Bakı sakinləri Malik Həsənovu talançılıqda ittiham edirlər
Bakı şəhəri, Neftçilər prospekti 60-61 saylı binaların sakinləri mülkiyyət hüquqlarının pozulması ilə bağlı mətbuat konfransı keçiriblər. Hüquq müdafiəçisi Ələkbər Məmmədov bu evlərin sökülməsi haqda hər-hansı sərəncam olmamasına baxmayaraq, vətəndaşların qanunla qorunan mülkiyyət hüququnun kobud şəkildə tapdandığını deyib. Burada təkcə mənzillər sökülmür, həm də sökülən mənzillərdən əşyaların oğurlanması kimi cinayət əməllərinin baş verdiyi bildirilir.
“Azinko” şirkətinin apardığı bu qanunsuz söküntülərin və cinayətlərin arxasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun və qardaşı, deputat Malik Həsənovun durduğu iddia edilir. Məsələ ilə bağlı ölkə prokurorluğuna, polis orqanlarına, ombudsmana müraciət olunsa da, hər-hansı əməli tədbir görülmür. Məsələ ilə bağlı Səbail rayon məhkəməsində iddia qaldırılıb və məhkəməyə “Azinko”nun hüquqşünası Mirəli Nurəliyev cəlb olunub. Amma bu şəxs rəhbər vəzifədə olmadığı üçün məhkəmə söküntülərə cavabdeh olan şəxsi müəyyən edə bilməyib. Sakinlər məhkəmənin aparılan söküntülərin qanunsuzluğunu bildiyi halda söküntünün dayandırılması haqda qərardad çıxarmamasına narazılıq ediblər, məhkəmənin bundan sonra sifariş əsasında qərar çıxaracağını nəzərə çatdırıblar. Bundan əlavə, iki gün öncə gecə saatlarında aparılan qanunsuz söküntünün qarşısını almaq üçün sahəyə polis çağırılsa da, ekskavator sürücüsü maşının cilovu ilə polisi yaralayıb. Bu faktla bağlı Səbail rayon polis idarəsində cinayət işi başlanıb.
Bina sakinləri olan qadınların söküntülərə mane olduqları üçün “Azinko”nun əməkdaşları Yusif Qəmbərov və Rüfət Əhmədov tərəfindən ağır söyüş və təhqirlərə məruz qaldıqlarını söyləyiblər. Ə.Məmmədov problemin həllini Azərbaycanda tapmayacağını deyərək, digər hüquq müdafiəçilərini də bu məsələyə cəlb edərək problemi beynəlxalq müstəviyə qaldıracağını deyib.