Orxan Valehli
“Azadlıq” yeganə qəzet olub ki, haqqı tapdanan, zalımın zülmünə məruz qalan, ürəyindəki sözləri özgəsinə deyə bilməyən, körpə uşaq kimi “Azadlıq”a sığınıb, dərdini “Azadlıq”a danışıb. Mənim bu qəzetin keçmişindən danışmağa haqqım yoxdur. Ən azından, buna yaşım çatmır. Amma bunu deyə bilərəm ki, təkcə 2 ilin ərzində, onun hansı əziyyətlərə qatlaşdığının şahidi olmuşam.Mənə elə bir qəzet adı deyə bilmərsiniz ki, hakimiyyət tərəfindən 21 ildən artıq basqılara məruz qalsın və sınmasın, əyilməsin. Və ən dəhşətlisi də bu olub ki, hər zaman təkcə iqtidarın yox, “müxalifət”in də hədəfinə çevrilib bu qəzet. Hər mandat istəyən bir Əli Kərimlini, bir də “Azadlıq”ı söyüb.
Bu qəzetin rahat şəkildə fəaliyyət göstərməsi, çox qısa olub. Bu qısa zaman istisna olmaqla, o çox haqsızlıqlara məruz qalıb. Və ən əsası da budur ki, heç bir hakimiyyət dəyişikliyi, onun fəaliyyətində dəyişikliyə səbəb ola bilməyib. Onun sevdiyi və prinsipi “ağ və qara” rəngdən ibarət olub.Pisi pis kimi, yaxşını yaxşı kimi çatdırıb.Mən əminəm ki, bundan sonra da belə olacaq.
Biz oxucular, oxuduğumuz qəzetin pulunu verməkdən başqa nə etmişik ki. Hələ elə vaxtlar olub ki, bunu da edə bilməmişik. Hakimiyyət tərəfindən yaradılan süni borclarla da onu susdura bilməyiblər.Bir qəzetə görə ona borcu olan bir şirkəti belə bağlamaq istəyirlər. Bu heç bir yerdə görünməyib. Bu qəzetin ilk sayına da, bu günkü sayına da baxsaq görərik ki, aradakı bu 25 il, sanki heç ötüb keçməyib. Qəzet ilk sayında necə vardısa, elə də qalıb. Haqqı deyən, haqq carçısı belə də olmalıdır. “Azadlıq” yalnız qəzet kimi fəaliyyət göstərməyib.Mən heç onu cansız əşya kimi də qəbul etmirəm. O, sanki bir canlıdır və insanda elə təsəvvür yaranır ki, sən sussan da, o heç vaxt susmayacaq.Yazarı olmasa belə, qəzet özü dilə gəlib danışacaq.
“Azadlıq”qəzetinin ayaqda qalması üçün çalışan hər bir kəsi təbrik edirəm. Hal-hazırda qəzetdə çalışmayan, amma vaxtilə bu qəzetin ayaqda qalması üçün çalışan hər kəsi təbrik edirəm. Bura oxucular da daxildir.Bir qəzetin oxucusu olmasa, onun varlığı və yaxud da yoxluğu kimisə maraqlandırmaz. Hal-hazırda qəzetdə çalışan, qəzetin baş redaktoru Qənimət Zahidi, Rahim Hacıyevi, İlham Hüseyni, Əli Rzanı və digərlərini təbrik edirəm. Adını çəkmədiklərimdən də üzr istəyirəm. Yaşımın az olmasına və tanımadığıma bağışlasınlar. Inşallah “Azadlıq” 25 yaşın deyil, 250 yaşın qeyd edər. O zaman bizlər olmasaq da olar.Bir az qeyri -ciddi olsa da, heç olmaq fikrimizdə yoxdur. Biz “kral” deyilik ki, ölməyəcəyimizə inanaq. Yaşa, var ol “Azadlıq”.