Məmur nəzarətində olan iri topdansatış mərkəzləri sobatajla məşğul olur
Avtoritar rejimlərdə komandanı mənəvi dəyərlər deyil, vəzifə hərisliyi, sərvət toplamaq ehtirası birləşdirir. Ona görə də bütün avtoritar rejimlərin biabırçı sonluğu olur. Çünki, belə rejimlərdə komanda monalit olmur, hakimiyyət daxili çəkişmələr güclənir və açıq şəkildə qruplar arasında pul savaşı gedir.
Son günlər Azərbaycanda da eyni hal müşahidə olunmaqdadır. Heç kimə sirr deyil ki, Azərbaycanın iqtisadiyyatı, daha dəqiq ifadə etsək, dövlətin taleyi neftin çiyninə yüklənib. Ona görə də neftin qiymətdən düşməsi ölkəyə öz mənfi təsirini göstərməyə başladı. Nəticədə, uzun illər milyardlar hesabına süni şəkildə saxlanılan manat dəyərsizləşməyə başladı. Hakimiyyətin inkişaf nağılları sona çatdı. Və nəticədə, yuxarıda qeyd etdiyimiz kimi, hakimiyyətin monolit olmadığı üzə çıxdı.
Belə ki, dövlət rəsmiləri qiymətlərin qalxmayacağını bəyan etsə də, sahibkarlara barmaq silkələnsə də, nəticə effektsiz oldu. Manatın qiymətdən düşdüyü ilk gündə iri ticarət mərkəzlərində uniformalı vergi işçiləri peyda oldu. Kütləvi cərimələr həyata keçirildi, vergilər artırıldı. Nəticədə qiymətlər qalxmağa başladı. Daxil olan məlumatlarda da bildirilir ki, mağazalara məhsul buraxılmır, topdansatış obyektləri satışı dayandırır.
Azərbaycanda hansı sahənin kimin nəzarətində olması, hansı ticarət mərkəzinin kimə məxsusluğu sirr deyil. Yəni iri ticarət mərkəzlərindən tutmuş, topdansatış anbarlarına qədər oliqarxların nəzarətindədir. Amma görünən budur ki, oliqarxlar 1 manat da itirmək fikrində deyillər və rəsmi şəxslərin “qiymətləri qaldırmayın” tələbinə məhəl qoymurlar.
Fakt budur ki, anbarlarda məhsul olduğu halda mağazalara verilmir və məmurlar açıq şəkildə sabotajla məşğuldular.
Amma bir reallıq da var ki, baş verənlərdən ölkə başçısı da xəbərsiz deyil. Yəni ölkə başçısı mağazalara məhsul buraxılmamasını da, qiymətlərin qalxmasını da bilir. O zaman belə qənaətə gəlmək olar ki, hakimiyyətin barmaq silkələmsi özünü kompensasiya etmək cəhdidir. Elə görüntü yaratmaq istəyirlər ki, qiymət artımı fərdlərin özbaşınalığı kimi görünsün.
Əgər hakimiyyət bu “şou”da iştirak etmədiyini, verilən tapşırığın prinsipial olduğunu iddia edirsə, deməli, nəticə qeyd etdiyimiz kimidir.
Yəni oliqarxlar hakimiyyətə itaətsizlik edir. Oliqarxlar belə düşünürlər ki, hakimiyyətin ən yuxarı pilləsində oturanlar da külli miqdarda qazanc əldə ediblər və qurban vermək məqamı yetişəndə yalnız onların itki verməsi ədalətsizlikdir.
Bir sözlə, oliqarxlar hakimiyyətin kompensasiya üsulunu qəbul etmir və israrla öz mənfəətlərini qorumağa çalışırlar.