Etibarsız adamın etibarlı tərəfdaş axtarışı
Hakimiyyətin şəxsi maraqlara söykənən “balans” siyasəti “can verir”. Artıq Azərbaycan hakimiyyəti dünyada etibarsız tərəfdaş kimi tanınır. Bugünə qədər aparılan siyasi xətt bütün sədləri aşmağa, bütün dəyərləri tapdamağa xidmət edib.
Indiki mərhələdə hakimiyyətin vəziyyəti daha da ağırlaşıb. Onsuz da Qərblə münasibətlər ən kəskin xarakter alıb və ən kövrək dövrünü yaşayır. Hakimiyyət Qərbin demokratiya və insan haqları çağırışına Rusiyaya sığınmaqla cavab verir. Uzun illər ərzində də Qərb Rusiya faktoru ilə şantaj edilib. Rusiya Azərbaycan hakimiyyətindən vətəndaşa hörmət, korrupsiyanın ləğvi, demokratik islahatlar tələb etmədiyindən, Rusiya seçimi etmək hakimiyyətin şəxsi maraqlarına uyğun gəlir. Amma nəticə ondan ibarətdir ki, hakimiyyət Rusiyaya görə Qərblə körpüləri yandırıb və AŞPA-dakı son səsvermə də bu “yanğın”ı daha da alovlandırdı.
Amma ağır vəziyyət bununla da bitmir. Indi hakimiyyət Israil faktorundan yararlanmağa çalışır. Hətta PA rəsmisi Əli Həsənov iddia edir ki, yəhudi lobbisi ABŞ-da Azərbaycana kömək edəcək. O da bildirilir ki, bu əməkdaşlıq kiminsə xoşuna gəlməsə də, davam etdiriləcək. Amma bir önəmli fakt da ondan ibarətdir ki, Azərbaycanın əməkldaşlığa can atdığı Iran və Türkiyə Israilə qarşı savaş aparır. Türkiyə hökuməti bugün ölkədə Israil casusları axtarışına çıxıb. Hətta Ərdoğan Fətullah Güləni “Mossad”la iş birliyində ittiham edir. Iranda isə bu məsələyə münasibət daha radikaldır və Israil məsələsinə olduqca həssas yanaşılır. Bugün Israilin ABŞ-la da münasibətləri soyuqdu. Avropa Parlamentinin isə 63 üzvü Avropa Birliyinin xarici ticarət rəhbərliyinə müraciət edərək, Israillə əməkdaşlıq razılaşmasının təxirə salınmasını tələb edir. Yəni bugün Israilin özünün də müəyyən problemləri var.
Deməli, Qərblə korlanmış münasibətlərdən sonra Israil faktorundan yararlanmaq istəyən hakimiyyət, həm də Türkiyə və Iran problemi yaşayacaq. Indi hakimiyyət dilemma qarşısındadır. Görünən odur ki, hakimiyyətin özünü rahat hiss edəcəyi “sığınacaq” qalmayıb.
Bəşəri dəyərlərə söykənməyən, etibarlı portnyor imici qazanmayan hakimiyyətin etibarlı tərəfdaş axtarışları uğursuzluqla nəticələnir.
Yuxarıda da izah etməyə çalışdıq ki, sonuncu “Israil dayanacağı” da perspektiv vəd etmir. Yəni hakimiyyət xarici siyasətdə düşdüyü “tıxac”dan çıxa bilmir.
Antidemokratik idarəetmənin nəticəsi belə də olmalı idi. Çürümüş dəyərlərə üstünlük verib, bəşəri dəyərlərə savaş açanda, dilemma qarşısında qalmaq zərurəti yaranır.