Oruc Orucov ölkə başçısı Ilham Əliyevə müraciətində ilginc faktlar açıqlayıb
Bakı şəhəri Səbail rayonu Aqil Quliyev küçəsi ev 15, mənzil 56 da yaşayan Oruc Orucov ölkə başçısı Ilham Əliyevə müraciət edib. Oruc Orucov müraciətin bir surətini də “Azadlıq”ın redaksiyasına göndərib.
O, prokurorluqdan və polisdən şikayətçidir. Oruc Orucov bildirir ki, 2006-2008-ci illərdə 3 qadın (Oruc Orucov müraciətində onların adını da qeyd edib. Lakin etik səbəblərdən adlarını tirajlamırıq) onlara qonşuluğuna köçüb. Şikayətçinin sözlərinə görə, həmin qadınlar evi əzlaqsızlıq yuvasına çevirib: “Mən onların əxlaqa zidd əməlləri barədə hüquq-mühafizə orqanlarına, konkret olaraq DIN-in 102 xidmətinə müraciət etdim. Səbail Rayon Polis Idarəsinin 8-ci polis bölməsinin əməliyyatçıları dəfələrlə əxlaqsızlıq məqsədilə qonşuluğumuzdakı evə gələnləri bölməyə aparsalar da, heç bir tədbir görmədilər”.
Oruc Orucov deyir ki, şikayətlərindən sonra qonşuları tərəfindən təhdidlərə məruz qalıb. Onlardan birinin əri özünü MTN əməkdaşı kimi təqdim edib və Oruc Orucovu həbs etdirəcəyi ilə hədələyib: “Həmin Ilqar adlı şəxs bizi narahat etməyə başlayanda mən bu barədə MTN-nin Səbail Rayon Şöbəsinə məlumat verdim. Onların əxlaqsız əməllərini ifşa etdiyim üçün məndən qisas almağa başladılar. Həmin qadınlar polis və prokurorluqda olan himayədarları vasitəsilə mənə və ailəmə böhtanlar atmaqla məni polis, prokurorluq və məhkəmələrdə süründürürlər. Səbail polisi və Səbail prokurorluğunun əxlaqsız yuvasını himayə etməsi barədə uzun müddətdir şikayətçiyəm. Ona görə də polislər və Səbail prokurorunun müavini Natiq Əsədov həmin qadınların sifarişilə ailəmi dağıtmağa çalışırlar”.
Oruc Orucov deyir ki, baş verənlər barədə daxili işlər naziri Ramil Usubova, Baş Prokurorluğa, Bakı Şəhər Prokurorluğuna və MTN-ə müraciət edib: “Cənab Ramil Usubovun tapşırığı ilə 2014-cü ilin aprel ayında məni DIN-nin Daxili Təhqiqat Idarəsinin rəisi general Rasim Musayev və Bakı Şəhər Baş Polis Idarəsinin o vaxtkı rəisi general Rafiq Abbasov, DIN-n Ictimai Təhlükəsizlik Baş Idarəsinin rəisi general Cavanşir Məmmədov və digərləri qəbul etdi. Onlar mənim və ailəmin təhlükəsizliyini qorunmasını Səbail Rayon Polis Idarəsinə və 8-ci bölmənin rəhbərlərinə tapşırdılar. Lakin, nədənsə bir ay sonra həmin qadınlar vasitəsi ilə şikayətçi olduğum polislər və prokuror Natiq Əsədov tərəfindən şərlənərək barəmdə cinayət başladılar. Bu dəfə həyat yoldaşım da şərə məruz qaldı”.
Oruc Orucov ölkə başçısı Ilham Əliyevdən xahiş edir ki, onun müraciətini diqqətə alaraq özünün və ailəsinin təhlükəsizliyini təmin olunması barədə göstəriş versin.
Onu da qeyd edək ki, Oruc Orucovun dedikləri ilə bağlı prokurorluq və DIN-in mövqeyini öyrənmək mümkün olmayıb.