Müəllimlərin maaşı necə artırıldı? Əliyevin sərəncamından neçə nəfər və nə qədər faydalanacaq?
Dövlət başçısı İlham Əliyev bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. Nazirlər Kabineti Prezident Aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.
Maraqlıdır ki, sərəncam dünən imzalansa da, yanvarın 1-dən qüvvəyə minmiş sayılır.
Sərəncamın təhlilindən belə aydın olur ki, maaş artımı müəllimlərin cəmi beşdə bir hissəsinə şamil olunacaq. Ölkədə 150 mindən artıq müəllim var. Bu sərəncamın təsiri altına düşən müəllimlərin sayı isə təxminən 30 minə yaxındır.
Təhsil Nazirliyinin Informasiya şöbəsinin QHT və KIV-lə iş sektorunun müdiri Cəsarət Valehov da APA-ya açıqlamasında bildirib ki, bu sərəncam 30 minə yaxın müəllimə şamil olunacaq. Bu sərəncamdan irəli gələrək məktəblərdə dərs yükü norması 12 saatdan 18 saata qaldırılacaq. Sərəncam sınaq qiymətləndirmədə zəif və yüksək nəticə göstərmələrindən asılı olmayaraq, hər kəsə şamil ediləcək.
Onu da qeyd edək ki, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər əsasən Bakıda çalışanlardır. Bu isə o deməkdir ki, maaş artımından regionlarda çalışan müəllimlər yararlana bilməyəcək.
Bundan başqa, sərəncamda müəllimlərin dərs yükü normasının 1,5 dəfə, vəzifə maaşlarının isə 2 dəfə artırılmasından söhbət gedir. Bu heç də maaşın ümumiyyətlə, iki dəfə artırılması anlamına gəlməməlidir. Dərs yükü 1,5 dəfə artırıldığından bu artım 2 dəfə ola bilməz. Məsələn, əvvəl bir oklad 12 saat idi, indi isə bir oklad 18 saat olub. Bir oklada görə 120 manat alan müəllimin maaşı 2 dəfə artırılsaydı, gərək 240 manat əməkhaqqı alaydı. Hazırda həmin 12 saat dərs deyən müəllimin maaşı 12 saat üçün 160 manat olacaq. Yəni artım təxminən 33,3 faizdir. Burada 120 manat şablon kimi götürülüb, okladlar kateqoriyalara görə müxtəlifdir. Başlıcası odur ki, artım 33 faizdən artıq olmayacaq. Hələ vergi və digər tutulmaların artmasını da nəzərə alsaq, ümumi artım heç 30 faiz də olmayacaq.
Belə görünür ki, hökumət yenə manipulyasiya edir…
İnformasiya şöbəsi