Hökumət neft pullarını korrupsiya layihələrinə xərcləyir
Keçən həftə Azərbaycan parlamenti 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiq etdi. Onun həcmi 3.5 mlrd. manat artaraq 15.5 mlrd. manata çatdı.
Hökumətin izahına əsasən büdcəyə əlavə olunan pulların 1 milyard manatdan çoxu pensiyaların və maaşların qaldırılmasına xərclənəcək. Bəs, yerdə qalan 2.4 mlrd. manat? Bu məbləğ büdcənin “əsaslı vəsait qoyuluşu xərcləri”nə yönəlir. Büdcədə bunun adlı “dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)” şəklində ifadə edilir. Iqtisadçılar dövlətin müxtəlif sahələrə qoyduğu sərmayələrlə yanaşı, müdafiə sənayesinə yatırımların da büdcənin bu hissəsindən aparıldığını deyirlər.
3.5 milyard hardan gəldi?
Maliyyə Nazirliyinin parlamentə göndərdiyi və artıq təsdiq edilən təklifdə qeyd edilir ki, əlavə pul neftin qiymətinin dünya bazarında gözləndiyindən daha çox olmasına görə yaranıb. Buna görə dövlət büdcəsinin gəlirləri əvvəl gözləndiyindən 770 milyon manat, Neft Fondunun gəlirləri isə 3.6 milyard manat çox olacaq.
Hökumət büdcəyə əlavə olunan 3.5 milyard manatın 2.7 milyardını Dövlət Neft Fondundan götürəcəyini, qalanını isə vergilər və gömrükdən toplayacağını bildirir. Yəni, sonuncu dəyişikliklə birlikdə hökumət 2011-ci ilin 15.5 milyard manatlıq dövlət büdcəsinin 9.2 milyard manatını Neft Fondundan götürəcək. Qalan 6.3 milyard manatı isə özü toplayacaq. (Hərçənd ki, bu 6.3 milyard manatın içində də neft satışından dövlət büdcəsinin gəlirləri, neftin istehsalı və satışına bağlı olan müəssisələrin vergiləri, gömrük rüsumları da var.)
Büdcənin hər 10 manatından 6-sı Neft Fondundan götürülür
Neft Fondundan dövlət büdcəsinə ötürülən pulların miqdarı hər il əvvəlkindən daha çox olur. 2011-ci ildə bu rəqəm büdcənin 60 faizinə çatıb. Yəni, dövlət büdcəsindəki hər 10 manatın 6-nı hökumət nağd şəkildə bircə ünvandan – Dövlət Neft Fondundan götürür.
Əslində Neft Fondundan dövlət büdcəsinə nə qədər pulun ötürülə bilməsinə qanunla bir məhdudiyyət yoxdur. Fondun əsasnaməsinə görə onun pulları yalnız dövlət hakimiyyəti orqanlarına, dövlət və qeyri-dövlət müəssisələrinə kredit verilməsinə, eləcə də, dövlətin tabeliyində olan hər hansı bir subyektin borcunun və yaxud digər yüklənməsinin girovu qismində istifadə oluna bilməz.
Sənədə görə, bu Fondun vəsaiti “ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşa və yenidən qurulmasında istifadə oluna bilər”.
Halbuki bu Fond yaradılarkən rəsmi təbliğatda onun əsas məqsədinin neft gəlirlərinin gələcək nəsillər üçün qorunması göstərilirdi. Yalnız bu Fondun pullarının idarə edilməsindən alınan gəlirlərin indiki ehtiyaclara xərclənəcəyi deyilirdi.
Amma məsələn, 2010-cu ildə Dövlət Neft Fondunun pullarının idarə edilməsindən gəliri 155,9 milyon manat, fonddan büdcəyə ötürülən pulların miqdarı isə 5,915 milyard manat olub.
Tikintiyə 25, təhsilə 7…
Büdcənin gəlirləri əsasən neftdən asılı olduğu kimi, xərcləri də əsasən tikintiyə yönəlib.
Azərbaycan hökuməti son 5 ildə tikintiyə 19.8 milyard manat (təxminən 25 milyard ABŞ dolları) pul xərcləyib. Eyni illərdə ölkədə təhsilə 5.5 milyard, səhiyyəyə isə 2 milyard manat ayırıb. Bu nisbət hökumətin elan etdiyi “Qara qızılı insan qızılına çevirək!” şüarının məntiqinə nə qədər uyğundur? Doğrudanmı Azərbaycan üçün “tikinti bumu”, “təhsil bumu”ndan vacibdir?(AzadlıqRadiosu)