Ona atılan güllə əynindəki Xorasan kürkünü silkələyib yerə düşür…
Ağsu şəhər 3 saylı orta məktəbində tarix fənnini tədris edən Sevda Quliyeva “Azadlıq”a məktubla müraciət edib. Sevda xanım məktubunda yada salır ki, “Xəzər” telekanalında “Səyyah” verilişinin bir neçə il əvvəl efirə getmiş buraxılışında Məşədi Ibrahimin Qazax şəhərindəki seminariya üçün öz mülkünü bağışlamasından bəhs olunurdu. Bu yaxınlarda televiziya ekranlarında yenə həmin mülkü Məşədi Ibrahimin verdiyini deyiblər.
“Lakin həmin şəxs Məşədi deyil, Hacı Ibrahim – mənim ulu babamdır. Bir neçə dəfə Həcc ziyarətinə gedən ”Hacılar hacısı" adlanan Hacı Ibrahim ağa həm də Qazax məscidini tikdirən şəxsdir. “Dəli Kür” filmində göstərilən gimnaziya binası onun yoxsullar üçün tikdirdiyi karvansaraydır. Hacı rastlaşdığı yoxsul və evsiz insanları burada yerləşdirərmiş. Hər cümə günü həyətdə qazan asdırıb plov bişirtdirər, hər evə bir məcməyi göndərərmiş. Novruz bayramlarında o, nökərlərin evlərinə gedib aşdan yeyər, sonra isə gizlincə bir qızıl onluq verib aradan çıxardı. Bakıdan Qazaxa aclıq çəkən insanlara göndərilən ərzağı bölmək üçün Hacı Zeynalabdin Tağıyev xeyriyyəçi insan kimi yaxından tanıdığı və xətrini istədiyi Hacı Ibrahimin sərəncamına verilməsini tapşırır. Bundan inciyən bəzi ağa və bəylər pulla adam tutub onu öldürmək istəyirlər. Həmin adam arxadan Hacıya güllə atır. Hacı geri dönüb məsələni başa düşür, əynindəki Xorasan kürkünü silkələyir, güllə yerə düşür. Güllənin Hacıya batmadığını görən adam qorxu içində qaçaraq gördüyünü ağalarına danışır. Tutduğu əməldən peşman olan bu şəxslər səhər dükana gəlib Hacının əlindən öpüb üzr istəyirlər. Bolşeviklərin varlıları sorğu-sualsız güllələdiyi günlərdə Hacının da qapısına gəlirlər. Ancaq həyətdəki nökərlər və kənar adamlar Hacının qarşısına keçib onu aparmağa qoymur və deyirlər ki, yoxsulların xeyirxahı olan Hacını aparmağa qoymarıq.
Hacı Ibrahim ağanın övladları, nəvələri, bütün nəsli savadlı, ziyalıdırlar. Hacı Ibrahim ağanın və övladlarının həyatında qəribə və maraqlı hadisələr çoxdur. Bunları mənə Tükəzban nənəm danışıb. Məsələn, bolşeviklər gələndə Məşədi Abbas təklif edir ki, buradan getmək lazımdır, çünki bizi o günə salacaqlar ki, süfrəmiz qəzetdən olacaq. Elə də olur. Məşədi Ələkbər xeyli qızıl və bütün mülklərini könüllü təhvil verir. Bu hərəkətinə qarşı çıxan bəylərə və Israfil ağaya deyir ki, atam vəsiyyət etdi ki, bu var-dövləti istəyəcəklər, verərsən. Axırda bütün ağaları güllələyib, amma Məşədi Ələkbəri ailəsilə birgə Qazaxıstana sürgün etdilər. Atam Rəsul da sinfi mənsubiyyətinə görə təzyiq və təqiblərə davam gətirməyib anası və ailəsilə Ağsu rayonuna köçür. Tükəzban nənəm keçmiş günlərdən danışmağı sevərdi. Məsələn, Məşədi Fatma ilə anasının necə hökmlü olmasına rəğmən Hacı ilə oğlanlarının çox mülayim və xeyirxah olmasından danışardı. Məşədi Fatma nənəmin 5 yaşınadək ayaqları şil olub. Qardaşı Ələkbər onu Məşhədə imam Rzanın ziyarətinə aparır. Ziyarətdən sonra “Fatma, mən gedirəm, sən də ağadan ayaq istə, gəl” – deyəndə uşaq əllərilə sənduqədən tutub qalxır və 2 addım atır.
Hacı Ibrahim ağanı Qazaxda xatırlayanlar çoxdur. O, Qazax qəbiristanlığında bir ağacın altında dəfn olunub. Lakin özü sağ ikən oğlu Məşədi Ələkbərə vəsiyyət edib ki, mən öləndən sonra mənim məzarımın üzərinə daş qoymayın. Çünki mən Hacıyam, qəbrim itməlidir".
Sosial şöbə