Fransa prezidenti və Almaniya kansleri Ukraynadan Moskvaya gedir
Vəfa Quluzadə: «Putinlə razılıq əldə olunacağına inanmıram»
Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel bu gün Ukrayna böhranını müzakirə etmək üçün Moskvaya səfər edərək Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək. Almaniya kanslerinin mətbuat xidmətinin yaydığı məlumata görə, son vaxtlar Ukraynanın şərqində vəziyyətin gərginləşməsi səbəbindən Olland və Merkel münaqişənin həlli istiqamətində səylərini artırıb. Başqa sözlə, Olland və Merkel Ukraynanın şərqində yenidən qızışan qanlı müharibəni dayandırmaq üçün Kiyevlə Moskva arasında vasitəçiliyə başlayıb.
Putinin mətbuat katibi Dmitri Peskov da fevralın 6-da Rusiya prezidentinin Almaniya kansleri və Fransa dövlət başçısı ilə Ukrayna məsələsini müzakirə etmək üçün görüşəcəyini təsdiqləyib.
Merkel və Olland Putinlə görüş ərəfəsində – Kiyevə gedərək Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmilərlə görüşüb. Görüşlərin əsas müzakirə mövzusu isə ölkənin şərqindəki vəziyyətlə bağlı olub.
Yeri gəlmişkən, Olland və Merkeldən əvvəl Kiyevə ABŞ dövlət katibi Con Kerri gəlib.
Bu arada, Olland Kiyevə yola düşməmişdən əvvəl bəyan edib ki, Fransa Ukraynanın NATO-ya üzv olmasına qarşıdır. Ukraynanın NATO üzvlüyü niyyətindən rəsmən imtina etməsi Moskvanın da Kiyev qarşısında irəli sürdüyü şərtlərdən biridir. Bununla belə, Donbasdakı müharibəni dayandırmaq üçün Avropa liderlərinin tərəflərə hansı sülh şərtləri təklif etməyə hazırlaşdığı hələ məlum deyil.
Ancaq indiki situasiya bu şərtlərin Ukrayna üçün kifayət qədər ağır olacağını göstərir. Çünki bir neçə aylıq nisbi atəşkəsdən sonraÿyenidən qızışan müharibədə Ukrayna silahlı qüvvələri heç bir nailiyyət əldə edə bilməyib və daha bir neçə yaşayış məntəqəsinə nəzarəti itirib.
Hazırda Rusiyameylli separatçıların qüvvələri Ukrayna ordusunun iri qoşun birləşməsini Debaltsovo şəhəri ətrafında mühasirə həlqəsinə salmağa cəhd edir. Bu baxımdan sülh barədə razılaşma, ancaq Ukraynanın ciddi güzəştləri hesabına mümkün ola bilərdi.
Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsində də Avropa liderləri, konkret olaraq Fransanın o vaxtkı prezidenti Nikolya Sarkozi təcili vasitəçiliyə başlayaraq Gürcüstan üçün ağır güzəştlər hesabına atəşkəsə nail olmuşdu.
Politoloq Vəfa Quluzadə deyir ki, ABŞ və Avropa Ukraynadakı müharibəni dayandırmaq istəyir. Onlar Ukrayna hakimiyyətilə separatçılar arasında danışıqların baş tutmasına çalışır: “Eyni zamanda, onların əsas məqsədlərindən biri Rusiyanın öz qoşunları və ağır texnikasını Ukrayna ərazisindən çıxarmasıdır. Merkel və Olland yəqin ki, bu məsələləri Ukrayna rəhbərliyilə müzakirə edib, Kerri ilə danışandan sonra Moskvaya gedir. Böhran başlanandan sonra Rusiya iqtisadiyyatının geriləməsi, ona nə qədər böyük zərbə dəydiyi göz qabağındadır. Putin Ukraynanı dağıtmaq, onu müstəqillikdən çıxarmaq və hakimiyyət dəyişikliyinə nail olmaq, sonra da dünyaya meydan oxumaq istəyir. Putinlə razılığa gəlməyə cəhd göstərilsə də, bu cəhdin uğur qazanacağına inanmıram”.
Nigar