YAP-ın sədr müavini, icraçı katib Əli Əhmədov yenə müxalifətçi gənclərlə bağlı ənənəvi fikirlərini dilə gətirib. Ə.Əhmədov yenə bildirib ki, bəzi partiyalar gənclərdən özlərinin mənfi məqsədləri üçün istifadə edirlər. Ə.Əhmədovun məntiqincə, məhz müxalifət ətrafında birləşən gənclik səhv yoldadır. “Kim bu tələyə düşübsə, o gənclərin həyatı sınır. Biz bunu istəmirik. Istəyirik ki, onlar düz yola yönəlsinlər”, deyə o, vurğulayıb. Bundan başqa, Ə.Əhmədov əlavə edib ki, müxalifət tərəfdarı olan gənclərin fəaliyyəti onlar üçün heç bir təhlükə törətmir.
«Biz cəmiyyətimizi narahat edən problemləri gördüyümüzdən müxalifət düşərgəsində təmsil olunuruq»
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bildirdi ki, Ə.Əhmədovun vaxtaşırı bu ifadələrə müraciətini əvvələr də müşahidə ediblər. Ə.Qurbanlının fikrincə, əgər Ə.Əhmədov həqiqətən də gəncliyin durumuna yanırsa, o zaman məhz hakimiyyətin yürütdüyü yarıtmaz siyasət nəticəsində müxtəlif problemlərlə üzləşən 2 milyondan artıq gəncimizin taleyi barədə danışsın: “Hazırda cəmiyyətimizdə xeyli sayda gənc sosial, siyasi, ictimai problemlərlə üz-üzədirlər. Bütün bunlara görə isə hakimiyyət məsuliyyət daşıyır. Hakimiyyət ətrafında cəmləşən gənclik isə ədalətsizliyə göz yummaqla müəyyən imtiyazlar, mandat əldə edir. Biz isə cəmiyyətimizi narahat edən problemləri görürük, ona görə də müxalifət düşərgəsində təmsil olunuruq. Və çalışırıq ki, Azərbaycanda demokratik cəmiyyətin qurulmasında bizim də əməyimiz olsun”.
«Müxalifətçi gənclərin fəaliyyətində təhlükə görmürlərsə, niyə xeyli gənci fikirlərinə görə həbsdə saxlayırlar?»
Müsavat Gənclər Komitəsinin sədr müavini Səxavət Soltanlı da bildirdi ki, söylənilənlər Ə.Əhmədovun ənənəvi fikirləridir. Müxalifətdə təmsil olunan gənclərin Azərbaycanın firavan gələcəyi uğrunda mübarizə apardıqlarını vurğulayan S.Soltanlı qeyd edib ki, YAP ətrafında toplaşan gənclər özlərinə müvəqqəti təminatlı həyat qursalar da, tutduqları yol yanlışdır: “Müxalifəti təmsil edən gənclər sivil düşüncələri və proseslərə müstəqil baxışları ilə fərqlənirlər. Əgər Əli Əhmədov müxalifətçi gənclərin fəaliyyətlərində heç bir təhlükə görmürsə, nəyə görə Müsavat Gənclər Təşkilatının sədri də olmaqla xeyli gənci həbsdə saxlayırlar. Müxalifətçi gənclər demokratik azadlıqlar, insan hüquqları uğrunda mübarizə aparırlar. Burada qanunsuz və təhlükəli nə var ki?”.
Hikmət