Səadət Cahangir
“Insanlar hökumətdən qorxduğu zaman zorakılıq, hökumət insanlardan qorxduğu zaman azadlıq var”. (Tomas Peyn)
Qədim yunan mifologiyasında yenilməz gücün, dönməzliyin simvolu olan Heraklın azadlığı yolunda 12 əngəl vardı. Birinin təkbaşına öhdəsindən gələ biləcəyi inanılmaz görünən əngəllərdi bunlar. Amma əfsanənin əsas qayəsi insanlara bu önəmli mesajı çatdırmaqdı əslində – özünə inandığın və azadlıqdan başqa seçimə yer qoymadığın halda hökmən qazanacaqsan. Yer, göy, torpaq, hava, su – hər şey yardımına gələcək dar macalda, ilahi bir güc çıxaracaq səni bütün keçilməz yollardan…
O üzdən Herakl həmin 12 “div” gücə qalib gəldi. Aslanla döyüşdü və onu məğlub etdi, doqquz başlı canavarı, üç gövdəli əjdahanı, buğanı, insan əti yeyən quduz quşları, kral Diomedesi öldürdü, yel sürəti ilə qaçan qızıl maralı əsir aldı, kralın 3000 öküz saxlanan 30 illik ağıllarını təmizlədi, divə bənzər azğın buğanı tutdu, savaşçı Amazon qadınlarını məğlubiyyətə uğratdı, qızıl almaları ələ keçirdi, cəhənnəmin girişində dayanan üçbaşlı köpəyi tutdu… Heraklın min illərdir tarixdə bir qəhrəmanlıq simvolu, bir əfsanə kimi yaşamasının kökündə, şübhəsiz ki, onun azadlıq savaşı durur. Insanın azadlıq arzusu heç bir halda bitmədiyi üçün, Herakl əfsanələri də dünya durduqca yaşayacaq əlbət. Yeri gəlmişkən, bu il Hollivudun “Herakl-azadlıq savaşçısı” adlı yeni bir fantastik film çəkdiyini də xatırlatmaq istəyirəm…
Indi bu ölkədə Heraklın min illər əvvəlki missiyasını “Azadlıq” yerinə yetirir desəm, kim qarşı çıxacaq? Kim deyə bilər ki, son 25 ildə bu qəzetin aşdığı əngəllər o yunan mifologiyasında təsvir edilənlərdən asan olub? Kim deyə bilər ki, bu illərdə “Azadlıq”ın savaşdığı şər qüvvələr həmin qorxunc aslanla, doqquz başlı canavarla, üç gövdəli əjdaha ilə, insan əti yeyən quduz quşlarla, kral Diomedeslə müqayisədə zəif qalır? Kim deyə bilər ki, on illər boyunca bu qədər basqılar, haqsızlıqlar, dayanılmaz şərtlər altında dirənmək, ədalətsizliyə “yox” demək, doğru yoldan sapmamaq hər igidin işi ola bilər? Kimsənin deməyə haqqı da çatmaz ki. “Azadlıq”, sözün əsl anlamında, bu ölkənin yoxdan var olan əfsanəsidir. 25 illik tarixində ideallarına dönük çıxmayan, davasında ardıcıl olan, Azərbaycan savaşını heç bir lüksə və komforta dəyişməyən insanların qəzetidir o. Ölkənin ən istedadlı qələm sahiblərini yetişdirmiş, məktəb yaratmış və cəmiyyətə böyük dəyərlər vermiş bir maarifçidir o.
“Azadlıq” prinsipləri olan bir qəzet kimi normal cəmiyyətdə tamam başqa qüsurların davasını aparardı, hər halda. Hədəflərində adi insan haqlarının davasını aparmaq deyil, daha geniş hüquqlara yol açılması, daha güclü demokratik institutların yaradılması, daha zəngin cəmiyyət üçün əsasların bərqərar olması dayanardı. Amma görünür ki, tarix bu ölkənin ən ağır sınaqlardan keçdiyi bir zamanda onun üzərinə mühüm missiya, önəmli öhdəlik qoyub. O, az qala bütün azadlıqların çərçivəyə salındığı, boğulduğu, qandallandığı məqamda kimsənin deyə bilmədiklərini açır milyonlara. Nə qədər ağır olsa da, yorulmadan, usanmadan, bezmədən sadə insanların sözünü deyir, onların pozulan haqlarını müdafiə edir. Bu cəsarətinə görə davamlı olaraq hədəf gəlsə də, güzəştə getmir, geri çəkilmir. Hələ üstəlik, xalqa durmadan “gözünüzü açın, azadlıq öz əlinizdə” mesajı verərək, yoluna davam edir.
Bu ölkənin vicdanlı insanları bilir ki, illərdir inanılmaz məhrumiyyətlər içində bir əfsanə olaraq yaşayan “Azadlıq”ın işi Herakldan daha çətindir. Həm də hər günü kralın 3000 öküzü saxlanan 30 illik ağıllarını təmizləməkdən daha çətin…