İsa Qəmbər: «Hakimiyyət yenə inadkarlıq etsə, Ictimai Palata özünün dinc kütləvi aksiyasını reallaşdıracaq»
Müsavat Partiyasının başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər APA-ya müsahibə verib. Müsahibəni kiçik ixtisarla dərc edirik.
– Ictimai Palata növbəti aksiyasını təyin edib. Aksiyanın keçirilməsinə icazə verilməsə, Ictimai Palata razılaşdırılmamış aksiya keçirəcəkmi?
– Biz təbii ki, Bakı şəhər rəhbərliyinə müraciət edəcəyik və Konstitusiya hüququmuzu reallaşdırmaq istədiyimizi bildirəcəyik. Düşünürəm ki, hakimiyyət də bu inadkarlığa son qoyub, vətəndaşların Konstitusiya hüquqlarının bərqərar olmasına imkan yaratmalıdır. Bu dəfə hakimiyyət daha düzgün qərar qəbul edə bilər. Əgər hakimiyyət yenə də israra davam edəcəksə, təbii ki, Ictimai Palata özünün dinc kütləvi tədbirlər keçirmək hüququnu reallaşdıracaq.
– Hakimiyyət-müxalifət dialoqu məsələsində hakimiyyət nümayəndələri də, müxalifət təmsilçiləri də daim dialoqa hazır olduğunu bəyan edir. Real dialoqun aparılması üçün təşəbbüs hansı tərəfdən gəlməlidir?
– Söhbət ondan getmir ki, kim təşəbbüs göstərməlidir. Söhbət dialoqa hazır olmaqdan gedir. Əslində kifayət qədər aydın görünür ki, demokratik qüvvələr bütövlükdə cəmiyyətdə, o cümlədən hakimiyyətlə müxalifət arasında dialoqun tərəfdarıdırlar. Ona görə də hesab edirəm ki, top hakimiyyət meydanındadır. Təəssüf ki, hakimiyyət dialoqa hazır görünmür. Amma hər günün öz hökmü var, bəlkə düşünüb-daşınıb, düzgün qərar qəbul edəcəklər.
– Bir müddət əvvəl AXCP ilə Müsavat Partiyası arasında müəyyən fikir ayrılığı yaranmışdı, xüsusən Ictimai Palatanın sonuncu iclasında müəyyən mübahisələr oldu. Hazırda bu iki partiyanın münasibətləri necədir?
– Normal münasibətlər var. Mitinqlərin davam etdirilməsi ilə bağlı heç bir fikir ayrılığı yox idi. Sadəcə, zaman məsələsində fərqli fikirlər səslənirdi. O da təbii proses idi. Indi artıq göründüyü kimi, növbəti mitinqin zamanı ilə bağlı da mövqelər eynidir. Yəni, hər şey qaydasındadır.
– AXCP ilə Müsavat Partiyasının birləşməsi məsələsi mətbuatda müzakirə olunarkən, Siz müxalifətin daha geniş formatda birləşməsinin tərəfdarı olduğunuzu demişdiniz. Həmin format Ictimai Palata sayıla bilər, yoxsa o təklif qüvvədə qalır?
– Mənim təklifim, istəyim demokratik düşərgənin toparlanmasıdır. Demokratik düşərgənin toparlanmasının müxtəlif variantları ola bilərdi. Görünən odur ki, Ictimai Palata formatında toparlanmaq daha uğurlu proyektdir və çox uğurla da davam edir.
– Vətəndaş Hərəkatı Forumunun təmsilçisi Qurban Məmmədov deyib ki, “səkkizlər”in – AMIP, Klassik Xalq Cəbhəsi, Ümid, Liberal, Vətəndaş və Inkişaf, Xalq Cəbhəsi, Müsavat, Demokrat partiyalarının sədrlərinin görüşündə Isa Qəmbər iştiraka razılıq vermədi. O iddia edib ki, Siz şərt irəli sürmüsünüz, Ümid Partiyasının sədri Iqbal Ağazadənin deputat mandatından imtina etməsindən sonra “səkkizlərin” görüşünün baş tutmasının mümkün olduğunu söyləmisiniz…
– Mən belə bir şərt səsləndirməmişəm. Mövzular burada bir-birinə qarışdırılır. Dediyim kimi, Ictimai Palata demokratik düşərgənin toparlanma formasıdır. Biz heç bir partiyaya, heç bir şəxsə burada yasaq qoymamışıq. Sadəcə olaraq, Ictimai Palata 2010-cu ilin noyabrında keçirilmiş parlament seçkiləri nəticəsində formalaşdırılmış parlamentin buraxılması və yeni seçkinin keçirilməsi ideyası əsasında yaranmış qurumdur. Üzvlərin Palataya qəbulu da bunun məntiqindən çıxaraq həll olunur. Bu məsələdə də bildiyim qədər Ictimai Palatanın Koordinasiya Şurasının mövqeyi kifayət qədər ortaq bir mövqedir, kəskin fərqli mövqelər yoxdur.
– ADP sədri Sərdar Cəlaloğlunun bildirdiyinə görə, Lalə Şövkət müxalifətin Müsavat Partiyası və AXCP-siz yeni birliyinin yaradılmasını təklif edib. Buna münasibətiniz necədir?
– Mən də sizin kimi bu açıqlamaları mətbuatdan izləyirəm.
– Münasibət bildirmək istəmirsiniz?
– Mətbuatda gedən bütün açıqlamalara münasibət bildirməyə ehtiyac duymuram.
– Müsavat Partiyasından gedən, lakin sonradan qayıdan şəxslərdən Adil Qeybullanın partiyada indiki statusu nədir?
– Önəmli olan odur ki, Adil Qeybulla partiyaya döndü və Müsavat da onu qəbul etdi. Qalanı texniki detallar, texniki məsələlərdir.
– Müsavat Partiyasının qurultayı deyəsən bir qədər gecikir. Bu nə ilə əlaqədardır?
– Müsavat Partiyasının qurultayı hər zaman yüksək səviyyədə keçirilib və hər zaman ictimaiyyətin diqqət mərkəzində olub. Indi də elədir. Biz qurultaya ciddi hazırlaşırıq və rayonlarda təşkilatlarımızın konfransları, yığıncaqları keçirilir. Bu proses davam edir. Təbii ki, müəyyən çətinliklər də var. Bu çətinliklərin bir hissəsi siyasi partiyalara qarşı yaradılmış maneələr, həyata keçirilən həbslərdir. Müsavat Partiyasının önəmli insanları, xüsusən Arif Hacılı, gənclər həbsdədir. Eyni zamanda, yerlərdə də bizim konfranslara, ümumi yığıncaqlara müəyyən problemlər yaradılır. Ancaq ümumən proses davam edir, rayon təşkilatlarımızın bir hissəsində konfranslar tamamlanıb. Rayon təşkilatlarının əksəriyyətində proses tamamlanandan sonra qurultayın konkret günü ilə bağlı qərar veriləcək.
– Qurultay bu ilin sonunadək keçiriləcək?
– Düşünürəm ki, mümkün qədər tez keçiriləcək. Biz ilin sonunu gözləmək fikrində deyilik.
– Müsavat Partiyasının başqanlığına ən iddialı şəxslərdən olan Arif Hacılı hazırda həbsdədir. Əgər həbsdəki şəxslər qurultaya qədər azadlığa çıxmasalar, başqanlığa namizədliklərini irəli sürə biləcəklərmi?
– Burada təbii ki, müəyyən məqamlar var. Həbsdə olmaq heç bir müsavatçının başqan seçilmək hüququnu məhdudlaşdıra bilməz. Amma biz istərdik ki, Arif bəy də, digərləri də tezliklə azadlıqlarına qovuşsunlar ki, bu prosesdə bilavasitə iştirak etsinlər.
– Keçən ilin dekabr ayında jurnalistlərlə görüşünüzdə növbəti qurultayda partiya başqanlığına namizədliyinizi irəli sürməyəcəyinizi bəyan etmişdiniz…
– Mənim mövqeyim hər müsahibədən-müsahibəyə dəyişən mövqelərdən deyil.
– Başqanlıq üçün Sizin öz namizədiniz varmı?
– Müsavat Partiyasının kifayət qədər təcrübəli, yetkin siyasətçiləri var və əminəm ki, partiya özünün ən yaxşı nümayəndələrindən birini seçəcək.
– Ordudan tərxis edilmiş oğlunuz Ilkin Qəmbərin səhhəti necədir, hazırda harada müalicə olunur?
– Artıq tədricən səhhəti qaydasına düşür. Onun səhhətindəki problemlər ürək-damar sistemi ilə bağlı o tipli problemlərdəndi ki, müəyyən ağır şəraitlərdə artır, nisbətən sakit şəraitdə isə xəstəlik sakit davam edən formada olur. Indi o, müayinə mərhələsindədir. Müayinə yekunlaşdıqdan sonra müalicənin harada, hansı formada davam etdirilməsinə qərar verəcəyik.