Coğrafiya Institutunun şöbə müdiri Mingəçevir və Şəmkirdə sürüşmə barədə xəbərdarlıq edir; ekoloqlar onunla razılaşmır
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya Institutunun şöbə müdiri Nəriman Paşayev ölkədə sürüşmə təhlükəsindən danışıb. O, hazırda Mingəçevir, Şəmkir, Varvara su anbarları, Mingəçevir su elektrik stansiyası, Mingəçevir istilik elektrik stansiyası və Varvara su elektrik stansiyası ətrafında sürüşmə ehtimallarının olduğunu deyib.
Nəriman Paşayevin sözlərinə görə, sürüşmə prosesləri Azərbaycandakı strateji obyektlərə də çox təsir göstərə bilər: “Mingəçevir və Şəmkir su anbarlarının ətrafında əvvəlcədən möhkəmləndirmə işləri aparılmadığından hazırda burada – Bozdağın ətəyi ətrafında, haradasa 20 hektardan çox ərazidə sürüşmə ehtimalı var. Mingəçevir və Şəmkir su anbarlarının ətrafında, Mingəçevir su anbarından Qarabağ kanalına çıxan ərazidə indiyə qədər bir neçə dəfə sürüşmə qeydə alınıb”.
Nüriman Paşayev bildirib ki, bu ərazilərdə sürüşmələrin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən tədbirlər görülüb. Ancaq həmin tədbirlər tam yetərli deyil, çünki ərazidə daha böyük işlər görülməlidir: “Qarabağ kanalı ətrafında, haradasa 40 hektar ərazidə sürüşmə ehtimalı yaranıb. Buna görə də orada 10-15 km ərazidə sürüşməyə qarşı mübarizə tədbirləri görülməlidir”.
O, qeyd edib ki, Varvara su anbarının ətrafından gündə demək olar ki, 30-40 maşın qum daşınır. Bu da ərazinin getdikcə boşalmasına səbəb olur. Institut rəsmisinin sözlərinə görə, hazırda sürüşmə ehtimalları anbarın ətrafında yaranıb. Amma bu cür proseslər davam edərsə və bunun qarşısı vaxtında alınmazsa, sürüşmə prosesinin anbarların özünə qədər çatması ehtimalı var. Nəriman Paşayev deyib ki, Mingəçevir, Şəmkir, Varvara su anbarlarının ətrafında qum daşınmaları dayandırılmalıdır.
Lakin ekoloq Telman Zeynalov bu fikirləri bölüşmür. O bildirib ki, su elektrik stansiyalarının ətrafından qum daşınması fikri həqiqətə uyğun deyil: “Kimsə yol verməz ki, bu yolla stansiyaya təhlükə yaransın və işıq problemi yaşansın. Mən bugünlərdə Mingəçevirə gedəcəm və orada görülən işlərlə tanış olacam. Biz istəmərik ki, hansısa formada insanlar əziyyət çəksin və onlara təhlükə yaransın. Dövlət bir işi həyata keçirəndə geoloqlar, hidroloqlar, torpaqşünaslar, hidrotexniklər və ekoloqlardan ibarət mütəxəssislər cəmləşir və ümumi fikir mübadiləsindən sonra işə başlanılır”.
Mingəçevirdə yaşayan, ekoloji məsələlər üzrə mütəxəssis Çingiz Nəzərov də bölgədə heç bir təhlükənin olmadığını bildirir. Deyir ki, Mingəçevir su elektrik stansiyası gündəlik iş rejimində çalışır. Ekoloq orada hansısa konkret, fundamental bir dəyişiklik olmadığını vurğulayaraq, panikaya heç bir əsas görmür: “Stansiya ətrafında xırda və adi şeyləri bəzi adamlar böyüdür. Orada hansısa sürüşmə prosesi yoxdur ki, ciddi bir problem kimi təqdim olunsun”.
Xatırladaq ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə bir müddət öncə Mingəçevir su anbarında səyyar müşavirə keçirilib. Müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub.
Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər Icra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən səyyar müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub. Eləcə də Yaponiyanın “Oyo” şirkəti və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji Institutunun mütəxəssislərinin təqdimatları dinlənilib.
Nigar