Rəhim Qazıyev
“Azadlıq” qəzetinin dünyaya gəlməsinin 25 illiyi ilə bağlı qələmi əlimə alıb “günahkar”a qəlbimnən gələn ən xoş arzularımı çatdırmaq istəyərkən xəyalım məni çox da uzaq görünməyən keçən əsrin 80-cı illərinin təlatümlü, fırtınalı sonluğuna apardı. “Azadlıq”ın arxada qoyduğu ağrılı-acılı, enişli-yoxuşlu, şaxtalı-qarlı ömür yolunu ləyaqətlə yaşamaq onun həmyaşıd həmkarlarına qismət olmadı.
“Azadlıq” dünyaya gəlməyə başladığı andan bu günə qədər təqiblərə, təzyiqlərə, təhqirlərə və amansız repressiyalara məruz qalıb. Və bu gün də ona qarşı bu qərəzli basqılar davam etməkdədir.
Xalqımız, o cümlədən mən də müstəqil media uğrunda mübarizəyə qoşulub “Azadlıq”la yanaşı irəliləməyə çalışan bir sıra özünnən razı qəzetlərin, saytların əqidələrindən necə döndüklərinin, müxalifət cildində, mahiyyətlərini dəyişərək komfort həyat xatirinə “söydükləri” haqqdan uzaq iqtidarın ilıq və ögey köksünə sığındıqlarının canlı şahidiyik.
“Azadlıq” bu 25 ildə mövcud rejimlərin ədalətli və güzəştsiz tənqidçisi olaraq öz təməl prinsiplərinə sadiq qalmaqdadır. Təməli rəhmətlik Nəcəf Nəcəfovla qoyulan bu prinsipial yol nə qədər çətin, dözülməz olsa da, onun varisləri, xələfləri bu çətin və şərəfli haqq yolçuluğunu bu günə kimi qətiyyətlə, davam etdirməkdədir.
“Azadlıq”ın elə son illərdə başına gətirilən olaylara nəzər yetirmək kifayətdir. Artıq bu qəzetin fədakar, qtiyyətli və cəsur əməkdaşlarının böyük əksəriyyəti rejimin “şər-böhtan, təqib-təzyiq, həbs” adlı repressiya maşınının amansız basqısından sınmadan, əyilmədən keçiblər. Və bu “marafonu” uğurla davam etdirirlər.
“Azadlıq”ın əməkdaşlarını sözün hərfi mənasında media aləminin avtoritetləri adlandırsaq heç də səhf etmərik.
Hörmətli Azadlıq mücahidləri, siz mübarizənin ən gərgin mərhələsindəsiniz. Təqiblərin, təziqlərin qanun və insaf tanımadığı bir təlatümlü represiyalar dolu bir dənizdə Azadlıq və ümid adası kimi fəaliyyət götərirsiniz. Xalqımız sizdən bunnan da qüdrətli, daha da mətanətli mövqe tutmağı və mübarizəni davam etdirmənizi gözləyir
Hörmətli “Azadlıq” cəbhəsinin əsgərləri, zabitləri və generalları, unutmayın ki, əlinizdə tutduğunuz “ucu iti” qələm bəşəriyyətin mövcud olduğu andan bu günə kimi icad etdiyi, vurduğu yara uzun müddət sağalmayan ən qüdrətli silahdır. Möhtəşəm silahı əlində tutan “Azadlıq”ın bütün əməkdaşlarına, onlara edilən bütün haqsızlıqlara baxmayaraq ədalətli olmağı, əsl düşməni müəyyən edib, düz gözündən vurmağınızı diləyirəm. Sizə tklif olunan yağlı “kökədən” imtina edib ağılasığmaz maddi sıxıntılar içində mənəviyyatı uca tutaraq yaşamanız və haqq uğrunda vuruşmağınız ən böyük qəhrəmanlıqdır. Çoxların mənəviyyatını onlara təklif olunan haram maddi nemətlərə sataraq qaçdığı ağır, məşəqqətli haqq yolunda Siz, “Azadlıq” mücahidlərinə böyük uğurlar və möhtəşəm qələbələr diləyirəm.
Mən bu əlamətdar gündə “Azadlıq” qəzetinin bu 25 illik fəaliyyətində onunla addımlamış, addımlayan bütün fədakar əməkdaşlarını ürəkdən təbrik edirəm, onlara daha uca zirvələri fəth etmələrini arzulayıram.