İlham Hüseynli: «Yaxın vaxtlarda ciddi bahalaşma müşahidə olunacaq»
Dünya bazarında neftin qiymətində ciddi şəkildə ucuzlaşmadan sonra iqtisadiyyatı neftdən asılı ölkələr ağır duruma düşdülər. Bir tərəfdən neftin ucuzlaşması, digər tərəfdən də Ukraynaya müdaxiləyə görə Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanı lap çıxılmaz vəziyyətə saldı.
Eyni zamanda, iqtisadiyyatının müəyyən hissəsi Rusiyadan asılı olan post-sovet ölkələrində də milli valyutanın ucuzlaşmasına start verildi.ÿUkrayna, Moldova, Azərbaycan, Gürcüstan, Belarus kimi ölkələrdə milli valyutanın kəskin şəkildə dəyərini itirməsinin müxtəlif səbəbləri olsa da, bununla belə, onlara xas ümumi problem olaraq, Rusiyadakı iqtisadi böhran və bu ölkənin aqressiv siyasəti göstərilir.
Iqtisadiyyatı neft-qaz üzərində qurulan Rusiya rublun düşməsi nəticəsində ilk növbədə qeyri-ərzaq sektorunda qiymət artımına şahidlik etdi. Nəzərə alsaq ki, Azərbaycan da monopoliyanın ağuşunda, neft pullarına möhtac olan ölkələrdən hesab olunur, deməli, ölkəmizdə də qiymət artımı tendensiyasının əsasən hansı sahədə və nə qədər olacağı maraq doğurur.
Bir neçə ildir ki, milli valyutası olan manatı ABŞ dollarına bağlayan Azərbaycan günün birində dünya bazarında neftin qiyməti ucuzlaşacağı təqdirdə hansı alternativ addımların atılacağını əvvəlcədən planlaşdırmadığından, bu gün manatın kəskin devalvasiyasının şahidi olduq.ÿManatın bir gecənin içindəÿdəyərini dollara nisbətdə 34 faiz itirməsinin hansı fəsadlar doğuracağı təbii ki, bəllidir. Baxmayaraq ki, hökumət rəsmiləri ölkədə istehsal olunan məhsullarda qiymət artımının müşahidə olunmayacağını iddia edirdi, amma əhali artıq qeyri-ərzaq sektorunda 34 faizlik artımın şahididir. Nəzərə alsaq ki, qeyri-ərzaq sektoruna daxil olan mallar əsasən xaricdən idxal olunur, deməli,ÿistər avtomobil, istərsə də hər növ texnika mallarında ciddi qiymət artımı müşahidə olunacaq. Ekspertlərin fikrincə də yaxın günlərdə qeyri-ərzaq sektorunda ciddi bahalaşmanın şahidi olacağıq.
Iqtisadçı ekspert Ilham Hüseynli deyir ki, əsasən avtomobil bazarında və elektrotexnika avadanlıqlarında minimum 34 faizlik qiymət artımını müşahidə edəcəyik: “Hökumətin bu addımı əhalinin maddi durumna ciddi zərbə vuracaq. Bu addım nəticəsində yaxın müddətdə ciddi bahalaşma müşahidə olunacaq. Nəzərə alsaq ki, manatın dollara nisbətdə aşağı düşməsilə yanaşı, ölkəyə gətirilən malların üzərinə digər xidmət haqları da gələcək, deməli, söhbət ən azı 34 faizlik bahalaşmadan gedir. Mənzil bazarına gəlincə, düşünürəm ki, bu sahə tamamilə dolların manata nisbətdə bahalaşma tendensiyasından asılı olacaq. Bu sahədə də qiymət artımının olacağını istisna etmirəm, baxmayaraq ki, alıcılıq qabiliyyəti aşağı düşəcək. Mənzilin maya dəyərində qiymət artımı müşahidə olunduğundan, burada yeni tətbiq olunan mənzil vergisi də nəzərdə tutulduğundan, hesab edirəm ki, həm mənzil satışı, həm kirayə haqqında qiymət artımı baş verəcək”.
Emil Səlimov