Hakimiyyət xalqı talan etməkdən çəkinmədi; ölkədə kəskin qiymət artımı başladı
Ərzağın, aviabiletlərin, telefonların qiyməti qalxdı, tikinti bazarı fəaliyyətini dayandırdı
Hökumət nümayəndələrinin bəyanatlarına baxmayaraq manatın məzənnəsi hiss olunacaq dərəcədə aşağı düşdü. Baxmayaraq ki, fevralın 22-də manatın məzənnəsi kəskin şəkildə düşməmişdən əvvəl tam fərqli bəyanatlar verilirdi. Yadda qalan bəyanatlardan biri Mərkəzi Bankı (AMB) Idarə Heyətinin sədri Elman Rüstəmova məxsus idi. O, Dövlət Teveliziyasının (AzTV) efirində bildirmişdi ki, manatın ucuzlaşması əhalinin gəlirlərində 1/100 qəpik qədər hiss olunacaq.
Hakimiyyətyönlü ekspertlər isə manatın məzənnəsinin bu il 80-90 qəpik arasında qalacağını proqnozlaşdırırdılar.
Manatın ucuzlaşdırılmasına hazırlıq tədbirləri
Əslində “qara şənbə” ərəfəsində baş verən bir olay da Mərkəzi Bankın manatın məzənnəsini salmağa hazırlaşdığını deməyə əsas verirdi. Mərkəzi Bank fevralın 20-də tapşırıq verdi ki, ölkədə fəaliyyət göstərən bütün kommersiya bankları şənbə-bazar günlərində (fevralın 21-22-də) işləməlidirlər. Bununla bağlı AMB-dən bütün banklara müvafiq məktub göndərilmişdi.
“Qara şənbə”
Və nəhayət fevralın 21-də Mərkəzi Bankın Idarə Heyəti manatın məzənnəsi ilə bağlı əhalini şoka salan qərar verdi. Fevralın 21-də verilən qərarla manat ABŞ dolları və avroya nisbətdə ciddi şəkildə ucuzlaşdırıldı.
Belə ki, Mərkəzi Bank 1 dolların məzənnəsini 1 manat 5 qəpik, 1 avronun məzənnəsini isə 1 manat 19 qəpik həddində müəyyən etdi.
Mərkəzi Bank öz qərarını “milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək” məqsədi ilə əsaslandırdı.
Xatırladaq ki, ölkə başçısı Ilham Əliyev təxminən 1 ay əvvəl keçirdiyi müşavirədə manatın güclü valyuta olduğunu və ucuzlaşmayacağını bəyan etmişdi. “Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar, uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcək”,- deyə o bildirmişdi.
Lakin bundan bir qədər sonra ölkə başçısı manatla bağlı başqa bir bəyanat verərək, onun ucuzlaşdırılmasına ehtiyac olduğunu işarə etdi. Və hökumət bir neçə gün qabaq manatın ucuzlaşmasına rəsmən qərar verdi. Bu da müəyyən psixoloji ajiotaj yaratdı. Valyuta bazarında ölkə başçısının ikinci bəyanatından dərhal sonra yaranan dollar qıtlığı daha da kəskinləşməyə başladı.
Dövlət rəsmiləri isə əhalini sakitləşdirməyə, manatın kəskin ucuzlaşmayacağı haqda nikbin bəyanatlar verməyə başladılar. Məsələn, deputat Vahid Əhmədov Mərkəzi Bankın sədr müavininə istinadla bəyan etdi ki, 1 dollar ilin sonuna qədər maksimum 80 qəpiyə qədər bahalaşacaq.
Yeni mərhələ başlayır
Iqtisadçılar hesab edir ki, Mərkəzi Bankın gecəylə manatı bu qədər ucuzlaşdırması valyuta ehtiyatlarımızla bağlı ciddi şübhələrə əsas verir. “Bu, artıq biabırçılıqdır. 2-3 gün əvvəl Mərkəzi Bankın rəhbəri bəyanat verərək əhalini inandırırdı ki, heç bir kəskin devalvasiya olmayacaq, ölkənin valyuta ehtiyatları kəskin devalvasiyaya getməməyə imkan verir, bir neçə gün sonra isə belə bir qərar verilir. Bu addım azca da olsa əhalidə qalan inam və etibara son zərbəni vurdu”,- deyə iqtisadçı Azər Mehtiyev “facebook” səhifəsində yazır. Onun fikrincə, ölkədə iqtisadi proseslər artıq tamamilə yeni bir mərhələyə qədəm qoyur.
“Hökumət özünü 4 milyard qabağa saldı”
A.Mehtiyev eyni zamanda manatın nəyə görə dəyərsizləşdirildiyi ilə bağlı maraqlı fikir də söyləyib: “Nə baş verdiyini və bunun nəyə xidmət etdiyini bilmək istəyirsinizsə, sadə bir izah:ÿ2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manatın transfer edilməsi nəzərdə tutulub. Büdcə qəbul edilən zamankı kursla bunun üçün təqribən 13 milyard 318 milyon dollar lazım idi. Hazırkı kursla isə bunun üçün 9,9 milyard dollar lazım olacaq. Fərq 3,4 milyard dollar. Bircə addımla bu qədər ”qabağa düşdülər". Il ərzində orta məzənnə kursu bir qədər də aşağı düşsə, 4 milyardlıq fərq yarana bilər. Neft Fondunun kəsirini belə həll edirlər… Buna qiymətlərin qalxması və inflyasiya hesabına əldə ediləcək əlavə “inflyasiya vergisini” də əlavə edin. Bu da olacaq, qeyri-neft sektorunun inkişafı hesabına vergi daxilolmalarının artması… Yerli istehsalın inkşafına bu cür nail olacaqlar!!!".
“Valyuta dəyişmə məntəqələrində ajiotaj”
Manatın məzənnəsinin kəskin dəyişdiyi xəbəri yayılan kimi paytaxtın valyutadəyişmə məntəqələrinin qarşısında izdiham yaşanmağa başladı. Ilk dəqiqələrdə valyutadəyişmə məntəqələrində, ümumiyyətlə, alğı-satqı əməliyyatı donduruldu. Dollar satışı əgər bir neçə gün əvvəl yox idisə, bu prosesə dolların alışı da əlavə olundu. Valyutadəyişmə məntəqələrinin bir çoxu yeni kursla dolları almaqdan imtina edirdilər. Bu proses hazırda da yaşanır. Bir çox valyutadəyişmə məntəqələri isə, ümumiyyətlə, fəaliyyətlərini dondurublar.
Şənbə günü müşahidə olunan maraqlı bir proses də o idi ki, məntəqələrin qarşısında dayananan şəxslər 0.9 manata dollar aldıqlarını deyirdilər.
“Mərkəzi Bank Azərbaycan xalqını aldatdı”
Bir müddət əvvəl manatın məzənnəsində ciddi artım olmayacağını deyən Milli Məclisin Iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov manatın məzənnəsinin enməsinə maraqlı münasibət bildirib. V.Əhmədov “Trend”ə açıqlamasında bildirib ki, manatın məzənnəsinin yenidən qalxacağı ehtimalı o qədər də yüksək deyil. Deputat hesab edir ki, manatın məzənnəsinin yenidən qalxması ilə bağlı qərar yalnız dövlət səviyyəsində qəbul oluna bilər: “Ola bilər dollar ucuzlaşsın, amma bu, dövlət səviyyəsində qəbul olunan qərardan asılıdır”.
Mərkəzi Bankın ötən şənbə günü atdığı addımı tənqid edən V.Əhmədov hesab edir ki, bununla bağlı hesabat verilməlidir: “Elman Rüstəmov Azərbaycan xalqına ”soyuq duş" təşkil etdi. Bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər. Və mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq".
Onun sözlərinə görə, Azərbaycan 2008-ci ildə ABŞ və Avropada müşahidə edilən böhrana daxil olub və bu böhran ilk növbədə həmin ölkələrin maliyyə sektoruna zərbə vurmuşdu.
“Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq. Mən özüm Mərkəzi Bankla danışıqlar apardım və xahiş etdim ki, kəskin devalvasiyaya getməsinlər və manatın kursunu tədricən endirsinlər. Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”.
“Kəskin inflyasiya əhaliyə ziyan vuracaq”
Deputat deyib ki, Milli Məclisin qarşıdakı iclasında Mərkəzi Bankın hərəkətinin qanunauyğunluğu məsələsini qaldıracaq.
“Qoy Elman Rüstəmov parlamentin və xalqın qarşısına çıxsın, bu cür kritik qərar qəbul etməsinin səbəbini əsaslandırsın”- o, əlavə edib.
Vahid Əhmədov bildirib ki, manatın kəskin devalvasiyası kəskin inflyasiyaya səbəb olacaq və əhaliyə güclü zərbə vuracaq. Ona görə də hökumət indidən əhalinin sosial müdafiəsi üçün tədbir görməlidir.
“Büdcəni 50 dolların üzərindən qurmaq lazım idi”
Iqtisadçı Rövşən Ağayev isə “facebook” ünvanında paylaşdığı statusunda bildirib ki, manatı, bütövlükdə iqtisadiyyatımızı neftin ucuz olduğu dövrdə hökumət cəmi 4 ay ayaqda tuta bildi: “Hətta lap neft sabah yenidən 100 dollar oldu, yenidən ”Əsrin müqaviləsi" bitənədək bu səviyyədə qaldı, yenə manatın dollara məzənnəsini valyuta yağışı altında endirdiniz əvvəlki 78 qəpiyə. Axı cəmi 5-6 il sonra neft erası bitən kimi yenə 3-4 aya ölkə indi gördüyümüzdən daha pis günə düşəcək. Onda qiymətinin qalxacağına ümid etməyə neft də qalmayacaq. Qaz nağıllarına isə inanmayın. Çünki yaxın 20 ildə Azərbaycan üçün proqnozlaşdırlan qaz hasilatı və ondan hökumətin əldə edəcəyi gəlirlər hətta qiymətlərin indiki səviyyyədə qalacağı tədqirdə belə neft qazanclarının 35%-40%-dən çox olmayacaq. Inanmayanlar hər 1 milyard kubmetr qazın hər 1 milyon ton neftə ekvivalentini tapsınlar, 2030-cu ilədək Azərbaycanın qaz hasilatı ilə bağlı proqnozlara baxsınlar, dediklərimin nə qədər real olduqlarını özləri də görəcəklər.
Demək istədiyim bu ki, başımızın altından “dollar yastığı”nı götürüb “qaz balonu” qoymaqdansa, əlimizə düşmüş şansdan postneft dövrü artıq başlanmış kimi davranmaq gərək. Hətta neft sabah 100 dollar olsa belə, büdcəni 50 dolların üzərindən qurmaq lazım.
Hökumətin cəmiyyətə açılım edib islahatlara başlaması üçün çox əlverişli şəraitdir. Dəyərləndirməsələr, cəmiyyətdən çox özləri itirəcək. Bu 4 aylıq dözüm limiti həm də bir daha onu hər kəsə aydın göstərdi ki, ölkəni, iqtidadiyyatı idarə edən institutlar, mexanizmlər, komanda yox neftdir".
“Mərkəzi Bankın qərarı ”şok terapiya" idi"
Iqtisadçı Oqtay Haqverdiyev isə Mərkəzi Bankın son qərarını “şok terapiya” adlandırıb. O hesab edir ki, dollar kəskin qaldırılmamalıydı: “Dörd-beş iliydi məzənnə sabit saxlanırdı. Bunun da əsası vardı. Sosial siyasətin qaydası budur ki, məzənnə sabit olsun. Təbii ki, bunu özbaşına saxlamırdılar. Bir neçə iliydi dollar 78 qəpik idi. Manatın məzənnəsi gec-tez buraxılmalı idi. Ancaq gərək yavaş-yavaş edəydilər, əvvəlcə 85 qəpik və belə-belə… Birdən-birə 33 faiz aşağı salmaq ağlasığmaz işdir.
Birinci buna istehlak bazarı reaksiya verəcək. Qiymətlər qalxacaq. Xaricdən mebel, maşın, mexanizm və başqa şeylər gətirən iş adamları çətinliklə üzləşəcək. Burda manat sabit idi, qarantiya vardı, onlar da bunun əsasında işlərini qururdular.
Indi manat ucuzlaşanda onlar daha çox uduzacaqlar. Təzə bir şey yoxdur. Rusiyada baş verənlərin eynisi burda da təkrarlanacaq. Rusiyada rublu buraxdılar, o da gəldi bir müddətdən sonra yerini tutdu. Indi 1 dollar təxminən 60 rubldur. Bu aqibət manatı da gözləyir. Bundan sonra nə olacaq, bunu hansısa falçı deyə bilər. Mən manatın 33 faiz aşağı salınmasını gözləmirdim".
“Hansı ağılla buna getdilər”
O.Haqverdiyev vurğuladı ki, hakimiyyət sadəcə pul kütləsini artırmaq, büdcəni doldurmaqdan ötrü bu addımı atdı: “Hansı ağılla buna getdilər, bilmirəm… Əslində səbəbini bilirəm, onların hamısını tanıyıram, onlarla işləmişəm mən… Yenə deyirəm, gözləmirdim… Prezident sonuncu dəfə dedi ki, 1 manat 1 avroya bərabər olmalıdır. Onun belə deməyi bizə lazım idi. Bizim ölkə ancaq neft-qaz ixrac edir. Biz ixracatda itiririk. Ağlasığmaz vəziyyət yarandı. Dünya bazarında avro dollardan ucuzdur, amma bizdə əksinədir. Ağlasığan şey deyil. Neynədiklərini bilmirlər”.
Mobil telefonların qiyməti artdı
Mərkəzi Bank manatın kəskin devalvasiyasına qərar verəndən sonra telefon qiymətləri də sürətlə artıb. Bakının əksər ticarət obyektləri kimi mobil telefon, ümumiyyətlə, elektron mallar satan mağazalar qiymətləri 30-35 faiz qaldırıb.
Belə ki, məzənnə dəyişməmişdən əvvəl 599 manata satılan “iPhone6" hazırda 850 manata təklif olunur.
10 ilə yaxındır “28 may” metrosunun yaxınlığında mobil telefon satışı ilə məşğul olan Anar Əliyevin sözlərinə görə, dolların qalxması bütün malların qiymətinin yüksəlməsinə səbəb olub. “Nokia”, “Samsung”, “iPhone”, “LG” markal bütün telefonların qiyməti 30-35 faiz artıb. “iPhone 6"-nı əvvəl 599 manata satırdıq. Fevralın 21-dən isə qiymət artıq 850 manatdır. Topdansatış qiymətləri artdığından belə olub. Bütün telefonların qiyməti qalxıb. Amma ”iPhone 6"-ya tələbat çox olduğundan qiymətini daha çox qaldırıblar. Mağazamızda yoxdur. Əgər müştəri istəyərsə, gətiririk"- deyə mağaza işçisi bildirib.
Mağazalarda olan planşetlərin, kompüterlərin və bütövlükdə elktron malların qiyməti qalxıb. “Irşad telekom”da 499 manat olan “iPhone 5s” (16gb) artıq 684 manatdır. Lakin satıcılar alıcı qabiliyyətinin, demək olar, sıfıra düşdüyünü deyir.ÿ
Qeyd edək ki, bütün mağazalarda elektron malların qiyməti artıb. Bəzi mağazalarda bu qiymətlər arasında 10-20 manat fərq var.
Aviabiletlər də bahalaşdı
Aviabiletlərin də qiymətində artım baş verib.
Turizm şirkətlərindən verilən xəbərə görə, təyyarə biletlərinin qiymətində orta hesabla 25-30 faiz artım var. Məsələn, Bakı-Istanbul-Bakı aviareysinə biletin qiyməti manat ucuzlaşmazdan əvvəl 260 manat 98 qəpik idisə, indi həmin biletin qiyməti 342 manat 87 qəpik olub. Bakı-Minsk-Bakı təyyarə reysinə bilet əvvəllər 298 manat idi. Indi isə həmin bilet 392 manat 17 qəpikdir.
Bakıdan Moskvaya və geriyə uçmaq istəyənlər bileti indi 468 manat 15 qəpiyə alacaqlar. Halbuki bundan əvvəl 351 manat 25 qəpiyə alırdılar. “Azərbaycan Hava Yolları” Dövlət Konserni (AZAL) təyyarə biletlərinin qiymətinin artmasını hələlik şərh etməyib.
Turizm şirkətləri xidməti dayandırıb
Baş verənlər turizm şirkətlərinin də işində ciddi problemlər yaranıb. Fins.az-ın məlumatına görə, turizm şirkətlərinin əksəriyyəti müştərilərə xidmət göstərməyi dayandırıblar.ÿ"Travel case" turizim şirkətindən verilən xəbərə görə, hazırda səyahətlərin bronlaşdırılması üzrə fəaliyyət göstərən sistemin işi dayanıb və bu səbəbdən şirkət müştəri qəbul etmir. Sistemin dayanması nəticəsində “Dərviş travel” də işini dayandırmalı olub. Sistemin işini nə vaxt barpa edəcəyi hələlik açıqlanmayıb.
Xaricə səyahət 30%-dək bahalaşacaq
“Weekand travel” qiymətlərdə artımın olacağını bildirir. Şirkətdən bildirilib ki, məsələn, Bakı-Istanbul-Bakı reyslerinə biletin qiyməti əvvəllər 260 manat olduğu halda indi bu qiymət 342 manata çatıb. Aviabiletlerin qiymətində 30%-dək bahalaşma olduğunu söylədilər.
“AFN travel”dən verilən məlumata görə isə, bu il səyahət qiymətlərində təqribən 30%-dək bahalaşma gözlənilir. Ancaq hələlik tərəfdaşların sistemlərini bağlaması ilə əlaqədar olaraq hələlik qiymətləri dəqiq göstərmək mümkün deyil.
Erkən rezervasiyalarda problem yarana bilər
Hazırda turizm şirkətlərinin qarşılaşdığı əsas problem erkən rezervasiyalar çərçivəsində alınan turlarla bağlıdır. Xatırladaq ki, bəzi müştərilər artıq yay səyahətləri ilə bağlı turları alıblar və bununla bağlı müvafiq ödənişlər edilib. Indi isə manatın ucuzlaşmasından sonra məlum olur ki, bu turlara görə əlavə ödəniş etmək lazım gələcək. “Weekand travel”dən verilən məlmata görə, erkən rezervasiya etdirən müştərilərlə bağlı məsələ yaxın vaxtlarda Turizim Nazirliyində keçiriləcək tədbirdə müzakirə olunacaq və vəziyyət də bundan sonra aydınlaşacaq. “AFN travel”dən isə bildirilib ki, bahalaşma davam edərsə zərəri nə turizim şirkəti, nə də müştəri ödəməyəcək. Bu zərərin ödənilməsi səyahətin təşkili ilə məşğul olan Tur operatorların üzərinə düşəcək.
Avtomobillərin ehtiyat hissələri bahalaşdı
Azərbaycanda avtomobil ehtiyat hissələrinin qiymətləri təxminən 40% artırılıb. Bunu “Marca2ya bazar iştirakçılarından biri söyləyib. Ehtiyat hissələrinin bahalaşması sığorta şirkətlərini narahat etməyə başlayıb. Şirkətlər avtomobil qəzalarına görə daha çox ödəniş verməli olacaqlar ki, bu da onların zərərliliyini artıracaq. Ehtiyat hissələrinin qiymətinin artmasının avtomobillərin qiymətinin artmasına təsir göstərəcəyi də gözlənilir.
Ərzaqın topdansatışı dayandı
Redaksiyamıza daxil olan məlumata görə, dünən topdansatış məntəqələrindən mal götürmək istəyən ekspeditellərə ərzaq, çərəz və digər zəruri qida məhsulları verilməyib. Topdansatış mətəqələri bu halla bağlı heç bir açıqlama verməyib. Mənbə bildirir ki, bu addım artıq dükanlarda qıtlığa səbəb olub.ÿ
Manatın məzənnəsi hələ dəyişilməzdir
Dünən Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı həmin günə olan qərarını açıqlayıb.
Azərbaycanda 1 ABŞ dollarının rəsmi məzənnəsi fevralın ayının 24-dək 1,05 manat səviyyəsində qalacaq. Bu barədə Mərkəzi Bankından (AMB) məlumat verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə manatın məzənnəsi ilə bağlı kommersiya banklarına AMB-dən göndərilən məktub yayılıb.
Fevralın 22-si AMB-nin sədr müavini Aftandil Babayevin imzası ilə göndərilən məktubun mətnində deyilir: “21 fevral 2015-ci il tarixində dərc olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının 21.02.2015-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni 21, 22, 23 fevral 2015-ci il tarixlərində qüvvədə olacaq”.
Tikinti materialları bazarı bağlandı
Bahalaşma tikinti materialları bazarına da öz təsirini göstərməyə başlayıb. Bəzi məlumatlara görə, müxtəlif tikinti mallarının qiymətləri bahalaşıb. Xüsusən də xarici ölkələrdən idxal olunan tikinti materiallarının qiymətlərində kəskin artım müşahidə olunur. Rusiyadan idxal olunan taxta, parket materialları son dövrlərdəki ucuzlaşmadan sonra yenidən bahalaşmağa başlayıb.
Yerli tikinti materialları bahalaşmayıb
Fins.az daşınmaz əmlak və tikinti materialları bazarındakı vəziyyətlə bağlı kiçik araşdırma aparıb. Bu sahədə çalışanların bəziləri tikinti materiallarının qiymətinin artmadığını, bəziləri isə artdığını bildirir.
Üzlük daş və kubik istehsalı və satışı ilə məşğul olan Anar Musayev deyir ki, hələlik bu materialların qiymətində dəyişiklik olmayıb, lakin bahalaşma olacağı haqda söz-söhbət gəzir və qiymət dəyişikliyi gözlənilir. Istehsalçının sözlərinə görə, bu materiallar üzrə sifarişlərin həcmində ciddi dəyişiklik olmayıb, lakin digər materiallarda bahalaşma olsa bu, daş və üzlük materiallarında da qiymətərin artmasına gətirib çıxaracaq.
Digər satıcı Elnur Nuriyev isə deyir ki, ən çox bahalaşma taxta materiallarının qiymətində qeydə alınıb. Onun sözlərinə görə, 3 gün qabaq taxtanın kubu 175 manat idi, hazırda bu qiymət 250 manata qalxıb. Hazırda təklif olunan taxtaların əvvəlcədən ucuz qiymətə alındığını etiraf edən satıcının sözlərinə görə, yeni qiymətləri mağaza sahibi bundan sonra bu materialın baha qiymətə alınacağını deyərək müəyyən edib.
Tikinti bazarı bağlanıb, satış dayandırılıb
Bakıdakı “Dərnəgül” şossesində yerləşən məşhur tikinti materialları bazarında işləyən satıcılarla telefon söhbətimizdə bildirdilər ki, 2 gündür bazarda satış dayandırılıb, satış nöqtələri bağlanıb.
Qiymətlərin necə olacağı barədə hansısa fikir bildirməyən satıcılar mağaza sahiblərinin gözləmə mövqeyi tutduğunu, yaxın günlərdə vəziyyətdən asılı olaraq qiymətlərin müəyyən ediləcəyini vurğuladılar.
Onların sözlərinə görə, manatın məzənnəsi indiki həddə qalmaqda davam etsə, qiymətlərin kəskin bahalaşması qaçılmaz olacaq, çünki əksər tikinti materialları xarici ölkələrdən valyuta ilə idxal olunur.
Hikmət