Səbail rayon məhkəməsi həbsdəki AXCP fəalı Murad Ədilola bağlı daha bir şikayəti qərəzli olaraq təmin eləməyib.
Hakim Aytən Əliyevanın sədrilik elədiyi prosesdə Muradın həbs olunarkən işgəncəyə məruz qalması ilə bağlı Baş prokurorluğun verdiyi qərardan şikayətə baxılıb.
Vəkil Yalçın İmanov bildirib ki, bu qərardan apelyasiya şikayəti verəcəklər. O, deyib ki, Murad Ədilov saxlanılarkən şiddətli mənəvi və fiziki işgəncəyə məruz qalıb. Bu halın milli məhkəmələrdə təsdiqlənməsi mümkün olmasa da, Avropa İnsan Haqları Məhkəməsi asanlıqla faktı tanıyacaq. Çünki Murad Ədilovun işgəncəyə məruz qalması barədə faktları yerli məhkəmələr əsassız, qərəzli formada təsdiq etməyiblər.
Yada salaq ki, Murad Ədilov saxlanılarkən Sabirabad rayon polisində Bakıdan gedən 5 nəfərin və yerli polsi zabitləri Vüsal Şəbəndiyev, Əlfağa Kazımov tərəfindən döyülüb. Bu işgəncədə məqsəd ona öz əleyhinə qondarma izahata qol çəkdirmək olub.
Adı çəkilən polis zabitləri elə ötən `Siyasi Məhbuslarsız Azərbaycan` İctimai Birliyinin mütəxəssilərinin hazırladığı qara siyahıya salınıb. Onların hər ikisi daha əvvəl də siyasi məhbuslara işgəncə vermələrinə görə medainın diqqətinə düşüb.
Murad Ədilovun anti-insanı rəftara məruz qalması bundan əvvəl Nərimanov məhkəməsində araşdırılmışdı. Sentyabrın 3-də Nərimanov rayon məhkəməsi həbsdə olan AXCP fəalı Murad Ədilovun işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayətini təmin etməyib.