Sənəddə Azərbaycanın avtoritarizmə yuvarlanması, İlham Əliyevin ölkəni öz əlində cəmləşdirməsindən bəhs olunur
Avropa Parlamentinin sifarişilə Azərbaycandakı siyasi vəziyyətdən bəhs edən geniş bir arayış hazırlanıb. Avropa Parlamentinin saytında yerləşdirilmiş sənəd Azərbaycanla bağlı siyasətin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Sənəddə Azərbaycanın xüsusən son illərdə demokratik dəyərlərdən xeyli uzaqlaşaraq avtoritarizmə yuvarlanmasından bəhs olunur.
Sənədin tərcüməsini təqdim edirik:
Azərbaycanın siyasi partiyaları və Avropa Ittifaqı
Prezident Ilham Əliyev Azərbaycandakı siyasi partiyalara manevr imkanı verməməklə ölkənin siyasi sistemində özünə “hər şeyə qadir” rol oynayır. Hökumətin Avropa Birliyilə tərəfdaşlığı strateji enerjiyə əsaslanır. Bu ölkədə kiçik və dağınıq halda olan müxalifət, eləcə də vəkillər ölkədə demokratiya, insan haqları və yaşayış şəraitinin yaxşılaşdırılması üçün Avropa Ittifaqı ilə Assosiasiya sazişi imzalanmasını ən uyğun yol hesab edirlər.
Azərbaycan və Avropa Ittifaqı arasında münasibətlər
Azərbaycanın Avropa Ittifaqı ilə münasibətləri 1999-cu ildə qüvvəyə minmiş əməkdaşlıq və tərəfdaşlığığa dair sazişə əsaslanır. 2004-cü ildə Avropa Ittifaqı Avropa Qonşuluq Siyasəti çərçivəsində də Azərbaycanla əməkdaşlığı davam etdirmək qərarı verdi. Bunun ardınca 2006-cı ildə Avropa Qonşuluq Siyasətinə dair Fəaliyyət Planı qəbul olundu. 2009-cu ilin mayında Azərbaycanla bağlı növbəti addım bu dövlətin də Avropa Ittifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil edilməsi oldu. Bu proqram çərçivəsində Azərbaycanla Avropa Ittifaqı arasında Assosiasiya Sazişinin imzalanmasına dair danışıqlar isə 2010-cu ildə başladı. Lakin Azərbaycan bəlkə də yaxın qonşularının təhriki ilə bu cür razılaşmaları imzalamaqdan geri çəkildi. Azərbaycan hökuməti Assosiasiya Sazişi imzalamaq əvəzinə Strateji Tərəfdaşlığın Modernləşdirilməsi istiqamətində fəaliyyət təklif etdi. Buna baxmayaraq, Assosiasiya Sazişilə bağlı məsələ hələ də qüvvədədir. Cənub neft-qaz dəhlizi tikintisinin meydana çıxması Azərbaycanla Avropa Ittifaqı arasında strateji enerji tərəfdaşlığını gücləndirdi.
Dağlıq Qarabağ problemilə əlaqədar Azərbaycanla Ermənistan arasındakı münaqişə regionda sabitlik və inkişaf yolunda əsas maneə olaraq qalır. Bunu nəzərə alaraq Avropa Ittifaqı konfliktin həllinə kömək etmək məqsədilə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin edib, eyni zamanda, problemin nizamlanmasıyla məşğul olan ATƏT-in Minsk Qrupu ilə sıx əməkdaşlıq edir.
Siyasi vəziyyət
Avropa Komissiyası Xarici Əlaqələr Xidmətinin, eləcə də Avropa Parlamentinin müxtəlif hesabat və məruzələrində göstərilib ki, Azərbaycan hökumətinin başlıca vəzifəsi demokratik strukturları möhkəmləndirmək, insan haqlarının qorunması baxımından vəziyyəti yaxşılaşdırmaq, kasıblığı azaltmaq, neftlə zəngin olan bu ölkədə paytaxt Bakı ilə ölkənin qalın bölgələri arasındakı kəskin sosial-iqtisadi uçurumu aradan qaldırmaq, radikal islamçı hərəkatlara qarşı artmaqda olan sosial dəstəyin qarşısını almaq olmalıdır.
Ilham Əliyev rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ilə hökumət, parlament və yerli özünüidarə orqanlarına nəzarət etməklə, bütövlükdə ölkənin siyasi səhnəsində hegemonluq edir. Prezident orduya, ölkə iqtisadiyyatına komandanlıq edir, əsas sahələr, xüsusən, strateji enerji sektoru onun nəzarətindədir. Bundan başqa, icra hakimiyyətinə rəhbərlik və idarəçilik də onun əlindədir. Baş nazir, onun müavini, 20 nazir və icra hakimiyyətinin digər mərkəzi orqanlarının rəhbərlərindən ibarət Prezident Administrasiyasının tərkibini də o müəyyənləşdirir. Bütün nazirlər prezidentin partiyasının ya birbaşa üzvüdür, ya da bu partiya ilə hər hansı bağlılığı var.
Bu ölkədə müxalifət kiçikdir, dağınıqdır və hökumətin repressiyaları üzündən ölkədəki siyasi proseslərə təsiri də azdır.
Prezident seçkiləri
Ilham Əliyev 2003-cü ildən Azərbaycanın prezidentidir. O, bu postu atası Heydər Əliyevdən təhvil alıb. Heydər Əliyev sovet dövründə – 1969-cu ildən Azərbaycanı idarə edib. Azərbaycan müstəqillik qazanandan sonra yenidən hakimiyyətə gəlib və 1993-cü ildən 2003-cü ilə qədərk bir daha bu ölkəyə rəhbərlik edib.
Ilham Əliyev 2008-ci ildə 88,73 faiz səslə yenidən prezident oldu. 2009-cu il martın 18-də Azərbaycanda referendum keçirilərək, Konstitusiyadakı bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan məhdudiyyət aradan qaldırıldı və 2013-cü ildə Əliyev 84.54 faiz səslə bir daha prezident oldu. Avropa Ittifaqı və ATƏT bəyan etdi ki, bu seçki beynəlxalq standartlara cavab verməyib.
Parlament seçkiləri
Azərbaycanda parlament seçkiləri mojaritar sistem əsasında keçirilir. Parlament üzvləri bir mandatlı 125 dairə üzrə 5 il müddətinə seçilir. Bu ölkədə sonuncu dəfə 2010-cu ildə keçirilən parlament seçkilərində prezidentin partiyası səslərin 45 faizilə qanunverici orqandakı yerlərin əksəriyyətinə sahib oldu. Rəsmi rəqəmlərə görə, heç bir müxalifət partiyası 1,8 faizdən çox səs toplaya bilmədi. Ona görə də parlamentdəki qalan yerlər də bir qayda olaraq, hakimiyyətə yaxın olan “müstəqillər”ə verildi. O zaman ATƏT bəyan etmişdi ki, bu seçki demokratik standartlara uyğun deyil və baş verənlər ölkənin demokratik inkişafına xidmət etmir.
Azərbaycanda güclü prezidentlik sistemi var, burada hakimiyyət bölgüsü çox zəifdir, insan hüquqlarına qətiyyən hörmət olunmur. 2011-ci ilin mayında Avropa Parlamenti bu ölkədə vətəndaş cəmiyyətinə, sosial şəbəkə fəallarına və jurnalistlərə qarşı təqiblər, hücumlar və zorakılıqlara görə Azərbaycan hakimiyyətini pisləmişdi. 2012-ci ildə beynəlxalq jurnalist təşkilatı prezident Əliyevi “Ilin korrupsioneri” elan etmişdi.
Azərbaycanın siyasi partiya spektri
2010-cu il noyabrın 7-də keçirilən seçki nəticəsində 12 partiya Azərbaycanın qanunverici orqanı olan Milli Məclisə təmsilçilik hüququ əldə etdi. Amma müxalifət partiyalarının heç biri onların arasında yox idi.
Hakim partiya olan YAP 45,8 faiz səslə parlamentdəki 125 yerdən 71-nə sahib oldu. Hakim partiyanın güclü ideologiyası və hərtərəfli proqramı yoxdur. Əvəzində isə bu rejimin əsasını qoyan Heydər Əliyevin hakimiyyəti dövründə yaranmış və onun ölümündən sonra daha da möhkəmlənən şəxsiyyətə pərəstişə əsaslanan ideologiya hökm sürür. Prezidentin partiyasına üzv olmaq hökumətdə iş əldə etmək üçün sanki imtiyazdır. Hakimiyyətə yaxın olan “müstəqillər”ə 48,2 faiz səslə parlamentdə 41 yer verildi. Bunlar tərəflərdən hər hansı birinə bağlı olmasalar da, prezident Əliyevə yaxın şəxslər olmalıdır.
Avropa Ittifaqına qarşı münasibət
Avropa Ittifaqına üzvlük Azərbaycandakı siyasi partiyaların gündəmində yoxdur. Ilham Əliyevi dəstəkləyən partiyalar onun Avropa Ittifaqı ilə bağlı siyasətini də bölüşür. Azərbaycan hakimiyyətinin əsas prioritetlərindən biri Avropa Ittifaqı ilə enerji sahəsində əməkdaşlıqdır. Müxalifət isə Azərbaycanın Assosiasiya Sazişi imzalaması, ölkənin Avropaya inteqrasiyasına alternativ görmür. Müxalifət hesab edir ki, Azərbaycan Avropa dəyərlərindən xeyli uzaqlaşaraq, avtoritarizmə doğru yuvarlanıb. Avropa Ittifaqı ilə Assosiasiya Sazişinin imzalanması demokratik dəyərlərin qorunması, insan haqlarına hörmət və həyat tərzinin yaxşılaşması baxımından Azərbaycana yardım edə bilər.
Azərbaycan müxalifəti eyni zamanda, təəssüflənir ki, Avropa Ittifaqının hazırda bu ölkəyə marağı əsasən iqtisadi və enerji məsələlərinə yönəlib, insan haqları problemi arxa plana keçirilib.
Siyasət şöbəsi