…adamlar unudub
Rüstəm Behrudi
“Ermitaj”a tələsirəm. Vaxtım az olduğundan yol hərəkəti qaydalarını pozuram. Yenə qırmızı işıq yandı. Buna baxmayaraq keçmək istəyirəm. Elə bu anda bir vaxtlar Leninqradda təhsil alan, səhər-səhər dərsə tələsən və cibində cəmi 3-cə manat pulu qalan, indi çox hörmətli ziyalılardan biri – dostumu xatırlayıram. Dərsə gecikməmək üçün, yol hərəkəti qaydasını pozub, 3 manat pulu cərimə olaraq verib həmin gün ac qalan dostumun gününə düşmək qorxusu yaranır içimdə. Durub gözləyirəm. Axı mənim də o qədər çox pulum yoxdu. Mənim indiki halım onun o vaxtkı vəziyyətinə uyğundu…
…Ermitajdayam. Yanımda dayanan rus qadını Rembrandtın “Didərginin qayıtması” əsərindən həyəcanlandığımı görüb astaca pıçıldadı: – Təkcə bu əsəri görmək üçün dünyaya gəlməyinə dəyərdi…
I – Musa, Isa, Məhəmməd və allahsız Budda
Günah edib, tövbə dedim
Ey günahım, tövbədi din,
Isa, Musa, Məhəmmədin,
Tanındığı iman mənəm.
Pəncərədən baxıram. Sakit-sakit qar yağır. Yağan qar nədənsə səhrada Isanın təmkinli, ağır-ağır, sakit atılan addımlarını xatırladır mənə.
Hələ Isanın ətrafında həvarilər yoxdu, hələ onu atıb getməyiblər, çarmıxa çəkilməyinə çox var. Hələ Isa səhrada yalnız və tənha olaraq yüyürür. Hələ o təkbaşına deyil. Hələ o tənhalığın və yalnızlığının əzabını çəkir. Hələ peyğəmbər seçilməyib. Hələ tənhalıqdan qurtarmaq çabası var içində. Hələ təkbaşına deyil Isa!
Təkbaşına olmayan peyğəmbər ola bilməz.
Musa – kiçicik bir uşaqla (Ismayıl), köməksiz bir qadını (Həcər) səhrada başına buraxıb gedən Ibrahimin soyundan gələn yəhudilərin peyğəmbəridir. Musada eqo var. O, yemək zamanı onu narahat edən böcəkdən belə allaha şikayət edən bir peyğəmbərdir. Musa yəhudidir.
Isa – bəndələrdən və Tanrıdan gələn bütün əzablara uşaq tək, sadəlövhcəsinə qəbul edən, sevən Allahın oğludur. Və ona görə də yəhudi olmaqdan çıxmışdır.
Dünyada iki tip din var – Tanrının sevgi tərəfini tutan və bir də ölüm (qorxu) tərəfini tutan dinlər. Isa və Budda kimi.
Isa – yer üzündəki və göydəki sevginin, Budda ölümün və qorxunun tərəfindədir.
Məhəmməd həm “sevin”, həm də “qorxun” dediyindən sevginin, qorxunun, ölümün fövqündədir.
Kitabı göydən gələn Məhəmməd kitab yazan Musadan, haqqında kitab yazılan Isadan daha çox sirlidi, daha çox mükəmməldi.
Musa bir qövmə, Isa xalqlara, Məhəmməd bütün dünyaya, aləmlərə göndərilmişdir, Məhəmməd həm Isa, həm də Musadır. Qəbul olunsa da, olunmasa da.
Bəs bu üçü arasında sarıya (ölüm rəngi) bürünmüş Buddanı neyləyək?
Budda üçün Tanrı ölümdür (nirvana) və yaxud əksinə, ölüm Tanrıdır. Tanrının özü ölümsüz olduğundan Buddanın Tanrısı yoxdur.
Budda üçün iblis mələkdən, başdaşı çiçəkdən gözəldir.
Ey daş qoyub,
məscid quran
Uzaq yoldu “Incil”,
“Quran”.
Ağac, yarpaq,
yoldu hər yan.
Bəndə ilə Tanrı arası.
II – Hissələrin bütövdəki mahiyyəti
Bir keçilməz hədd var, hədd
Hüzn, kədər, bir də dərd;
Söz bilirəm Məhəmməd,
Isa, Musa içində.
Mənə elə gəlir ki, Musa da, Isa da, Məhəmməd də müxtəlif zamanlarda yerə enmiş, toxuna bildiyimiz, küfr etdiyimiz, çarmıxa çəkdiyimiz, daşa basdığımız Allahdır. Bunu inkar etməyimiz Allahı yanımızda istəməməyimizin göstərgəsi, Allahdan qaçmağımızın özgə bir yoludu.
Biz həmişə uzaqda olana can atırıq, yanımızda olan heç eynimizdə deyil.
Bizim üçün gedən qalandan, olmayan olandan daha sevimli, daha çəkicidi. Bu yalnış düşüncənin bircə səbəbi var. – Gedənin qalanla, olmayanın olanla eyni şey olduğunu anlamırıq. Və biz böyük mənada Allahın dünyanın içində, dünyanın da Allahın içində olduğunun fərqində deyilik.
Çay dənizdə, daş dağda, ağac yarpaqda, çiçək ləçəkdə nədisə biz də Tanrı üçün oyuq. Yarımçıqlıq və hissələr tam və mükəmməl üçün nədirsə, biz də Tanrı üçün oyuq. Hissələr özünün yaratdığı bütövün mükəmməlliyindəki mənanını anlamaq gücündə deyil.
Musa da, Isa da, Məhəmməd də, Tanrıdan – tam və mükəmməl olandan bəhs edir, tam və mükəmməl olanı anladır. Biz nə qədər ki, tam və mükəmməl olanın hissələrindən danışmırıq, tam və mükəmməl olanın nə olduğunu heç vaxt anlamayacağıq.
Biz Tanrı haqda ağacın yarpaqlarının, budaqlarının, gövdəsinin, rişələrinin ağac haqqında bildiyi qədər bilirik.
III – Rembrantın çarmıxdakı Isası
Çıxıb zaman adın həddən,
Tanrıya çox yaxınam mən
Isa, Musa, Məhəmməddən
Bu divanə halım ilə.
Sözün anlatdığı gözün anlatdığı deyil.
Tanrı təkrarı sevməz. Tanrı yer üzünə təkrar-təkrar peyğəmbərlər göndərsə də onların heç biri o birinin təkrarı deyil. Quran Incili, Incil Tövratı təsdiqləsə də, Məhəmməd Isanın, Isa Musanın təkrarı deyil. Təkrar olunan günah və tövbə üzərində qurulan yoldu. Məhəmməd Quranıynan, Isa çarmıxıynan, Musa əsasıynan gedir o yolu.
Möcüzəsiz sevgi yaradan, möcüzəsi ilə qorxu yaradandan böyükdü, böyük olduğu qədər də ilahidi.
Isa möcüzəsi ilə sevgi yaratmırdı. Isa sevginin tam özü idi.
Gözün anlatdığı sözün anlatdığı deyil.
Insan sözlə anlada bilmədiyi zaman, sözün bitdiyi yerdə rənglərə üz tutar. Sözün şəkilini çəkməyə başlar. Sözün dəlisi, ağıllısı olduğu kimi, rənglərin də dəlisi, savaşanı, həlimi, ağıllısı var. Rembrandtın fırçasında rənglər dəlidi.
Isa çarmıxa çəkildiyində həvariləri qaçıb aradan çıxmışdılar. Və Isa yəhudilər zalım olduqları üçün çarmıxa çəkilmədi ki. Həvariləri gücsüz olduğu üçün öldürüldü.
Isa çarmıxdan endirildiyində onu almaq üçün biri fahişə olmaqla üç qadın gözləyirdi (elə indi də qadınlar kişilərdən daha sədaqətlidirlər). Isa çarmıxa çəkiləndə də onu sevənlərdən bir kimsə yoxdu. Sevgiləri də imanları kimi saxta idi.
Rembrandtın “Isanın çarmıxdan endirilməsi” tablosunun önündəyəm. Adama elə gəlir ki, elə indicə çarmıx yıxılacaq və sən onun altında qalacaqsan.
Rəsmə yaxınlaşmağa qorxuram. Bir az da yaxınlaşsam, Isanın qanı üstümə sıçrayacaq. Bütün bunlara baxmayaraq, Isanı çarmıxdan endirənlərə qoşulub onlara kömək eləmək istəyirəm…
Çarmıxdan endirilən Isa dipdiridi. Çünki Rembrandtın fırçasında rənglər dəlidi…
Və o dəli rənglərdən,
Ordan mənə bir səs baxdı,
Ağıllıdan dəli haqdı.
Olsa da bir fərqi yoxdu,
Kimin, nəyin divanəsi.
Dəlilər bütün hallarda ağıllılardan haqlıdı.
IV – Yarıqaranlıq zirzəmi
Imana gəl deyən kəs,
Sevda iman deyil bəs.
Içimizdən gələn səs-
Ən böyük imanımız.
Gündüzlər küçələri dolaşa-dolaşa Allahı söyüb gecə qaranlıq düşəndən sonra qorxa-qorxa Allaha dua oxuyan F.Nitşe “Allah ölüb” dediyində axtardığını tapmayan bir kimsənin qorxusunu yaşayırdı. O, Allahı tapmadığı üçün o “ölüb” deyirdi. O, içində ölüm qorxusu gəzdirirdi. Nitşe bir şeyi anlamırdı ki, ölüm qorxusunun olmadığı yerdə öləcək adam da yoxdur. Və ölüm qorxusu ölümə etiraz edən bir düşüncə formasıdır. Nitşenin Allah axtarışı “Allahın ölümü” ilə nəticələndi.
Müdrik adam axtardığını tapan yox, istədiyini axtarmadan tapan adamdır.
Tanrının verdiyi ömrü, Tanrının istədiyi kimi yaşayan adam üçün Tanrını axtarmağa ehtiyacı yoxdu. Gözləyəcəksən, ya gözləməyəcəksən – Tanrı özü gələcək.
F.Dostoyevski Knyaz Mışkini də, Roskolnikovu da buna inandırmışdı. Çünki edam anında o Tanrını çağırmamışdı, edam sürgünlə əvəzlənəndə Tanrı özü gəlmişdi. Və buna görə F.Dostoyevski bütün həyatı boyu Tanrı axtarışından əl çəkmişdi. Çünki Tanrı həmişə onunla idi.
Yoxsa, o divar kağızı üst üstə 16 dəfə dəyişdirilmiş yarım zirzəmidə, yarım qaranlıqda bu boyda işıqlı şeyləri nə cür yarada bilərdi.
Onun son əsərlərini yazdığı, xəstə yatdığı və can verdiyi otaqdayam.
“Ölülər evindən qeydlər” əsərinin əlyazması stolun üstünə səpələnib…
Həyəcandan oxuya bilmirəm. Can verdiyi divan önümdədi. Çevrilib “Qumarbaz”ı yazdığı yazı masasına toxunuram. Və birdən gözüm onu həmişə qumarda uduzduran zərlərə sataşır. Cürbəcürdür, udmaq üçün zərləri tez-tez təzələyirmiş. Ancaq çox heyif, həmişə uduzub. Onun əvəzində dünya ədəbiyyatı “Qumarbaz” kimi bir əsər qazanıb. Onun böyüklüyü uduzanda da qazanmağında idi.
F.Dostoyevski L.Tolstoy kimi heç vaxt bütün ömrü boyu Allahı axtarmadı. Çünki onunla görüşmək üçün Allahın özü bu yarım zirzəmiyə təşrif buyurmuşdu. Və onu öz dərgahında Isa kimi oğlu elan eləmiş, cənnətlə müjdələmişdi.
Yoxsa, o da nə cür Isa kimi “dünyanı sonda sevgi xilas eliyəcək” deyə bilərdi.
“Ən müdrik adam arada bir özünə axmaq deməyi bacaran adamdı” (F.Dostoyevski). Ancaq bütün dahilər bir az axmaq olsa da, axmaqların heç biri dahi deyil.
V – Işim çörək işi deyil
Heç kəs heç kəsin deyil,
Yazı deyil yazı da
Görüntüdü haqq nahaq,
Bəlkə allah özü də.
Mən içimdəki boşluğu doldurmaq, ruhumdaki azadlıq yanğısını söndürmək, yalnızlıq duyğusunu ovundurmaq üçün yazı yazıram. Və bilirəm ki, sükut və səssizlik Tanrının səsidi. Azadlıq da Tanrının başqa bir adıdı. Özü də çoxdan, lap çoxdan unudulmuş adıdı.
Bakı Kufə şəhəridi, ancaq Qarabağ Kərbəla meydanı deyil. Tanrıya dönməyin zamanı gəldi, əfəndilər.
Baş daşının çiçəkdən, iblisin mələkdən gözəl olduğunu, mələklərin Tanrıdan daha çox sevildiyi günlər gəldi, əfəndilər. Çiçəklərin ləçəklərindən, ağacların yarpaqlarından əvvəl öldüyü gündü Azərbaycanda! Daha hıçqırıqların, hönkürtülərin, pıçıltıyla, andların dua ilə əvəzləndiyi gündü, qardaşlar. Bizim günümüzdü bu gün hər kəsdən daha çox. Bu günün hönkürtüsü, hıçqırığı sənsən, pıçıltısı mən. Andı sənsən, duası mən. Içimdə hönkürtü ilə pıçıltının, andla duanın qarışığından doğan bir kədər var. Özümdən daha çox, əzabkeşlərin yarımçıq ömrünü yaşayıram elə bil. Ölümün üstündə yazılmış şeirlər ölümü anlatmadığı kimi, azadlıq üstünə yazılanlar da azadlığı anlatmadı, anlada bilmədi heç vaxt. Olacaq şey olandan gözəl görsəndiyi kimi, ölüm ölümdən sirli, azadlığın özü “azadlıq” sözündən daha gözəldi. Heç nə olduğu kimi anladılmayacaq heç vaxt…
Işim çörək işi, dərdim mələk işi deyil, əfəndilər.
Qardaşlar!
Gücüm var, varım, daş yarım
Daşdan da çörək çıxarım.
Bu dərdi hara aparım,
Işim çörək işi deyil.
Son üç manatını dərsə gecikməmək üçün cərimə verib həmin günü ac qalan bir adamın qorxusu var içimdə. Bilirəm, ac qalmaq qorxusu da Azadlığın dost-doğma düşmənidi. Ancaq bir şeyi də bilirəm ki, Isa yəhudilər qəddar olduqları üçün çarmıxa çəkilmədi. Isa həvariləri gücsüz olduğu üçün öldürüldü. Onun üçün heç kim fəda olmağa hazır deyildi. Azadlıq çarmıxdakı Isadı.
Isanın çarmıxdan endirməyin zamanı gəldi, Əfəndilər!
P.S. Məhəmməd əsabələrinə inanmasa da, əsabələri Məhəmmədə inanırdı. Və ona görə də o sağ qaldı.
P.P.S. Manatın dəyərdən düşməsi ilə 3 manat pulu cərimə olaraq verib həmin gün ac qalan dostumun gününə düşmək qorxusu var içimdə. Və aclıq çox pis şeydi.