Qəzetlər qiymət artımına getmək məcburiyyətindədirlər
Manatın devalvasiyasından sonra bütün sahələrdə qiymət artımı müşahidə olunur. Baxmayaraq ki, ölkə başçısı Ilham Əliyev açıq şəkildə bəyan etdi ki, bahalaşma olmayacaq və qiymətləri artıran şəxslər cəzalandırılacaq. Lakin proseslər göstərdi ki, ölkə başçısının hədə-qorxusu da nəticə vermir.
Manatın devalvasiyası media sahəsinə də öz təsiri göstərməkdədir. Xüususilə sap mediası çətin vəziyyətdədir. Çünki artıq mətbəələrdə çap xərci və kağızın qiyməti bahalaşıb. Məsələn, “Azərbaycan” Nəşriyyatı 2015-ci il martın 1-dən çap xərclərinin 20 faiz artıralacağı barədə media qurumlarına xəbərdarlıq edib. Nəşriyyat bunun səbəbini ölkəyə gətirilən bütün növ poliqrafiya materiallarının qiymətlərində kəskin artımın olması ilə izah edir. Mətbəələrin çap xərcini artırması qəzetlər üçün ciddi problem deməkdir. Nəzərə almaq lazımdır ki, son dövrlərdə qəzetlərin yayımı kəskin şəkildə məhdudlaşdırılıb. Istər metro stansiyalarında, istər əl yayımında qəzet satışı əvvəlki kimi deyil. Bundan başqa xüsusilə müstəqil qəzetlərin yayımına ciddi maneələr var. Müstəqil qəzetlərə reklam verilişinin də qarşısı alınıb. Hökumətin yaratdığı bu problemlər azmış kimi üstəlik də çap xərcinin artırılması müstəqil qəzetlərin vəziyyətini daha da gərginləşdirəcək.
“Azadlıq” qəzetinin baş redaktourunun birinci müavini Rahim Hacıyev vəziyyətdən minimum itkilə çıxış yolunu qəzetinin qiymətinin artırılmasında görür: “Hamıya bəllidir ki, son illər ərzində qəzet yayımına yaradılan ciddi problemlər, reklamın ümumiyyətlə olmaması vəziyyətimiz son dərəcə ağırlaşdırıb. Manatın devalvasiyasının nəticəsi kimi meydana çıxan qiymət artımı vəziyyətin daha da pisləşməsinə gətirib çıxacaq. Mövcud vəziyyət fəaliyyətimizi davam etdirmək üçün çox effektiv də olmasa müəyyən variantları nəzərdən keçirməyi tələb edir. Onlardan biri də qəzetin qiymətinin artırılmasıdır. Biz bunu çıxış yolu kimi qiymətləndirməsək də, yaranmış vəziyyətdə mümkün variant hesab edirik”.