Şərlənərək həbs olunmaq da, «vətən xaini» adlandırılmaq da dost payıdır
Bu ölkədə o qədər absurdlara imza atılıb ki, insanlar səbrsizliklə yeni-yeni absurdların doğuluşunu gözləyirlər. Insafən, hökumətimiz xalqı çox intizarda qoymur və yeni “sürpriz”lərlə bizi təəccübləndirə bilir. Belə “şedevr”lərdən biri də “Ilham Əliyevin dostları” “fenomen”idir. Bir qayda olaraq ölkədə sorğular keçirilir və ölkə başçısına yeni “dost”lar tapılır.
Ötən il belə sorğular nəticəsində məlum oldu ki, Ilham Əliyev “jurnalistlərin dostu” seçilib. Bəli, azad medianın susdurulduğu, jurnalistlərin şərlənərək həbs olunduğu ölkədə, prezident “jurnalistlərin dostu” seçilir. Guya, KIVDF və jurnalistlərə hədiyyə edilən evlər bunun bariz nümunəsi imiş. Əslində isə araşdırmalar göstərir ki, KIVDF-dən yalnız “islaholunmuşlar” yararlana bilir. Verilən evlərə gəlincə, bu hadisə jurnalistlərin nə qədər ehtiyac içində olduqlarını göstərir. Yəni etiraf olunur ki, hakimiyyətin hədiyyəsi olmasa, jurnalsit maaşı ilə ev almaq mümkün deyil.
Azərbaycanda jurnalistin döyülməsi, ölkədən didərgin düşməsi, bıçaqlanması, həbs olunması, hətta öldürülməsi təcrübəsi var. Bugün də həbsdə xeyli sayda jurnalist var və onlar “siyasi məhbus” adı daşıyırlar.
Bugün heç bir mətbuat orqanı özünü dolandırmağa qadir deyil. Bunun üçün hakimiyyətin mədhi ilə məşğul olmalı, hökumətdən asılı qalaraq fəaliyyət göstərməlisən. Çünki, mətbuat yayımı məhdudlaşdırılıb, reklam bazarı yoxdur. Ola bilər ki, ölkədə azad mətbuatın olmasını “Azadlıq”ı misal gətirərək göstərməyə çalışır. Amma “Azadlıq” qəzeti Ilham Əliyevin yaratdığı şəraitdən bəhrələnərək dərc olunmur. “Azadlıq” qəzeti kollektivin fədakarlığı hesabına, işçilərin maaş almaması bahasına, köhnə avadanlıqlardan yararlanaraq dərc olunur.
Bugünlərdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da mətbuat məsələsinə toxunaraq deyib: “Azərbaycan cəmiyyəti azad medianın dadını çoxdan dadıb. Bəlkə, Avropa ölkərinin çoxundan qabaq bu dəyər Azərbaycan mediasına və onun nümayəndələrinin qəlbinə hakim kəsilib. Azərbaycanda azad media tarixi, azad demokratik cəmiyyətin uzunmüddətli ənənələri vardır”.
Bəli, Əli Həsənov haqlıdır. Azərbaycan cəmiyyəti azad medianın dadını lap çoxdan dadıb. Hakimiyyət təmsilçiləri məhv edilmiş sahələrdən danışanda həmişə keçmişə istinad etməyi sevirlər. Indiki zamanda isə cəmiyyətin həmin dadı dadmasına imkan verilmir. Hakimiyyət istəyir ki, cəmiyyət yalnız yaltaq medianın dadına öyrəşsin. Bir sözlə, Əliyevin mətbuat nümayəndələri ilə necə dost olduğunu real mənzərə sübuta yetirir.
Amma ölkə başçısının “dostluğ”u bununla da yekunlaşmır. Bugünlərdə Ilham Əliyev Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) Analitik-Sorğu Mərkəzinin keçirdiyi “sorğu”ya əsasən “QHT-lərin dostu” seçilib. 15 noyabr 2014-cü il tarixdə başlayan sorğu 24 dekabr 2014-cü il tarixədək davam edib. Sorğuda bütövlükdə 17 485 nəfər iştirak edib. Onlardan 13 694 nəfəri (78%) Azərbaycan Respublikasının prezidenti Ilham Əiyevə səs veriblər. Ikinci yerdə isə 451 səslə Gənclər və Idman naziri Azad Rəhimov qərarlaşıb.
Bilirəm, sizi də dəli gülmək tutub. Insan fantaziyasının bu qədər fontan verməsi sizi də təəccübləndirib. Çünki, ölkədə QHT-lər haqqında qanun sərtləşdirilib, müstəqil QHT-lər sıradan çıxarılıb, QHT rəhbərləri qondarma ittihamlarla həbs olunub, həbs olunmayanların bank hesabları dondurulub. Bu ölkədə prezidentin jurnalist “dost”ları kimi, QHT “dost”ları da siyasi məhbusa çevrilib. Indi QHT fəaliyyətinə görə həbs olunmuş ziyalı insanlar “vətən xaini”, “ermənipərəst” adlandırılır.
Çox, qəribə mənzərədir. Ilham Əliyevin “dost”u kimi təqdim edilən adamlar, “xuliqan”, “dələduz”, “vergidən yayınan”, “vətən xaini” kimi “fəxri adlar” daşıyır.
Göründüyü kimi, Ilham Əliyev məhv etdiklərinə dost olmaq qərarı verib. Olmayanla, danışmayanla, yazmayanla, fəaliyyət göstərməyənlə dotluq etmək… YAP hakimiyyətinin yeni kəşfidir.
Bəli, hakimiyyət “ən yaxşı dost, məhv edilmiş dostdur” prinsipi ilə addımlayır. Belə getsə, Ilham Əliyev “müxalifətin dostu”, “demokratiyanın dostu” da olacaq.
Dost seçəndə ehtiyatlı olun.
Akif