Pişəvəri adına Gimnaziyada ibtidai siniflərin ləğv olunması müəllim və valideynlər arasında narazılığa səbəb olub.
“Qafqazinfo”nun məlumatına görə, bu gün 32 nəfər ibtidai sinif müəllimi dərsləri dayandıraraq məktəbin həyətinə toplaşıblar. Hansı səbəblə belə bir qərarın verildiyini deyiblər: “Biz uzun illərdir bu məktəbdə çalışırıq. Bundan sonra harada işləyəcəyik. Onsuz da ölkədə müəllimə heç bir hörmət qoyulmurdu. Nazir Mikayıl Cabbarov bu qərarı ilə bunu bir daha sübut etdi. Camaatı dövlətə qarşı çıxarırlar”.
Təhsil Nazirliyinin nümayəndələri də məktəbə gəliblər. Onlar müəllim və valideyinlərin suallarını cavablandırıblar. Nazirliyin sektor müdiri Emin Əmirullayev bildirib ki, müəllimlərin heç biri işsiz qalmayacaq. Onların hər biri paytaxtın müxtəlif məktəblərində işlə təmin olunacaqlar: “Gimnaziyada gələn ildən birinci siniflərə qəbul aparılmayacaq. 5-ci sinifdən xüsusi istedadlı uşaqlar imtahan yolu ilə bu təhsil müəssisəsinə qəbul olub təhsil alacaqlar. Bu qərarın verilməsində məqsəd xüsusi istedadlı şagirdlərin bir təhsil ocagında toplanaraq onların gələcəkdə daha savadlı kadrlar kimi yetişdirilməsinə nail olmaqdır. Müəllimlərə gəlincə, nazirlik tərəfindən bütün müəllimlər işlə təmin olunacaq”.
Qeyd edək ki, narazı müəllim və valideynlər susmayacaqlarını, Təhsil Nazirliyinin və Prezident Aparatının qarşısında aksiya keçirəcəklərini deyiblər.