Araşdırmaçı jurnalist Xədicə İsmayılın plakatlarının yayılmasına görə 30 günlük həbs olunan AXCP Ali Məclisinin üzvü Əli Abdullayevin ailəsi qışın bu soyuğunda qazsız qala bilər. Bu barədə Şəki şəhər şöbəsinin sədri Rauf Abdurəhmanlı xəbər verib. Onun sözlərinə görə, Qaz İstismar idarəsinin işçiləri dünən bununla bağlı Ə. Abdullayevin ailəsinə xəbərdarlıq ediblər. Buna səbəb olaraq ailənin uzun zamandan bəri yığılıb qalmış borclarını əsas göstəriblər.
Məlum olub ki, hazırda ailənin qaza görə olan borcunun məbləği 1300 manata çatıb. Maraqlı burasıdır ki, 2009-cu ildə əhalinin qaza olan borclarının silinməsi haqqında Prezident ayrıca sərəncam versə də, bu, Abdullayevlər ailəsinə şamil olunmayıb. Səbəbi isə məlum deyil. Cəbhəçi ailəsi qaza olan borclarını etiraf edib və imkansızlıqdan bu məbləğin hər il üst-üstə gəldiyini bildirib. İndi Qaz İstismar İdarəsi də nədən Prezidentin məlum sərəncamına əməl olunmadığını, ailənin köhnə borclarının niyə silinmədiyinə aydınlıq gətirsəydi, yaxşı olardı.