Çevriliş real olubsa, sabiq nazirlərə qarşı ittihamlar niyə dəyişdirilib?
Keçmiş maliyyə naziri Fikrət Yusifov 2005-ci ildəki “çevriliş şou”sundan danışıb. O, virtualaz.org-a müsahibəsində həmin vaxt həqiqətən də dövlət çevrilişi planlaşdırıldığını iddia edib. “O zaman mən özüm xəyanətin qurbanı oldum. Məni o vaxt deputatlığa namizədlərdən birinə dəstək vermək üçün Bakıya dəvət etmişdilər. Lakin bura gələndən sonra əslində nələrin baş verdiyini görəndə anladım ki, ölkənin təhlükəsizliyinə ciddi təhlükə var.
Dövlət çevrilişi təhlükəsi onda real idi. Mən də dövlətçiliyə sadiq adam kimi bunu o dəqiqə hesabladım. Bu, əsl və böyük bir xəyanət idi…”, – deyə keçmiş nazir bildirib.
Xatırladaq ki, 2005-ci ildə sabiq səhiyyə naziri Əli Insanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı Rafiq Əliyev, Prezident Administrasiyası işlər idarəsinin sabiq müdiri Akif Muradverdiyev dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs ediliblər. Onların həbsi həm də Fikrət Yusifovun ifadələri əsasında həyata keçirilmişdi. Sabiqlər bir il dövlət çevrilişi ittihamı MTN-nin təcridxanasında saxlanıldılar. Lakin sonradan onlara qarşı vəzifə cinayətlərilə bağlı ittihamlar irəli sürüldü. Dövlət çevrilişi ittihamı isə bir kənara atıldı.
Indi Fikrət Yusifov iddia edir ki, dövlət çevrilişi real olub. Əgər doğrudan da beləydisə adıçəkilən şəxslər dövlət çevrilişi planlaşdırmışdılarsa nə üçün onlar bu ittihamla mühakimə olunmadı?