Öz mənzilini satmaq istəyən vətəndaş tikinti şirkətinin rəhbərliyinə əlavə 1500-2000 manat pul verməlidir
Tikinti sektoru Azərbaycanda daha çox diqqət çəkən sahələrdəndir. Hərçənd, bir müddət əvvələ qədər tikinti bumu yaşanan ölkəmizdə, xüsusən Bakıda hazırda sabitlik hökm sürür. Bunun əsaslı səbəbləri də var. Səbəblərdən biri də budur ki, vətəndaşlarda tikinti şirkətlərinə qarşı dərin inamsızlıq var.
Çünki son bir neçə ildə yüzlərlə vətəndaşın pulu tikinti şirkətinin rəhbərliyi tərəfindən mənimsənilib, bir mənzilin bir neçə nəfərə satılmasıyla bağlı çoxsaylı faktlar var, yaxud hansısa şirkətin “yuxarılarla” münasibətinin pisləşməsi üzündən tikinti yarımçıq qalıb, ziyan çəkən isə alıcı olub, mənzil almaq üçün illərlə topladığı pul da əlindən çıxıb. Bütün bu hallar yeni tikilən hündürmərtəbəli binalardakı mənzillərə marağı azaldıb. Amma ilk baxışdan diqqət çəkməyən, lakin vətəndaşları narazı salan daha bir səbəb də var. Bəllidir ki, yeni tikililərin əksəriyyətində mənzillər üzərində mülkiyyəti təsdiq edən çıxarış (“kupça”) yoxdur. Bu cür mənzillərlə bağlı proseslər vətəndaşlarla tikinti şirkəti arasındakı müqavilə ilə tənzimlənir. Təsəvvür edin, bu cür binalarda vətəndaş mənzilini satarkən əlavə xərcə düşür. Müqavilənin dəyişməsi isə nə az, nə çox – 1500-2000 manata başa gəlir.
Məsələnin mahiyyəti belədir: tikinti şirkəti və mənzil sahibi arasında müqavilə bağlanır, daşınmaz əmlakın pulu tam ödənilir. Lakin mənzil sahibi özünə məxsus olan mülkiyyəti başqa bir adama satmaq istəyəndə burada böyük bir çətinlik üzə çıxır. Şirkət həmin müqavilənin başqasının adına keçirilməsi üçün mənzil sahibindən pul ödənilməsini tələb edir. Yalnız bu məbləğ ödəniləndən sonra müqavilə başqasının adına dəyişdirilə bilər. Bu problem uzun illərdir həll olunmadığı üçün vətəndaş şirkətə borcu olmadığı, mənzilinin pulunu tam ödədiyi halda, bir müqavilə üçün əlavə pul ödəməyə məcbur olur.
Hüquqşünas Müzəffər Baxışov bu məsələni şərh edərək deyir ki, mövcud qanunvericiliyin tələblərinə görə, daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmalıdır. Lakin şirkətlər və kooperativlər adıçəkilən müqavilənin şərtlərini özlərinə sərf edən şəkildə həyata keçirirlər. Hüquqşünasın sözlərinə görə, daşınmaz əmlak alan şəxs sonradan onu başqasına satmaq istəyəndə kooperativ və ya MMC həmin müqaviləni mənzili almaq istəyən şəxsin adına keçirmək üçün ondan 2000 manat pul istəyir: “Bu isə qanunsuzdur. Bakıda və ölkənin hər yerində baş alıb gedən bu problem qanunsuzluqdur. Tikinti şirkətinin ixtiyarı yoxdur ki, öz payının pulunu tamamilə ödəyən şəxsdən müqavilə üçün yenidən pul istəsin. Təəssüf ki, ölkədə baş alıb gedən belə vəziyyətlərin qarşısı alınmır. Hüquq-mühafizə orqanlarının fəaliyyəti bu cür məsələlərdə sıfır vəziyyətdə olduğundan belə şirkətləri cinayət məsuliyyətinə cəlb etmirlər”.
Nigar