Repressiyalara görə artan təzyiqlər, həm də xarici siyasətin iflasa uğradığını sübut edir
Artıq dünya aydınlaşma dövrünə qədəm qoyub. Dünənə qədər gizlədilə bilən, yanlış təqdim edilən nə varsa, bu gün aşkara çıxır və həqiqət öz yerini tutur. Azərbaycanda da eyni proses gedir və hakimiyyətin anti-demokratik olması, bütün bəşəri dəyərlərdən imtina etdiyi dünyaya məlumdur.
Indi demokratik dünya ilə soyuq münasibətin olduğunu, dünyanın bu hakimiyyətdən imtina etdiyini, hakimiyyətdəkilərin özləri də etiraf edirlər.
Diqqət edirsinizsə bütün tədbirlərdə Qərb hədəf alınır, Azərbaycana qarşı ikili standartların hökm sürdüyü bildirilir. Son olaraq isə ölkə başçısı Ilham Əliyev Sabirabadda “Asan xidmət” mərkəzinin açılışında iştirak etdi və “Qarabağ” klubunun kollektivi ilə görüşdü.
Görndüyü kimi bu hadisələrin heç biri siyasi məsələlərlə bağlı deyil. Amma Ilham Əliyev hər iki görüşdə ənənəvi yanaşmasından imtina etmədi. “Əfsuslar olsun ki, ədalətsizlik hələ ki özünü müxtəlif sahələrdə büruzə verir, o cümlədən siyasi aləmdə. Biz – gənc, müstəqil Azərbaycan dövləti də bəzi hallarda ədalətsizliklə, ikili standartlarla, ayrı-seçkiliklə üzləşirik. Bizim uğurlu inkişafımızı həzm etməyən, uğurlarımıza kölgə salmaq istəyən bəzi xarici dairələr var ki, Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq üçün ardıcıl şəkildə səy göstərirlər. Ancaq bu səylərin heç bir nəticəsi yoxdur. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ancaq belə cəhdlər var. Ikili standartlar göz qabağındadır. Əfsuslar olsun ki, indi ikili standartlar dünya siyasətinin standartlarına çevrilmişdir”- deyə Ilham Əliyev bildirib.
“Qarabağ” klubunun kollektivi ilə görüşdə də eyni məqamlara toxunulub, kənar qüvvələrin təsirindən söhbət açılıb.
Sanki, bütün görüşlərdə “xarici qüvvə”lərdən danışmaq “protokol” qaydasına çevrilib.
Son zamanlar isə bu ritorika sürətlənib. Ilham Əliyevin bu məqamları hər dəfə qabartması bəzi mətləblərə aydınlıq gətirir. Əvvəla, aydın olur ki, anti-Qərb siyasəti hakimiyyətdəki ayrı-ayrı dairələrin şəxsi təşəbbüsü deyil və birbaşa ölkə başçısının mövqeyidir.
Ikinci məqam ondan ibarətdir ki, Ilham Əliyev rayon səfərlərində də ölkənin inkişafını, neftin qiymətinin ucuzlaşmasının narahatlıq doğurmadığını, xarici qüvvələrin təsirinin önəmsiz olduğunu vurqulamaqla komandaya və əhalinin həssas təbəqəsinə təsəlli verməyə çalışır.
Aydın olan başqa məqam budur ki, Ilham Əliyev və komandasının dünyadan şikayətçi olması, Qərbi ikili standartlarda günahlandırması, xarici siyasətin ifşasından xəbər verir. Dünənə qədər “bütün dünya bizimlə hesablaşır”, “bizsiz heç bir layihə reallaşmır”, “bütün dünya ilə isti münasibətlər qurmuşuq” deyən adam, indi səsləndirdiyi fikirlərlə bunu inkar edir. Məlum olur ki, 21 illik siyasət, Azərbaycanı dünya ilə düşmən edib. Hakimiyyət öz şəxsi maraqlarına görə, dünya ilə münasibətləri gərginləşdirib və Azərbaycana sanksiya tətbiq edilməsi gündəmə gəlib. Hətta dünənə qədər hakimiyyəti dəstəkləyən təşkilatlar da açıq ifşadan sonra geri çəkiliblər. Indi beynəlxalq tribunalardan Azərbaycan hakimiyyəti kəskin tənqid olunur. Şəxsən Ilham Əliyev çətin suallar qarşısında qalır və beynəlxalq mətbuatın hədəfinə çevrilir. Vəziyyət o həddə çatıb ki, Ilham Əliyevlə görüşən adamlar da öz ölkələrində qınaq obyektinə çevrilirlər.
Repressiyaların güclənməsi, vətəndaş cəmiyyətinin sıradan çıxarılması, müxalifətin susdurulması, azad mətbuata basqılar, hakimiyyətə qarşı beynəlxalq təzyiqi artırıb.
Bütün bunların qarşılığında isə hakimiyyət müsbət nəticə çıxarmağa deyil, dünya ilə düşmən olmağa üstünlük verir.
Bir sözlə Ilham Əliyevin səsləndirdiyi fikirlər hakimiyyətin narahatçılığını və dünyadan təcrid olunmuş duruma düşməsini ifadə edir.
S.Novruz