Dərman bazarı deputatın idarə etdiyi şirkətin monopoliyasındadır
Milli Məclisin son iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişikliklər zamanı deputat Vahid Əhmədov bildirmişdi ki, bu, xalqın ən ağrılı yerlərindən biridir: “Bu yaxınlarda şəhərin bir yerindən 12 manata aldığım dərmanı başqa bir yerdə mənə 24 manata təklif etdilər.
Bəzi ölkələrdə dövlət qeydiyyatında olan dərmanlara həm yuxarı qiymət, həm də aşağı üçün hədd qoyulur. Azərbaycanda isə dərman monopoliyadadır. Dərmanları gətirən xüsusi qruplar qəsdən baha qiymətə satırlar. Qanuna düzgün dəyişiklik olmalı və qiymətlər aşağı düşməlidir. Bu qanun üzərində birdə işləmək lazımdır. Mən bu qanun layihəsinə bitərəf qalıram və bunun üzərində işləmək lazımdır”.
Deputat Cavanşir Feyziyev isə dərman sahəsində monopoliyanın olmadığını iddia etmişdi: “Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə nisbətdə bahadır. Bunu inhisarçılıqla əlaqələndirirlər. Amma belə deyil”.
Cavanşir Feyziyevin belə danışması təbiidir. Çünki o, dərman bazarında monopolist şirkət olan “Avromed”i idarə edir. Bu şirkətin hakim ailəyə məxsus olması barədə iddialar var.
Dərman biznesi əvvəllər ölkə başçısı Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevin inhisarında olub. Bazarda məhz Aqil Əliyevə məxsus “Riad” şirkəti hegemonluq edirdi. Lakin bir neçə il əvvəl “Riad”ın hegemonluğuna son qoyuldu. Bazar “Avromed”in nəzarətinə keçdi. “Riad”a isə yalnız 100 apteki dərmanla təmin etmək haqqı tanındı.