Milli Şuranın hazırda Rusiyada yaşayan üzvü Araz Gündüz “Azadlıq” qəzetini 25 illiyi ilə bağlı təbrik edib. Araz bəy facebook səhifəsində paylaşdığı təbrikdə yazır:
BƏNZƏRƏM BİR QOCAMAN DAĞA Kİ DƏRYADA DURAR!
Məncə, ulu şairimiz Sabir bu şeirini el içində işlənən “Yel qayadan nə aparar?” atalar sözünündən təsirlənərək yazıb. Sözüm bunda deyil. “Azadlıq” qəzetinin 24 dekabrda olacaq iyirmi beş yaşını ananda bu qəzet də gözümdə ulu Sabirin dediyi o, üstünə quduz dalğaların yeridiyi, ancaq sarsılmadan yerində dayanaıb duran “Qocaman Dağı” xatırlatdı.
Xalqımızın azadlıq və demokratik dəyərlərə qovuşmaq uğrunda apardığı savaşın ön xəttində, ən qorxulu səngərlərində yorulmaq, usanmaq bilmədən savaşan bir bölük insanın yaratdığı və yaşatdığı bir qəzetdir, “Azadlıq” qəzeti! Söz var deyərlər, “ağ üzlə qara üz yaman gündə bilinər”. Bugün arxalanmaq istədiyimiz çoxlu insanların ortalıqda görünmədikləri, ya da durduqları yerdən gerilədikləri bu “yaman günlərdə”, “Azadlıq” qəzetini bir addım da olsun geriləyən görmədim və bu hünərə görə onun bütün yaradıcı və qurucu heyətinə öz alqışlarımı yetirirəm.
İyirmi beş yaşı öyrəncəmiz üzrə gəncliyin ilkin və yetkinləşməyə başlama dönəmi sayırıq. Ancaq mənim üçün “Azadlıq qəzeti”: “BƏNZƏYİR BİR QOCAMAN DAĞA Kİ DƏRYADA DURAR!” Bir də, bugün Azərbaycanda yamanlıqların qaynağı kimi özünü tanıtmış, bu üzüqara iqtidarın qopardığı tozanaqların da “AZadlıq qəzetinin” yanından yel olub keçə bilməyəcəyinə ürəkdən inanmaqdayam. lap bu tozanaq bir qara yelə dönsə belə, “yel qayadan nə aparar?
Dəyərli “Azadlıq qəzetinin” – “öldü var, döndü yox” məsləki ilə yaşayan yaradıcı heyətinə də, bütün azadlıqsevərlərə də, bu yubileyə görə gözaydınlığı verirəm! Nə yaxşı, yolumuzu aydınladan, düşüncələrimizə işıq saçan belə bir gözəl və öyünüləsi qəzetimiz var!