Fuad Qəhrəmanlı: «Malinovski açıq bəyan edir ki, ABŞ-la münasibətlərin inkişaf prespektivi birbaşa hakimiyyətin demokratiya, insan haqları sahəsində tutacağı mövqeyə bağlıdır»
ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovski “Azadlıq” radiosuna müsahibəsində iki dövlət arasındakı əlaqələrə dair maraqlı fikirlər səsləndirib.
Hazırda Azərbaycanın yüksək rəhbərliyi səviyyəsində iki ölkə münasibətləri ilə bağlı ciddi müzakirələrin aparıldığını deyən Malinovski vurğulayıb ki, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyətini boğmaqla müstəqillik qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükəyə qoyur: “Iyirmi ildən artıqdır Azərbaycan ABŞ-la kifayət qədər yaxşı münasibətlərdə olub. Bəzən aramızda insan haqları məsələri də daxil olmaqla müəyyən mövzularda fikir ayrılığı yaranıb. Amma həmişə münasibətlərin ABŞ-ın və xüsusilə Azərbaycanın xeyrinə olan vəziyyətdə qalmasına nail olmuşuq.
Son aylarda Azərbaycanda baş verənləri başa düşmək ABŞ-a çox çətindir. Bu addımlar bizim münasibətləri sual altına qoyur. Hazırda biz Azərbaycan hakmiyyəti ilə müzakirələrdə onlara bunu imkan daxilində aydın çatdırmağa cəhd edirik”.
ABŞ rəsmisinin sözlərinə görə, münasibətlərdə növbəti addımın necə olacağı məsələsi Azərbaycan hakimiyyətinin əlindədir.
Maraqlıdır ki, dövlət başçısı Ilham Əliyev Sabirabadda ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılışında yenə Qərbin ünvanına bir sıra mesajlar səsləndirib: “Azərbaycan öz yolu, müstəqillik yolu ilə gedir. Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində olmuşuq. Biz müstəqil siyasət aparırıq. Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Biz heç kimin diktəsi ilə oturub durmuruq və oturub durmayacağıq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, ABŞ rəsmisinin bu fikirləri Ramiz Mehdiyevin son məqaləsində antiAmerikanizmə qarşı irəli sürülən ittihamlara bir cavabdır. F.Qəhrəmanlının sözlərinə görə, Malinovski açıq şəkildə bildirir ki, ABŞ Azərbaycanla münasibətlərdə ölkəmizin maraqlarının qorunmasına həmişə çalışıb və qarşılıqlı münasibətlərdə bu bir prinsip kimi nəzərdə tutulub: “Yəni Azərbaycan hakimiyyəti tərəfindən iddia olunduğu kimi ABŞ heç zaman ölkəmizdə sabitliyi pozmağa, ölkəmizdə destruktiv yollarla ABŞ-ın dövlət maraqlarını həyata keçirməyə cəhd göstərməyib. Ikitərəfli münasibətlər qarşılıqlı faydalıq prinsipinə söykənib və hər iki tərəfin maraqlarına uyğun olub. Münasibətlər pisləşməmişdən öncə də hakimiyyət ABŞ-Azərbaycan münasibətlərini iqtidarın uğuru kimi təqdim edirdi. Bir vaxtlar Səməd Seyidovun başçılığı ilə Amerikaya gedən nümayəndə heyəti ABŞ-dan yardım istəyir, hakimiyyət adından danışaraq ABŞ-la münasibətlərin daha da inkişafını arzuladıqlarını bildirirdilər. Bu onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərində ölkəmizin maraqlarına zidd bir şey yoxdur”.
Münasibətlərdəki gərginliyin Azərbaycan hakimiyyətinin insan haqları sahəsində nümayiş etdirdiyi siyasətdən qaynaqlandığını deyən F.Qəhrəmanlı bildirdi ki, münasibətlərin pozulmasının səbəbi ABŞ-ın yürütdüyü siyasət deyil. Səbəb Azərbaycan hakimiyyətinin öz vətəndaş cəmiyyətini boğmaq cəhdləri, repressiv addımlarıdır: “Bu baxımdan Malinovski açıq bildirir ki, vətəndaş cəmiyyətinin boğulması cəhdləri münasibətləri təhlükə altına alıb. Yəni Azərbaycanla münasibətlərin korlanmasının səbəbi Azərbaycan hakimiyyətinin demokratiya, insan haqları sahəsində yürütdüyü siyasət, vətəndaş cəmiyyətinə qarşı olan münasibətləridir”.
Hakimiyyətin yürütdüyü repressiv siyasəti dayandırmasının təkcə Qərbin deyil, Azərbaycan xalqının da tələbi olduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, insan haqlarına qarşı aparılan repressiv siyasət ilk növbədə Azərbaycan xalqının maraqlarını təhlükə altında qoyur: “Bu siyasət Azərbaycanın beynəlxalq imicinə zərbə vurur. Bu baxımdan vurğulanan məqamlar münasibətlərdə yaranmış problemlərin mahiyyətinə aydınlıq gətirir. Açıq görünür ki, ABŞ üçün insan haqları, demokratiya məsələsi inkarolunmaz, güzəşt edilməyən prioritetə çevrilib. Münasibətlərin inkişaf prespektivi birbaşa Azərbaycanın demokratiya, insan haqları sahəsində tutacağı mövqeyə bağlıdır. O baxımdan hesab edirəm ki, müsahibə pozitiv mövqeyi ifadə edir və cəmiyyətə pozitiv mesaj verir. Mesaj ondan ibarətdir ki, Azərbaycan xalqı və demokratik qüvvələr demokratiya məsələsinin beynəlxalq aləmdə alver predmetinə çevrilməyəcəyinə əmin olsunlar. Artıq beynəlxalq birlik və ABŞ bu məsələdə birmənalı mövqeyini ortaya qoyub”.
Xəyal