Qarabağ əlilinin şikayətləri icraata götürülmür
Qarabağ əlili-jurnalist kimi “Azadlıq” qəzetində 13 il öncə ƏƏSMN-in işini tənqid etdiyinə görə bu sətirlərin yazarı on illərdir təqib olunur. Nazirliyin keçmiş, Nizami RIH-in indiki şöbə müdiri Əli Axundov “Yeni Azərbaycan”, “Səs” qəzetlərində xidmət etmək vəzifə borcu olan müharibə əlilinə qarşı kampaniya aparıb və yenə də aparmaqdadır.
On il öncə əlilləri Qarabağ əlilinə qarşı qanunsuzluğa təhrik edən məmur indi Nizami RIH-in vəzifəli şəxslərini əlilə qarşı səfərbər edib. Nə Mətbuat Şurası, nə məhkəmələr əlil-jurnalistin şikayətlərinə baxır. Mətbuat Şurası susqunluqla işini bitmiş sayırsa, məhkəmə hakimiyyəti özünü məmurun vəkili kimi aparır. Fikir verin, bir il öncə Nizami məhkəməsinə verdiyim xüsusi ittiham qaydasında şikayəti hakim Ramil Həsənov “Yeni Azərbaycan” qəzetinin Yasamal rayonundakı nəşriyatda çap olunması nədənindən (??)aiddiyyəti üzrə(??) Yasamal Rayon Məhkəməsinə göndərib. Orada Sərdar Mehrəliyev bilərəkdən iclasa bildirişi onun vaxtından hər dəfə bir həftə sonra göndərməklə məhkəmə təminatı hüququma qadağa qoyub və qəzetdən çıxarışın surətinin əlavə olunması nədənilə(??) icraata götürməkdən imtina edib. Bakı AM-in cinayət kollegiyası da bu qanunsuzluğu qüvvədə saxlayıb. Kassasiya şikayətinə isə hakim Əli Seyfəliyevin sədrliyi ilə 25 yanvar 2014-cü ildə baxılacaq. Icraatdan imtina edildiyindən yeni ərizə ilə Nizami məhkəməsinə şikayət etsəm də, ümumiyyətlə, heç bir bildiriş verilmədən, təqsirləndirilən şəxsin kimliyi belə göstərilmədən Elnur Nuriyev icraatdan imtina edib ki, cinayət tərkibi yoxdur.Maraqlıdır,eyni məhkəmə həm cinayətin Yasamalda baş verdiyini əsas tutub aiddiyəti üzrə göndərir, həm də cinayət olmadığını qərara alır? E.Nuriyevin saxta qərarından apelyasiya şikayətimə hələ cavab yoxdur. Amma mən hələ də hüquq, qanun çərçivəsində pozulmuş hüququmun bərpasını tələb etməkdəyəm. Bu yol “Yeni Azərbaycan” və “Səs” qəzetlərinin Səbail rayonunda yerləşmələrini əsas tutub Səbail məhkəməsinə şikayət verdim. Hakim Aytən Əliyeva 09 dekabr 2014 tarixli iclasa bildirişi onun vaxtından bir gün sonra – 10 dekabrda verdiyindən iştirak etməyim mümkünsüz oldu. Növbəti iclas 16 dekabrda keçirildi və məhkəmə heç bir səbəb göstərmədən şikayətimin və ona əlavə etdiyim 500 min manatlıq mülki iddiamın icraata götürülməsindən imtina etdi. Bu qərardan da təbii ki, şikayət verəcəyəm. Amma məni, bütün AZADLIQsevənlər kimi bir şey maraqlandırır: necə olur, məmur (hakimiyyət) qəzetlər(in)də vətəndaşı təhqir edəndə nə qəzet, nə də yazarlar cəzalandırılmır, şikayət heç icraata da götürülmür, amma məmuru AZAD(LIQ) qəzetdə tənqid edəndə qəzet də, yazar da az qala bütün kollektiv də cəzalandırılır? Hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi budur? Bir anlıq yazıda adı çəkilən qəzetlərin yerlərini dəyişsək, görün nə baş verər? Başqa sözlə, AZADLIQa qarşı iddia qaldırsaydım, gözüyumulu icraata götürəcəkdilər. Özümə, AZADLIQıma qarşı iddia qaldırım? Mən AZADLIQ dəlisiyəm, mandat dəlisi yox…
Məğrur Bədəlsoy, Qarabağ əlili, jurnalist