Vətəndaşa nifrət o qədərdir ki…
Artıq bütün dünya Azərbaycan hakimiyyətinin mahiyyətini əzbər bilir. Ölkədə siyasi məhbusların olduğunu, insan haqlarının tapdandığını, seçkilərin saxtalaşdırıldığını kiməsə sübut etməyə ehtiyac yoxdur. Əksinə, dünyanın müxtəlif yerlərindən daha tutarlı faktlar, daha ağır ittihamlar gəlir.
Mövcud hakimiyyət isə tənqidçilərini, işıqlı adamları, savadlı gəncləri düşmən cildində görür və imkan düşdükcə bu adamlardan qisas alır.
Sanki, dünyadan təzyiqlər artdıqca, maskaları cırıldıqca bunun acığını öz vətəndaşlarından çıxarırlar. Təbii ki, 20 ildir ölkə ictimaiyyəti ilə qəddar davaranış, insanların sosial bataqlığa sürüklənməsi ən böyük qisas əməliyyatıdır. Məhz bunun sübutudur ki, dünyanın 4 tərəfində milyonlarla vəsait xərcləyən hakimiyyət, öz vətəndaşına qəpik-quruş verir.
Amma qisas əməliyyatı bununla da bitmir. Əvvəlcə, siyasi fəalların özlərini həbs edirdilər. Indi öz mübarizəsindən dönməyən adamları yaxınları ilə şantaj edirlər.
Əvvəlcə AXCP sədri Əli Kərimlinin qayınını şərləyərək həbs etdilər. Daha sonra partiyanın fəal üzvü Təzəxan Mirəmliyə qarşı iyrənc kampaniya başladı və nəticədə azyaşlı oğlu təxribata çəkilərək həbs olundu. Bugünlərdə AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi Asif Yusifli ağır əməliyyatdan sonra siyasi sifariş əsasında həbs olundu. Bu həbs nə hüquqa, nə də əxlaqa uyğun gəlmir. Əsa ilə gəzən qazini zindana salacaq qədər ləyaqətsizlik edildi. Daha sonra AXCP Təşkilat Komitəsinin sədri Rafiq Daşdəmirlinin oğlu şərlənərək həbs olundu və atanın qisasını oğuldan almaq qərarına gəldilər.
Amma reallıq onu göstərir ki, hakimiyyət həbs etməklə də qisasdan vaz keçmir. Bütün dünyanın tanıdığı, həyatını insan hüquqları müdafiəsinə həsr etmiş Leyla Yunus qondarma ittihamlarla həbs olundu. Həbs müddətində müəyyən təzyiqlərə məruz qaldı, onsuz da ciddi problemlər olan səhhəti daha da ağırlaşdı. Amma hakimiyyət bununla da kifayətlənmədi. Bugünlərdə 60 yaşlı Leyla Yunus karserə salındı. Bəli, bu “qüdrətli” hakimiyyət, xəstə və yaşlı qadınla mübarizəsini həbsxanada da davam etdirir və ikiqat qisas əməliyyatı aparır.
Daha sonra ilahiyyatçı alim Tale Bağırzadəyə qarşı təxribat hazırlandığı məlum oldu. Bu vicdanlı və əqidəli insan “ölüm və əfv yazmaq arasında qalsam, ölümü üstün tutaram” dediyinə görə hakimiyyətin qəzəbinə gəlib və həbsxana divarları arasında da onu rahat buraxmırlar. Başqa ilahiyyatçı alim Hacı Mövsüm Səmədov da eyni münasibətlə qarşılaşdı. Əfv yazmadaığına görə onu da karserə salırlar, psixoloji təzyiq edirlər.
Həbsdə olan NIDA-çı gənc Ilkin Rüstəmzadə isə hakimiyyətin iyrənc mahiyyətini daha sərt şəkildə ifadə etdi. O Apelyasiya Məhkəməsində belə də dedi: “Elə bir vəziyyətə salınmışam ki, erməni əsirliyində olan soydaşlarımız Dilqəm və Şahbaza həsəd aparıram”.
Hakimiyyətin bu insanlara nifrəti o qədərdir ki, bu adamları o qədər təhlükə sayırlar ki, onlarla erməni əsiri kimi davranırlar. Əslində, bu münasibət yalnız müxalif fəallara qarşı törədilmir. Bu, Azərbaycan vətəndaşına hakimiyyətin münasibətidir.
Bu adamları şərləyib həbs etməklə böyük cinayətə imza atan hakimiyyət, bu adamlara işgəncə verməklə ikiqat qisas həyata keçirir.
Belə bir hakimiyyətin xalq adından danışmağa haqqı yoxdur. Indi bütün dünya görür ki, hakimiyyət ölkənin ən ləyaqətli insanları ilə düşmən əsiri kimi davranır.
Amma bu ölkədə də ədalət bərqərar olacaq və bu gün hakimiyyətin girovuna çevrilmiş vicdanlı adamlar həqiqi qiymətini alacaq.
Akif