Din və Demokratiya Mərkəzi Bəhai dini icması ilə ekoloji müzakirələr aparıb
Din və Demokratiya Mərkəzi 2011-ci il mayın 28-də Bəhai dini icmasının üzvləri ilə “Ekologiya və mənəviyyat” mövzusunda tədbir keçirib.
Bəhai icması Milli Şurasının üzvü Rövşən Abbasov tədbiri giriş sözü ilə açıb. Layihənin rəhbəri, Din və Demokratiya Mərkəzinin sədri Nəriman Qasımoğlu “Ekologiya və milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxış edib. “Təbiət öz sərvətləri ilə bizi bəsləyir, yaşadır, fiziki və mənəvi qüvvələrini inkişaf etdirir, eyni zamanda Tanrının dərki yollarında insana bələdçilik edir. Mükəlləf bir varlıq olan insanın dini vəzifələrindən biri də Allahın dünyada yaratdığı ilahi sahmanı qorumaq, dünyadakı gözəllikləriə biganə qalmamaqdır”, deyə ilahiyyatçı vurğulayıb. N.Qasımoğlu ekoloji problemlərlə bağlı mülahizələri Qurani-Kərimdən konkret ayələrlə əsaslandırıb. Məruzəçi bildirib ki, dinimizə görə, yaranmışların gözlə görülməyən ən kiçiyindən gözlə görülməyən ən nəhənginədək kainatda, varlıqlar aləmində hər şey Allaha səcdə edir: “Onların hər birinin üzərində Tanrı imzası var. Rəbbimiz insana tövsiyə edir ki, Onun yaratdığı gözəlliyə, ahəngdarlığa, tarazlığa diqqətlə yanaşaq. Daha sonra sonra çıxış edən DDM sədrinin müavini Vasif Sadıqlı bildirib ki, Azərbaycan incəsənətində təbiətə sevgi ilə yanaşmağın, onu qorumağın zəruriliyi haqda çoxlu nümunələrə rast gəlmək olar. “Bədii ədəbiyyatımız bizə təbiətin gözəlliyini, səltənətini, cəlalını və ehtişamını daha yaxşı dərk etməkdə kömək edir. Bir çox bədii əsərlərdə insanlardakı qorxu və mərhəmət hisslərinin canlı təbiətin qorunması üçün səfərbər edildiyinin şahidi oluruq. Ədəbiyyatımızdakı müsbət personajlar bir qayda olaraq təbiəti sevgi ilə yanaşır, onu cahil insanların şərindən qorumaq çün mübarizə aparır”. V.Sadıqlı fikirlərini “Kitabi-Dədə Qorqud” dastanları, Nizami, Füzuli və müasir ədəbiyyatımızdan gətirdiyi sitatlarla əsaslandırıb.
Daha sonra Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynova “Aktual ekoloji problemlər və qarşıda duran vəzifələrimiz” mövzusunda çıxış edərək diqqəti Bakı və Abşerondakı ekoloji vəziyyətə cəlb edib. O, mövcud ekoloji problemlər, onların həlli yolları ilə bağlı hər bir vətəndaşın üzərinə düşən vəzifələrindən danışıb. Mövzu ilə bağlı Sumqayıt Ekoloji Reabilitasiya Mərkəzinin direktoru Arif İslamzadə və icmanın üzvü Səlahəddin Əyyubov çıxış edib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Əhalinin ekoloji şüuru və tərbiyəsinə mənəvi dəyərlərin təsiri mexanizmlərinin yaradılması” layihəsi çərçivəsində keçirilir. Bundan əvvəl bu cür tədbirlər Xəzər Universitetinin “Dünya” məktəbində, akademik Zərifə Əliyeva adına məktəbdə, 189 və 190 saylı orta məktəblərdə, Şüvəlan dini icmasında gerçəkləşdirilib.