İntiqam Əliyevin səhhəti pisləşsə də, məhkəmədə meydan oxudu
«Leyla, Xədicə, Ilqar, Tofiq və digər dəyərli insanlarla birlikdə dustaq həyatı yaşamaq mənim üçün şərəfdi»
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı tərəfindən “vicdan məhbusu” elan edilmiş hüquq müdafiəçisi Intiqam Əliyevin işi üzrə məhkəmə iclası kifayət qədər gərgin keçdi. Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrlik etdiyi hakimlər heyəti əvvəlcədən də gözlənildiyi kimi, Intiqam Əliyev və vəkillərinin vəsatətlərini təmin etmədilər, ittihamları darmadağın edəcək sübutları müdafiə tərəfin əldə etməsinə şərait yaradılmadı.
Dünənki prosesdə gərginlik hələ məhkəmə iclasının əvvəlində Intiqam Əliyevin səhhətinin pisləşməsilə başladı. Baxmayaraq ki, hakim onun dəmir qəfəsdən çıxarılaraq, vəkillərinin yanında əyləşməsinə icazə vermişdi, hüquq müdafiəçisinin durumu yaxşı deyildi. Intiqam Əliyev vəziyyətinin pisləşməsini təcridxanadan məhkəməyə qeyri-insani şəraitdə gətirilməsilə izah etdi: “Keçən dəfə məhkəmə iclasında da demişdim, məni təcridxanadan sanki dəmir lövhələrlə hörülmüş tabutun içində gətirirlər. Prokuror 10 dəqiqə orada otursun görək otura bilərmi?!”
Hüquq müdafiəçisinin durumu ilə əlaqədar məhkəmə iclasında fasilə elan olundu. Fasilədən sonra Intiqam Əliyevin vəkilləri çoxsaylı vəsatətlər qaldırdılar. Məsələn, Fəxrəddin Mehdiyevin vəsatəti Intiqam Əliyevin barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması haqda idi.
Vəkilinin vəsatətini dəstəkləyən Intiqam Əliyev bildirdi ki, onun ölkədən qaçmaq, istintaqdan yayınmaq fikri olsaydı, ümumiyyətlə, Azərbaycana qayıtmazdı. Çünki rəhbərlik etdiyi təşkilatda yoxlamalar aparılması, bank hesabının dondurulması xəbərini alarkən Praqada idi və bilirdi ki, yoxlamalar onun həbsinə hesablanıb: “Mənim ümumiyyətlə, bu ölkədən heç yerə getmək fikrim yoxdur. Həbs məni qorxuda bilməz. Leyla, Xədicə, Rəşad, Rəşadət, Ilkin Anar, Rəsul, Seymur, Ilqar, Tofiq və uzun-uzadı adlarını sadalaya biləcəyim digər dəyərli insanlarla birlikdə dustaq həyatı yaşamaq mənim üçün şərəfdi. Eyni zamanda, Avropa Məhkəməsi onlarla qərarında vurğulayır ki, adamı həbs etmək üçün istintaq orqanı, məhkəmə yetərincə sübutlar ortaya qoymalıdır. Artıq istintaq başa çatıb, mənim şahidlərə təzyiq göstərmək imkanım yoxdur. Hətta olsaydı belə, mən eləməzdim. Təzyiq göstərmək bizə yox, prokurorluğa xas xüsusiyyətdir. Prokurorluq insanları hədələyib, qorxu altında onlardan istədiyi ifadəni alır. Pasportum istintaq orqanındadır. Ötən iclasda prokuror bu arqumentə cavab olaraq dedi ki, Cinayət Məcəlləsində ”sərhədi qanunsuz keçmə” maddəsi var. Yəni, ölkəni qanunsuz yolla qaçmaq olar. Bu məntiqlə, gərək doğum evlərini bağlasınlar ki, doğulanlar cinayətkar ola bilər. Dövlətin milyonlarla pulunu yeyən adamları buraxmaq olar, amma məni yox. Hərçənd, onların ölkədən qaçmaq ehtimalı daha çoxdur.
Məhkəmədən heç nə xahiş etməyəcəm. Bu vəsatəti də ona görə qaldırırıq ki, sonradan iş Avropa Məhkəməsinə çıxanda əlimizdə arqumentimiz olsun. Məhkəmənin necə qərar verəcəyini bilirəm. Heç bir siyasi sifarişli işdə həbs-qətimkan tədbirinin dəyişdirilməsi halı olmayıb. Çünki Azərbaycanda siyasi motivli həbslər insanları qorxutmaq, sındırmaq üçün bir vasitədir. Amma onu da deyim ki, heç bir həbs, tabutun içində daşınmaq belə, bizim iradəmizi sındıra bilməz. Nə qərar qəbul edirsinizsə edin, öz işinizdir”.
“O vəziyyətdə heç heyvan daşımazlar…”
Vəsatət Intiqam Əliyevin özünün də gözlədiyi kimi, təmin olunmadı…
Digər vəkil Cavad Cavadov Intiqam Əliyevin məhkəməyə anormal şəraitdə gətirilməsi və bununla əlaqədar səhhətinin pisləşməsi məsələsini qaldıraraq, bunun məhkəmə tərəfindən qeyri-insani rəftar kimi qeydə alınmasını istədi.
Intiqam Əliyev dustağın o formada məhkəməyə gətirilməsini “insan ləyaqətini ləyaqətini alçaldan davranış” kimi qiymətləndirdi: “Söhbət təkcə məndən getmir. Insanı o vəziyyətdə gətirmək insan ləyaqətini alçaltmaqdır. Avropa Penitensiar Qaydaları da dustaqla normal davranış tələb edir. Biz sürü deyilik. O vəziyyətdə heç heyvanı daşımazlar…”
Intiqam Əliyev eyni zamanda, saxlanıldığı istintaq təcridxanasında yazılı qeydlərinin, hətta vəsatətlərinin əlindən alınması, oxunmaq üçün rəis və ya müavininə aparılmasını da hakimlərin diqqətinə çatdırdı, bunun kobud hüquq pozuntusu olduğunu vurğuladı: “Bu gün məhkəməyə gələndə yenə qeydlərimi alıb oxudular. Niyə? Niyə siyasi motivlərlə həbs olunmuş konkret adamları soyundurmalıdılar? Keçən dəfə nəzarətçi gəlib şad xəbər verir ki, daha sənədlərinizi rəis və ya müavini oxuyacaq. Mənim, Asifin, Seymurun, Xədicənin, Leylanın sənədlərini niyə həmin adamlar oxumalıdır? Deyirlər ki, bu yolla məktubların mediaya ötürülməsinin qarşısını alırıq. Xədicə xanım mediaya bir məktub göndərmişdi, vəkilləri zərbə altında qoymamaq üçün çarəsizlikdən dedi ki, telepatiya ilə ötürmüşəm. Mən ”Azadlıq” radiosunun bağlanması, Gültəkin Hacıbəylinin cərimələnməsi, bir ayağı şikəst olan Asif Yusiflinin həbsi kimi məsələlərə öz münasibətimi bildirmək istəyirdim, imkan verilmədi. “Azadlıq” qəzetinin 25 illiyilə bağlı təbrik məktubu yazmışdım, aldılar. Oğluma-qızıma sevgimi bildirmək üçün yazdığım məktubları da alırlar. Bu nə davranışdır? Özü də hamıdan almırlar. Məndən, Seymurdan, Xədicədən, Leyladan… alırlar”.
Hakim söz verdi ki, qeyd olunan halların aradan qaldırılması üçün Penitensiar Xidmətə müraciət olunacaq.
Vəkil Şəhla Hümbətovanın vəsatəti isə prosesin audio və videoyazısının aparılması haqda oldu.
Intiqam Əliyev özü də bildirdi ki, gələcəkdə məhkəmə iclas protokolu ilə bağlı yarana biləcək mübahisələrin qarşısını almaq üçün bu vəsatətin təmin edilməsi zəruridir.
Lakin bu vəsatət də təmin olunmadı.
Prokurorluq əməkdaşları dərman reseptlərini də aparıb
Vəkillərin növbəti vəsatəti iş materiallarındakı bir sıra sübutların yolverilməz hesab edilərək, xaric edilməsi haqda oldu. Intiqam Əliyev bu vəsatətə münasibət bildirərkən yada saldı ki, həbs olunan gün Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisinə axtarış adı altında əslində basqın olub: “Prokurorluq əməkdaşları basqın zamanı ofisdə təşkilatın maliyyə sənədlərini, proqram hesabatlarını, Hüquq Maarifçiliyi Cəmiyyətinin indiyədək olan bütün fəaliyyətinə aid sənədləri, keçirdiyimiz tədbirlərin fotolarını, apardığımız məhkəmə işlərinə aid materialları və s. heç bir qeydiyyat aparmadan torbaya doldurub götürdülər. Eyni zamanda, təşkilatın möhürünü də apardılar. Əlbəttə ki, belə olan halda, onlar özlərinə sərf eləməyən sənədləri cırıb atıb yenisini hazırlayar, əllərindəki möhürlə də təsdiqləyə bilərdilər. Başa düşürəm ki, bu cür fəaliyyət üçün onlara möhür lazım idi. Oğlumun, qızımın, qardaşım uşaqlarının şəxsi həyatına aid şəkillərin, məlumatların onlara nə aidiyyəti var? O məlumatlar, şəkillər bu günə qədər niyə kimlərinsə əlində olmalıdır? Niyə qaytarılmayıb? Bu, çox təhlükəli tendensiyadır. Basqın olunur, sonra istədikləri sənədi tərtib edirlər, dostları adamın üzünə qoyurlar. Bunlar da qurbandılar, qorxu altında ifadə veriblər. Ofisdəki bütün sənədləri götürüblər, qapını niyə möhürləyiblər?
Bizim Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş qrant müqavilələrimizi qeydiyyata alınmamış kimi qələmə veriblər. Prokurorluq qeydiyyat sənədlərini götürüb, bizə vermir ki, əksini sübut edək. Ədliyyə Nazirliyi də sorğumuza rədd cavabı verib deyir ki, sistem dağılıb. Əgər bizim qrant müqavilələrimiz qeydiyyatdan keçməsəydi, bu illər ərzində Hüquq Maarifçiliyi Cəmiyyətinin fəaliyyətinə imkan verilməzdi, cərimələnərdik. Ədliyyə Nazirliyindən qrant müqavilələrinin qeydə alınmasından imtina son iki layihəmizlə bağlı olub, o layihələr üzrə bir qəpik də xərclənməyib. Bank hesabında olduğu kimi qalır, əgər başına oyun açmayıblarsa. Bu yolla 50-yə yaxın QHT-ni həbs təhlükəsi, qorxu altında saxlayırlar. Yəni, prokurorluq özünü cinayətkar kimi aparır: basqın edir, sənədləri götürür, sonra da sənədləri yox edib, ittiham irəli sürür. O QHT-lərin də əksəriyyətinin canını qorxu aldı, geri çəkilənlər oldu, fikirləşdilər ki, nəyimə lazımdır başıma iş açım, fəaliyyətini dayandıranlar oldu. Nə qədər təəssüf doğursa da, dəyərlərdən imtina edənlər oldu. Başa düşürəm, hamı qəhrəman ola bilməz. Heç mən özümü də qəhrəman saymıram. Amma bir məsələ də var ki, çətin gündə özümüz aradan çıxacaqdıqsa, dost dediyimiz gəncləri niyə həbsə göndərirdik?
Ədliyyə Nazirliyi siyasiləşmiş qurumdur, mənə də düşmən kimi baxır. Ona görə də məhkəmə qrant müqavilələrinin qeydiyyatı ilə bağlı onlara sorğu verməlidir. Əgər bu vəsatətimiz də təmin olunmasa, deməli, məhkəmə qərəzli olduğunu növbəti dəfə sübut edəcək”.
Vəkil Şəhla Hümbətova vəsatətə münasibət bildirərkən qeyd etdi ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisindən götürülən sənədlərin bir qismi müdafiə prosesi üçün zəruridir, lakin istintaq onları verməkdən imtina edir. O da məlum oldu ki, prokurorluq əməkdaşları Intiqam Əliyevə aid tibbi sənədləri, ona qoyulan diaqnoz, dərman reseptlərini də götürüb aparıb.
Intiqam Əliyevin əleyhinə ifadə vermiş bacılar…
Şəhla Hümbətova eyni zamanda, məhkəmənin Ədliyyə Nazirliyinə sorğu göndərərək qrant müqavilələrinin reyestri, eləcə də Hüquq Maarifçiliyi Cəmiyyətinin layihələrinin qeydə alınmasına dair məlumatların alınması haqda vəsatət qaldırdı. Vəkilin digər bir vəsatəti isə “Unibank”dan Əfsanə Orucovanın adına olan hesaba daxil olan və çıxarılan vəsaitlərlə bağlı ətraflı arayış alınması barədə idi.
Qeyd edək ki, Əfsanə Orucova iş üzrə zərərçəkmiş qismində tanınmaqla, Hüquq Maarifçiliyi Cəmiyyətinin baş mühasibi olmuş Gülşən Orucovanın bacısıdır. Bir neçə il ərzində təşkilatın Beynəlxalq Bankdakı hesabından Əfsanə Orucovanın hesabına ümumilikdə 119 min manat pul köçürülüb. Gülşən iddia edir ki, o pulları bacısının hesabına köçürüb, sonra da çıxarıb Intiqam Əliyevin özünə verib.
Intiqam Əliyev isə bəyan edir ki, mühasib yalan danışır, təşkilatın hesabından Əfsanə Orucovanın hesabına pul köçürülməsi üçün ödəniş göstərişlərində onun adından atılan imzalar ona məxsus deyil. Yəni Gülşən Orucova özbaşına bacısının hesabına pullar köçürüb. Hüquq müdafiəçisi bunun sübutu üçün məhkəmədən xətşünaslıq ekspertizasının təyin olunması, həmin ödəniş göstərişlərindəki imzaların ona məxsus olub-olmadığının aydınlaşdırılmasını tələb edir. Yeri gəlmişkən, dünən də Intiqam Əliyev və vəkilləri bu haqda vəsatət qaldırdılar, lakin təmin olunmadı.
Vəkil Şəhla Hümbətova deyir ki, iş materiallarında Əfsanə Orucovanın hesabına köçən pullarla bağlı yarımçıq arayış var, amma o pulların çıxarıldığını göstərən heç nə yoxdur. Üstəlik, Gülşən Orucova Hüquq Maarifçiliyi Cəmiyyətilə yanaşı, başqa təşkilatlarda da mühasib işləyib. Hətta yarımçıq arayışdan da görünür ki, təkcə Intiqam Əliyevin rəhbərlik etdiyi qurumdan deyil, Gülşənin işlədiyi başqa təşkilatlardan da bacısının hesabına pul köçürmələri olub. Bu da istər-istəməz ciddi şübhələrə yol açır: “Ona görə də biz Əfsanə Orucovanın hesabına daxil olan və çıxarılan pullarla bağlı ətraflı məlumat əldə olunmasını istəyirik”.
Intiqam Əliyev bu vəsatətə münasibət bildirərkən vurğuladı ki, həmin məlumatların əldə olunub açıqlanması onun özü üçün də vacibdir: “Əfsanə Orucova da, Gülşən Orucova da qurbandır. Prokurorluq onlardan istifadə elədi, üzümə dayandılar. Məhkəmənin nə hökm çıxaracağı bəllidir. Məni nə qədər iş alacağım narahat etmir. Mənim narahat edən ictimaiyyətdir, nüfuzumdur. Mən o pulların bir manatını da görməmişəm. Mənim mənəvi məsuliyyətim var ki, o qədər vəsaitin mənimsənilməsindən vaxtında xəbər tutmamışam. O imzaların mənim olmadığı adi gözlə də aşkar görünür. Ona görə də baxmayaraq ki, Ədliyyə Nazirliyi mənə düşmən kimi baxır, bu qurumun tərkibində olan ekspertiza vasitəsilə imzaların yoxlanılmasını tələb edirəm. Bankdan ətraflı məlumat alınmasını tələb edirəm. Reputasiyam mənim üçün çox önəmlidir. Mən xaricdə olanda da həmin hesaba köçürmə olub. Bu məsələdə bank əməkdaşlarının da əli olduğuna dair şübhələrimiz var. Onların da məhkəmədə dindirilməsini tələb edirik”.
Məhkəmə bu vəsatətlərin heç birini təmin etmədi.
Prosesdə iştirak edən Gülşən Orucova və onun hüquqi nümayəndəsi isə Orucova bacıları dindirilərkən, ümumiyyətlə, 119 min manatlıq köçürmə ilə bağlı araşdırma aparılarkən məhkəmənin qapalı keçirilməsi haqda vəsatət qaldırdı. Təbii ki, Intiqam Əliyev və müdafiəçiləri, hətta dövlət ittihamçısı da bu vəsatətə etiraz etdi.
“Nədən çəkinirsiz, əgər pulu mən yemişəmsə, qoy açıq prosesdə hamı bilsin. Proses qapalı keçirilsə, ən azı, ictimaiyyət qarşısında özümü narahat hiss edərəm”, – deyə Intiqam Əliyev bildirdi.
Vəsatət təmin olunmadı.
Intiqam Əliyev ifadə verməkdən imtina etdi
Daha sonra dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan etdi. Intiqam Əliyev irəli sürülmüş ittihamlar üzrə özünü qətiyyən təqsirli bilmədiyini vurğuladı: “Ümumiyyətlə, ittihamların mahiyyəti də mənə aydın deyil. Mənimsəmə ittihamı verilib, halbuki, bu ittiham üçün gərək əmlakı mənimsənilən, ziyan çəkən tərəfin şikayəti olsun. Mənim fəaliyyətimdən, notariusların şəffaflığı, Avropa Məhkəməsinə şikayətlər, vəkillər və hakimlər üçün kurslar və s. layihələrimizdən dövlətə hansı ziyan dəyib? Gül bayramına 45-50 milyon xərclənməsi dövlət iqtisadiyyatına daha çox ziyan vurur, yoxsa mənim fəaliyyətim? Rallilərə, mənasız yarışlara milyardlarla pul xərcləyirlər, bunlar dövlətə daha çox ziyan vurur, yoxsa biz?”
Hakim:
– Gül bayramının Sizə aidiyyəti yoxdur.
– Necə yoxdur, var. Mənə də, övladlarıma da, bütün vətəndaşlara aidiyyəti var. Xərclənən dövlətin puludur. Məni ittiham edirlər ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti səlahiyyətini mənimsəmişəm. Avropa Məhkəməsinə şikayətlərdə də mən məhz belə təqdim olunmuşdum. Hökumət bu illərdə kommunikasiya yazışmalarında niyə qeyd eləmirdi ki, yalan deyir, o, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti deyil?!
Intiqam Əliyev onu da qeyd etdi ki, məhkəmənin qərəzli olmasına, bütün vəsatətlərini rədd etməklə faktiki onun sübutlarını əlindən almasına etiraz olaraq, hazırkı mərhələdə ifadə verməkdən imtina edir.
Məhkəmə prosesi fevralın 17-də davam edəcək.
Aytən Məmmədova