Milli valyutanın devalvasiyası hər bir Azərbaycan ailəsinə ziyan vurur
Taksi xidməti bir müddətdən sonra bahalaşa bilər
Gözlənildiyi kimi manatın devalvasiyası tədricən iqtisadiyyatın bütün sektorlarını əhatə etməkdədir. Artıq avtomobil servislərində bahalaşma müşahidə olunur. Manatın ucuzlaşması avtomobillərin qiymətləri ilə yanaşı, onların ehtiyat hissələrinin və təmir xərclərinin artmasına da təsir göstərib. Bəzi rəsmi avtomobil dilerləri artıq avtomobilləri yeni qiymətlərlə təmir edirlər. Bəziləri isə hələlik gözləmə mövqeyindədirlər. Bu barədə ötən sayımızda məlumat vermişdik.
Sığorta şirkətlərindən bildirilib ki, avtomobillərin ehtiyat hissələri 25-50% arasında,ÿtəmirlə bağlı usta xərcləri isə 20-50% arasında bahalaşıb. KIA avtomobillərinin ehtiyat hissələri 25% bahalaşsa da, təmir xərcləri dəyişməyib. “Volsvagen”, “Audi” və “Seat” avtomobillərinin ehtiyat hissələri 30%, “Hyundai”ların ehtiyat hissələriÿ40%, təmir xərcləri isə 20%ÿqalxıb. Ən böyük bahalaşma isə “Toyota” avtomobillərində müşahidə olunur. ÿBelə ki, bu “Toyota”, “Lexus” və “BYD” avtomobillərinin həm ehtiyat hissələri, həm də təmir xərcləri 50% bahalaşıb. “Nissan”, “Infiniti”, “Changan”, “Mazda”, “Mitsubishi” avtomobillərinin təmir xərcləri isə hələlik dəyişməyib.
Eyni zamanda avtomobil sığortası ilə məşğul olan şirkətlər də həyəcan təbili çalır. Çünki mart ayından onların zərərliliyi artacaq. Çünki həm təmir xərclərinin, həm də ehtiyat hissələrinin bahalaşması sığorta şirkətlərinin müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsini çətinləşdirəcək.
Digər tərəfdən, ehtiyat hissələrinin və təmir xərcinin artması taksi xidmətinə təsirsiz ötüşməyəcək. Çünki avtomobillərin texniki xidmətinin dəyərinin artması bu sahədəki ödənişlərə sirayət etməlidir.
Iqtisadçı Samir Əliyev bildirdi ki, Azərbaycanda avtomobil sənayesi birmənalı olaraq idxal olunur. Yəni avtomobil və onun ehtiyat hissələri idxaldan asılıdır. Və avtomobil anbarlara yığıla biləcək məhsul da deyil ki, bunun ehtiyatını yaradasan: “Avtomobillərin həcmi böyük olduğundan onların idxalı qısa müddətli və mütəmadi xarakter daşıyır. Avtomobillərin pulu da mal ölkəyə gəldikdən sonra ödənilir. Mal dollarla gəlir və manata satılır. Devalvasiyadan sonra isə avtomobilin qiyməti sizdən asılı olmayan səbəblərdən otuz dörd faiz artır. Ona görə avtomobillərin qiymətinin qalxması labüddür. Digər tərəfdən, aksiz vergilərinin artması da qiymətlərə təsir edir”.
Ərzaqla müqayisədə avtomobillərin və onların ehtiyat hissələrinin birmənalı şəkildə idxaldan asılı olduğunu deyən S.Əliyev qeyd etdi ki, taksi xidmətinin bahalaşacağına gəlincə isə, bu, bir müddətdən sonra baş verə bilər: “Şəxsi nəqliyyata birbaşa təsir göstərən gündəlik istifadə edilən yanacaqdır. Yəni ehtiyat hisslərinin qiymətinin qalxması bazara birbaşa deyil, dolayı təsir edir. Bu təsir uzunmüddətlidir. Çünki avtomobillər təmirə hər gün deyil, bir neçə aydan bir müraciət edir. Təzə maşınlar, ümumiyyətlə, iki-üç ildən, köhnə maşınlar isə üç-dörd aydan bir təmirə ehtiyac duyur. Ona görə biz taksi xidmətindəki qiymət artımını bir müddət sonra hiss edəcəyik”.
Xəyal