«Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar»
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Hacızadə Rövşən Hacı oğlunun və Əmiraslanov Qərib Məhərrəm oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Prosesə hakim Eldar Ismayılov sədrlik edir. Bu barədə virtualaz.org saytı məlumat yayıb. Məlumatda deyilir ki, ittihama görə, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər.
Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham olunur.
Təqsirləndirilən şəxs qismində dindirilən Rövşən Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Ifadəsində göstərib ki, ittiham üzrə bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və Intiqam Umudov tərəfindən törədilib. Mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: “Mən ”Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar”.
Digər təqsirləndirilən Qərib Əmiraslanov isə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.
Istintaq materiallarında göstərilir ki, Qərib Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzduğunu, ona qalan 205 min manat borcun əvəzinə “Karat” MTK-dan mənzil vermək barədə razılaşdığını göstərib. O, Rövşən Hacızadədən xahiş edib ki, X.Şuşinski küçəsi, 12 saylı binadakı 4 otaqlı mənzili Yusif Əfsərinin qardaşı oğlunun adına sənədləşdirilməkdə köməklik etsin. Bunun müqabilində Yusif Əfsəridən pul almayıb.
Bundan başqa 2012-ci ilin fevral ayında 205 min manata satdığı mənzilin pulunu öz şəxsi ehtiyaclarına xərclədiyini göstərib. Rövşən Hacızadə də onun xahişi ilə mənzilin C.Rzayevin həyat yoldaşının adına sənədləşdirilməsi barədə sənədləri tərtib edərək ona verib.
Rövşən Hacızadənin vəkili Ceyhun Yusifov virtualaz.org saytına bildirib ki, müdafiə etdiyi şəxsin bu cinayətlə ümumiyyətlə əlaqəsi olmayıb. Vəkilin sözlərinə görə, istintaq qərəzli xarakter daşıyıb, cinayətin açılmasına, əsl cinayətkarların müəyyən edilməsinə, cinayət işinin obyektiv araşdırılmasına deyil, əsl cinayətkarları gizlətmək məqsədi daşıyıb və günahsız bir insanın təqsirləndirilməsi istiqamətinə yönəlib.
Rövşən Hacızadənin bacısı Güllü Hacıyeva isə mətbuat vasitəsilə ölkə başçısına müraciət edib: “Cənab prezident! Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik.
Hər zaman Azərbaycan qanunlarına əməl etmişik, prezidentimizin siyasi kursunu dəstəkləmişik. Inanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.
Məhkəmə prosesi fevralın 10-da davam etdiriləcək.