qəbul olunur.
Xanımlar və bəylər! Qardaşlar və bacılar! Səbəb nəticəni doğurur. Hadı Rəcəblinin müəllimlər haqqında dedikləri də əsla səbəb deyil, nəticədir. Öncə səbəbə baxmaq lazımdır. Əliyevlər rejimi Azərbaycanda müəllim adını hörmətdən saldı, dəyərsizləşdirdi. Vaxt var idi, müəllim ən hörmətli peşələrdən biri sayılırdı. Müəllim sözünün çəkisi, qiyməti var idi. Müəllimə xüsusi münasibət var idi. Niyə? Çünki müəllimin balağından topa bülleten çıxarıb seçki qutusuna dolduracağını heç təsəvvür etmək belə mümkün deyildi. Müəllim şagirdin əlinə baxmazdı. Müəllim fondpulu, süpürgəpulu yığmaqla məşğul olmazdı. Heç kim demir ki, bütün müəllimlər işıq saçırdılar, süddən çıxmış ağ qaşıq idilər. Yox, əlbəttə yox. Amma ümumi mənzərə müəllim adına, müəllim statusuna bir hörmət, rəğbət, hətta əlçatmazlıq mifi yaratmışdı. “Görəsən, müəllim çörək yeyir?!” – keçmiş illərdə çox geniş yayılan bu sual indi bəlkə də gülməli görünür, amma bir zamanlar müəllim adının, müəllim statusunun nə qədər müqəddəs sayıldığından, az qala əfsanələşdiyindən xəbər verir.
Hazırda isə müəllim adı, müəllim statusu tamamilə gözdən düşüb. Bu, rejimin ən böyük, ən dəhşətli cinayətlərindən biridir. Sistem müəllim adını seçki saxtakarlığı, rüşvət kimi iyrəncliklərlə qoşalaşdırdı. Müəllimi öz qanunsuzluqlarının, haqsızlıqlarının ortağına çevirdi.
Bax, ona görə də indi ya Hadı Rəcəblinin olsun, ya da başqa birinin, fərqi yoxdur, müəllim haqqında istədiyi cür danışmasında gözlənilməz, təəccüblü nəsə axtarmağa dəyməz. “Müəllim 150-200 manata dolana bilmirsə, dərsdən sonra fəhləlik eləsin” demək illər boyu düşünülmüş, ölçülüb-biçilmiş şəkildə müəllim adını, müəllim statusunu dəyərsizləşdirməyin, gözdən salmağın yanında toya getməlidir.
Siz hansısa müəllimdən yaptokrat deputatın sözlərinə aşkar və sərt reaksiya gördünüzmü, eşitdinizmi? Hansısa müəllim onun saxta mandatını, sahib olduğu restoranları onun üzünə vurdumu, üzrxahlıq tələb etdimi? Şəxsən mən nə gördüm, nə eşitdim. Heç belə bir gözləntim də yoxdur. Bugünkü Azərbaycan müəllimi bir zamanlar kənd-kənd, şəhər-şəhər düşüb ən ağır şərtlər altında, fədakarcasına millət övladlarını aydınlatmaq, onları cəhalət caynağından qoparmaq istəyən, qaranlığa, şərə üsyan bayrağı açan Ömər Faiq Nemanzadə, Məhəmməd Hadi deyil. O da çoxluq kimi istibdadın əsirinə, qaranlığın girovuna çevrilib. Üstəlik, bu halından məmnundur. Cəsarət onun ruhuna yaddır. Əlbəttə, istisnalar var, amma bu qaydanı, ümumi mənzərəni dəyişmir.
Belə olan halda, siz hansısa yaptokrat deputatdan müəllimə qarşı başqa hansı münasibət gözləyirsiniz, ya da gözləyə bilərsiniz? Elə həmin deputatın seçki şousunda Allah bilir, nə qədər müəllim seçki qutusuna saxta bülleten doldurub.
Yaxşı indi özünüz düşünün: nəticə başqa necə ola bilərdi ki?!