Büdcə təşkilatlarında işləyənlərin kürkünə yaman birə düşüb. Neftin düşməsi səbəbindən büdcədə yaranmış kəsirlər özünü göstərir. Vurçatlasın ixtisarlar gedir, məvaciblər gecikdirilir. Hətta nazirliklərin böyük əksəriyyətində “paket maaş”, “13-cü əməkhaqqı” ləğv edilib. Bir yandan da qurumların birləşdirilməsi yaxın günlərdə işsizlik ordusunun yarana biləcəyindən xəbər verir.
Hər şey bir yana, qara gəlirdən maliyyələşən KİV-lərdə də vəziyyət qəlizləşib.Neftin qiymətinin düşməsinə baxmayaraq, SOCAR-ın xətti ilə maliyyələşən KİV-lərdə vəziyyət hələ normaldı. Ən azı məvaciblərini vaxtlı-vaxtında alırlar.
Kəmaləddin müəllimin xətti ilə “şirələndiyi” deyilən media orqanlarında isə vəziyyət qəlizləşib. Hətta elə qəzetlər var ki, dekabrın maaşını dünən-sırağagün alıb.Bu durumdan narahat olan baş redaktorlar da deyib ki, bəs ixtisarlar aparmaq məcburiyyətindəyik.
Kluarlarda gedən söz-söhbətə görə, səbəb gömrükdən gələn gəlirin azalmasıdır. Ölkədəki süni qiymət artımının bilavasitə səbəbkarı kimi göstərilən gömrüyün əvvəlki kimi “gəlir” gətirməməsi mediaya da öz təsirini göstərib.
Elə bu yazını hazırlayanda oxudum ki, artıq bir neçə sayt bağlanıb. Düzdür, Aynur Camalqızı bu saytların maliyyə ucbatından bağlanmadığını və işçilərin ixtisara salınmadığını deyir. Amma bilir ki, buna kimsə inanmır. Maraqlıdır, onda niyə eyni mənbədən maliyyələşdirildiyi deyilən iki fərqli qurum eyni anda eyni qərarı verir? Ola bilsin ki, ajiotaj yaranmasın deyə həmin işçilər digər layihələrdə çalışsın və zamanla sıradan çıxarılsın.
Bu məsələdə “APA holdinq” səmimi davrandı, heç olmasa dedi ki, biznes baxımından rentabelli deyillər.
Bu yöndə digər maraqlı xəbər də ondan ibarətdir ki, artıq jurnalistlər bundan sonra aldıqları məvacibdən vergi ödəyəcəklər. Yəni, dünənə qədər özləri idarə etdikləri büdcəni aldadıb,verdikləri 500 manatın yerinə 200 manata qol çəkdirirdilərsə, artıq jurnalistlər elə 500 manata imza atıb, vergisini də ödəyəcəklər. Çox gözəl, sevindirici haldır, onsuz da oğurlanan da büdcədən idi, heç olmasa geriyə müəyyən qismi qayıtsın ki, xalqımız da çox narahatlıq keçirməsin.
Açığı, həmkarlarımın indiki məqamda pulla sınağa çəkilməsini qətiyyən istəmərəm. Bu durum məni heç sevindirmir. Onların arasında xeyli dostum da var.
Amma insaf da dinin yarısıdı, bu qədər mənasız, təlabatsız media orqanı kimin nəyinə lazımdı? Məsələn, “Palitra”, “Paritet”, “Xalq Cəbhəsi”, “Bakı xəbər”, “Kaspi”, “Mövqe” və s. Qəzetlər bir-birindən fərqli nədən yazır ki, onlara da bu qədər pul ayrılır? Axı bir ansamblda 4-5 tarçalan kimin nəyinə lazımdı? Üstəlik, qəzet dövrünün bitmək üzrə olduğu bir dönəmdə. Lap elə sayt şəklində olsa belə, bir-birini təkrarlayan, peşəkarlıqdan tamamən uzaq bu media qurumlarının əhəmiyyəti nədir ki, ona bu qədər pul ayrılsın?
Aydın görünür ki, bu qəzetlər KİVDF-dən pul almaq üçündü. Vergi hesabına formalaşan büdcəmiz belə mənasız xərcləmələr hesabına boşalır. Halbuki bu qədər media orqanının topu bir bağlanan kulis.az qədər əhəmiyyətli deyil. Sadəcə pulverən mənbələr fərqli olduğundan bu kimi amillər nəzərə alınmır.
Onsuz da zamanla bütün bu qəzetlər, mənasız saytlar sıradan çıxacaq. Çünki ölkədə nə söyüləcək ictimai sektor, nə vurulacaq tənqidi media qalıb. Bir sözlə, göbələk kimi gündə bir qəzet, sayt yaradan məmurlar təkcə müstəqil medianı dağıtmadı, qoyduğu minalarda özlərini də partlatdı…